Üzeyir Hacıbəyli

Xəbərdarlıq (III)

Dünənki məqaləmizdə ixtar surətində ərz olundu ki, biz öz millətimizi baqi saxlamaq, istiqbalımızı təmin etmək üçün var qüvvəmizi elm və maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından məsun saxlaya bilək.

Hal-hazırda bizim maarif işimiz, ümumiyyətlə, fəna bir haldadır. Realni, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsulluğudur. Şəhərlərimizdə və bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə, bunlarda da baxüsus kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəbləri, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda vermir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmurlar. Və bir də bu məktəblər heç bir yolla əhalini rəğbətləndirə bilmirlər. Biləks, çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur.

O ki qaldı milli məktəblərimizə, əvvəla, onların ədədləri çox azdır və saniyən, bu məktəblər dəxi iqqizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-tamahı olub, varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücü ilə tərəfkirlik edib, yalandan tərçümə etməklə günahsız kəndlinin haqsız tənbih və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən, milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuşdu. Lakin onlar, nədənsə, ana dili məsələsi ilə rus dilini bir-birinə qatışdırıb, araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.

Bundan başqa, milli məktəblərimiz kənd uşaqlarına kəndçiyə lazım olan sənət və peşələri mümkün qədər gözəlçə öyrətməlidir.

Çox heyflər olsun ki, o cürə milli məktəblərimizin heç birində ziraət və fəlahətə dair heç bir şey öyrədilmir. Rus dili ana dilimizi basar deyənlər, Əgər doğrudan da, ana dilinin tərəqqi və tərvici tərəfdarlarıdırlarsa işin burasına diqqət yetirməlidirlər ki, bizim ana dilimiz o vaxt tərvic tapar ki, haman dildə müxtəlif ülum və fünun oxunsun. Bir kəndli üçün lazım olan ülum və fünun isə onun çöl işinə xidmət edən elm və fənlərdir. Əgər milli məktəblərimizdə həmin elm və fəndən öz ana dilimizdə şagirdlərə kafi qədər məlumat verilsə, heç bir rus və ya qeyri bir dil ana dilimizi basa bilməz.

Bu gün milli kənd məktəblərimizin proqrammasına diqqət yetirilsə, məlum olar ki, əgər haman məktəblər o halda davam edəcək olursalar, genə çox az mənfəət verəcəkdirlər. Kəndli üçün oxumaq və yazmaq, yəni savaddan və bir də dövlət dilini bilib, bəzi lazımlı qəvaninə aşina olduqdan sonra öz peşəsini dürüst bilmək lazımdır. O səbəbə görə kəndli məktəblərində bağçavanlıq, bostançılıq, arı saxlamaq, barama becərmək, dülgərlik, əkin əkmək sənətlərini tədris etməlidir.

Bu sənətlərdən bol və gözəl mənfəət almaq üçün təzə üsul- qaydalar kitablarda yazılıb, mövcuddur və bu yolda günü- gündən təzə ixtiraatlar eşidilməkdədir. Nədəndir ki, məsələn, Gəncə ətrafında olan nemsə koloniyalarının kəndliləri hamısı varlı, dövlətli və bizim bir çox şəhərlərimizdən təmiz və abadlıq bir kəndə malik olub küçə və qapılarını elektriklə tənvir edirlər, amma bizim kəndlərimiz- xaraba yerlərə dönüb viranələrində it ulayır? Çünki haman nemsələr, bizim kənd mollaları tərəfindən qarın və cib mülahizəsi ilə təlin və təkfir edilən ülum və fünuni-cədidəni öz milli məktəblərində oxudub kəndçilik sənətini təzə məhsuldar və asan üsulla bilirlər və işlərində tətbiq edib, bol-bol məhsul alırlar. Bizim milli məktəblərimiz isə "mrakobesiye" proqramını ittixaz edib, tənviri-əfkara xidmət etmirlər. Bir çox kəndlilər öz uşaqlarını məktəbə qoymurlar ki, uşaq çöl işi üçün lazımdır. Bir surətdə ki, məktəb haman çöl işini uşağa gözəlcə öyrədə və atası uşağın elmindən mənfəət götürə, o ata övladının oxumamağına razı olarmı? Elm və maarifin fəzilətini kənd əhlinə nəsihət ilə qandırmaq çətindir, ona göz ilə göstərmək lazımdır. Kəndli bir o qədər zəhmət və məşəqqətlə becərdiyi baramanın, taxılın, arının, bağ və bostanın məktəbdə öyrənilən təzə üsul sayəsində iki-üç qat artıq məhsul verdiyini gözü ilə gördükdə məktəbi özü üçün bir mənbəyi-nicat bilməzmi? Və "elmi-cədidə haramdır" sözünə baxarmı?

Qərəz, biz gərək məktəblərimizi elə halda saxlayaq ki, camaat məktəbin nəfini görüb anlayıb, övladını canü dillə oxutsun.

Və bir də milli məktəblərimizdə təlim və tədrisə məşğul olan müəllimlər məsələsi də təmimi-maarif işində ən böyük məsələlərdən biridir. Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən o cürə də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar. Zatən bizim oxumuşlarımızın da bu gün hamını məyus edən bəzi pis-pis əməllərinə səbəb onların uşaqlıqda fəna yolda tərbiyə olunmalarıdır.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 126-128.