Üzeyir Hacıbəyli

Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisin ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.
Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ "obed" eləməmişdim, "vizitni kartoçka" gəldi ki, madam Papkova səni "veçer"ə "priqlasit" eləyir. Gəlməsən "abijatsa" olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin "dilimizi yuyub" təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.
Həqiqətdə də belədir: biz, ibtidaiyyə məktəblərinin birinci şöbəsində öz ana dillərinə bilmərrə dara olmayan müəllimlərdən bir il zərfində dərs almaqla ana dilimizi öyrənib, istemalinə müqtədir olmarıq. Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir.
Dilimizi öyrənməkdə bizə yardım edəcək neçə-neçə vasitələr vardır. Biri - öz dilimizdə çıxan qəzetələrdir. Lakin qəzetə vasitəsilə dil öyrənmək üçün - Rusiya müsəlmanlarının ana dili cəhətindən dörd qismə bölünmələrinə müvafiq dörd cürə təriq vardır. Ən müşkül təriq ana dilində yazıb oxumaq o yanda dursun, bir kəlməyə belə vaqif olmayan zavallıların boynuna düşür. Bu zavallılar - öz dilini bilməyib, sair dillərdə "fitil-fitil əsən"lərimizdir. Lakin bunlar istəsələr 5-6 ilin ərzində öz lisanlarını təhsil edə bilərlər. Yəni asudə vaxtlarını öz dillərini öyrənməyə sərf etsələr, söz yoxdur ki, müailəri sayəsində dillərini kəsb etməkdə müvəffəq olarlar və kəsb etməyə də qeyrət etməlidir, zira özgə dilinə, xüsusilə Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər...
İkinci təriq rus və yaxud Avropa dillərini mükəmməl bilib, öz dili vasitəsilə də danışıb, oxuyub-yazmağa kəmübiş iqtidarı olanlarımızdan (ki, çoxumuz bunlardanıq) ötrüdür. Bunlar qəzetələrimizdə rus və ya Avropa dilindən mütərcim, ixbarat, məqalət, teleqrafarat və sairələri oxuduqca tərcümə olunmuş dil ilə tutuşdurub anlamadığı sözləri bir-bir qanar və qanıb bildikcə də öz dilinə mükəmməl surətdə dara olmağa yaxınlaşarlar. Və özləri də ana dilində bir şey yazmaq istədikdə sözdən ötrü əbəs yerə vaxt zaye etməyib, öyrəndikləri kəlmələri ilə dərhal istifadə edə bilərlər. Və bundan əlavə qəzetənin sair məqalələrini də huş-guş ilə oxuyub, yeni öyrəndiyi sözlərə və təbirlərə təsadüf etdikdə məzkur sözlərin nerədə və nə tövr müstəməl olduğunu bilər və xatirində saxlarlar.
Üçüncü təriq yalnız öz dilində bir qədər oxuyub və yazmaq bilən adamlardan ötrüdür. Bunlar öz lisanlarını kamilən öyrənmək üçün qəzetələrdən müstəfid olmaq istədikdə qamus və lüğət kitabçalarını tosid etməlidirlər. Qamuslardan da ən mükəmməl osmanlı Şəmsəddin Sami Rəhmətullahın iki illik zəhmətinin məhsulu olan “Qamusi türkü”- dir. Bunu da bilməlidir ki, qamussuz-alim də olmuş ola - yazmaq, oxumaq çox çətindir. Qamus hər bir yazıçını fahiş xətalardan çəkindirib, imla və inşasının səhhətini təmin edər.
Dördüncü təriq öz dilində yazıb oxumağa qadir olmayanlardan ötrüdür. Bunlar qəzetə oxuyanlara qulaq asıb, bilmədiyini və anlamadığını sorub, gündə bir söz öyrənməklə də yavaş-yavaş kəsbi müvəffəqiyyət edə bilərlər. Və öyrəndikləri sözləri də yaddan çıxartmamaq üçün lazımi yerlərdə işlətsələr, dillərini düzəldərlər və bunun sayəsində öz məram və ehtiyaclarını müsbət surətdə bəyan edərlər.

***
İkinci vasitə deyib, danışmaq və aramızda təati edilən hər bir mək tubati türk dilimizdə yazmaqdır.
Danışıq əsnasında fikrimizin əcnəbi* kəlmələrdən təmiz olaraq öz türk sözlərimiz vasitəsilə ifadəsinə səy etməliyik və qəzetələr sayəsində öyrəndiyimiz yeni təbirat və islahatı lazım olan yerlərdə işlətməliyik.
