Birinci şadlıq
Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.
Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin "müdafiə"sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 320.