Məsələn: "zabastovka" yerinə "tətil", "pajar" əvəzinə "yanğın", "sosialist, revolyusioner", "demokrat" və sairələrini deməyib, "ictimaiyyun, inqilabiyyun, amiyyun" və sairələrini istemal etməliyik.
Burada onu əxtar etməlidir ki, biz nədənsə tazə libasda bazara çıxmaqdan utanan cavanlar kimi - bu yeni öyrəndiyimiz öz sözlərimizin danışıq əsnasında istemalından utanırıq və utandığımızdan da bildiyimiz yeni sözlərimizi bərqəsd işlətməyib, qarnımızda saxlayırıq. Qarnımız dəxi bir guşeyi-nisyan olduğundan zavallı sözlər orada itir, batır və bilaxərə unudulur... Və habelə alim və ədiblərimiz zəhmət çəkib, diriltdikləri və icad etdikləri təbirat bizim utancaqlarımız ucundan nisyan sandığına atılıb qalır. Bizim hər işimiz tərsdir: utanmamaq lazım gələn yerdə utanırıq, utanmaq lazım olanda utanmırıq və hətta bunu da özümüzə bir fəxr hesab edirik.
Xülasə, biz utanmamağa qeyrət edib, dirildilmiş və yaradılmış təbirlərimizi lazımı yerlərdə işlətsək kəsrəti-istemal sayəsində utancaqlıq hissimızi bu yerdə itirib bu "mərəzdən" xilas olmaqla bərabər lisanımızı da genişləndirərik.
Dilimizi öyrənmək üçün təklif etdiyim bu iki vasitəni uşaqlarımız deyil, böyüklərimiz - yəni məktəb sinniləri ötmüş adamlarımız, ittixaz etməlidirlər. Bəhsimizə dair üçüncü vasitə, yalnız bir səbilərə aid olduğundan onun bəyan və izahını gələn səfərə təxir edib, burada dil xüsusunda bir neçə söz deməyi lazım bilirəm.
Dil, həyati-bəşəriyyətin ən ümdə müəssirlərindən biridir desəm, xəta etmərəm, zənnindəyəm. Bütün ixtiraat və kəşfiyyatın ağıllılarımızı heyran qoyan səmərəsi hüsulinə və bu səmərələrin az bir müddətdə aləm icra yayılmasına insanın öz həməsirlərinin hal və ovzaindən baxəbər olmasına, minlərcə il bundan əqdəm yer üzünü iskan babalarımızın həyat və məişəti sadiqəsindən kəsbi-ittila etməsinə və hətta, ondan sonra yaşayacaq adamlarımızın həyati müstəqbələsinə və vaqe olacaq hadisatın necə bir halda cərəyan edəcəyinə təqribən və təxminən də olmuş olsa vaqif olmasına və həyat və məişəti bəşəriyyənin rifah və səadət üzrə ömr edilməsinə dilin zor bir təsiri olubdur.
Xülasə, insanın hər bir ehtiyacatını, ağlına gələn ali əfkarını, qəlbində törəyən hissiyyati-şairanəsini ən müsbət surətdə izhar və bəyan etməyə vasitə dildir. Belə olan halda, dilin geniş, zəngin, bəliq və səlis olması, insanın hər bir cəhətdən təali və tərəqqisinə nə böyük bir xidmət etmiş olar.
* * *
Biz dilimizi vüsət və zənginləşdirməyə qeyrət etməliyik. Lakin hankı vasitə və nə tövr vəsilələr ilə bu xeyir işə iqdam etməliyik ki, kəsbinə çalışdığımız nəticə muradimizə mütabiq və müvafiq ola?
İştə, bu məsələnin həllini hər bir sahibi qələlimiz özünə bir vəzifeyi- ümdə ədd edib, bu yolda öz təsəvvür və mülahizələrini meydana çıxarmalıdır. Zira, bu məsələyə əhəmiyyət verən oxumuşlarımızın ağıllarını buna dair dürlü-dürlü fikirlər işğal etməkdədir. Əzon cümlə biri də dilimizdən ərəb və fars kəlmələrini ixrac, əvəzində yeni türk sözləri icad və idxal etməkdədir. Lakin bunun imkanı vardırmı?
Bəhsimin ikinci qismində təklif etdiyim vasitə mənim belə bir təşəbbüsüm, imkan xaricində olduğunu etirafıma işarədir.
Heç bir dil yoxdur ki, onun lüğəti, təbirat və islahati-əcnəbiyyədən ari olmuş ola. Bunun da səbəbi odur ki, hansı bir dil olursa olsun, havi olduğu əcnəbi təbirlərin mənasını müsbət surətdə ifadə edə bilən özünə məxsus bir təbiri yoxdur. Binaənəleyh, üləma və üdəba tayfası bir əcnəbi sözünü öz lisanına idxal etməyə məcbur olduqda, məzkur sözü ya qəbul edər və yaxud onu üçüncü bir dil təbirləri vasitəsilə ifadə edib, hər bir halda öz dilinə əcnəbi kəlməsi idxal edir. İndi biz də istəsək ki "samovar" təbirini rusca deməyib, öz dilimiz vasitəsilə ifadə edək, lazım gəlir ki, bu sözü ya fars və ya ərəb və ya sair dil köməyilə təsmiyə edək. Məsələn, "hudpəs", "xudcuş" və sair və illa "özüqaynayan" desək, əvamımız anlamaz. Çünki "özü" və "qaynayan" təbirləri əvama məlum olduğundan onun zehnində dürlü-dürlü şeylər zair edib "samovar" ifadə edilmir. Əvamdan sorsan ki, "uzaqyazan" nədir, heç vaxt deməz ki, "teleqraf" dır. O səbəbdəndir belə sözlər camaat arasında qəbulə keçib, əcnəbi sözü öz-özlüyündə qalır. Ruslardan dəxi bir çox şəxslər "qaloş" əvəzində "mokrostup", "zont" əvəzində "dojdoxranilişşe" təbirləri istemal etmək istədilər. Lakin cəmaət tərəfindən qəbula keçmədi.
Bəs bizim Avropa dillərindən bir təbiri öz dilimizə idxal etmək istədikdə və o təbiri öz-özlüyündə qəbul, yaxud ərəb və fars kəlmələrilə ifadə etməyimiz təbiidir. Lakin öz sözümüzlə ifadəsi imkan daxilində olan təbiri ərəb və ya fars kəlamati vasitəsilə istemal etməyimizin heç bir mənası olmasın gərək.
Xülasə, biz hər bir halda ərəb və fars sözlərinə möhtacıq, hətta öz türk sözlərimizin böyük bir hissəsini də unutmuşuq və yaxud unutmağa yaxınıq desəm, xəta etmərəm. Binaənəleyh dilimizi öyrənməliyik. Öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyik ki, öz ehtiyacımızın bəyaninə qadir olaq. Öyrənməliyik ki, türk, lakin təzyiq altında məyub və məfluc və məfluk türk dili istemal edən əqvami Türkiyeyi- müxtəlifəmiz bir-birinə rast gəldikdə "pantamima" oyunbazlığına məcbur olmadan qurtarıb, yek-digərinin qəm və fərəhinə hissəyab olmalarına qeyrət edək. Öyrənməliyik ki, Avropanın hökmünü bütün sahəti aləmə cari edən ülum və fünunun hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı hər bir cəhətdən təminə çalışaq...
Lakin qabaqda zikr etdiyim qəzetə və əsnayi gövtüduyə lüzumsuz yerə əcnəbi kəlmələrinin istemalına etiraz etmək kimi vasitələr dilimizi öyrənmək üçün məktəbin yerini verməz. Məktəb işdə bizim dilimizin sərvətini təfkin edən bir mədəndir. Məktəbimiz olmasa, qəzetə də bizə kafi dərəcə dəstrəs olmayıb, dilimiz unudular məhv olar. Məktəblər təsis və guşad etməyə çalışmalıyıq, lakin məktəblər... ki, köhnə sxolastikaya mənsub üsuli-təlimi və hal-hazirədə mövcud, lakin təsviyəsi qeyri-məlum üsuli-tədris fəsx edib, hər bir elmi öz türk dilimizdə səbilərə tədris etməkdə pedaqogikanın iqtizaat və icbaatına müvafiq olar.
Minlərcə təəssüf olunsun ki, Bakı kimi müsəlman şəhərində edadiyyə belə dursun, bir türk ibtidaiyyə məktəbimiz də yoxdur. Halbuki bütün Rusiyanın müsəlmanlar tərəfindən iskan edilən cəhətlərindən Bakı türk darülmüəlliminə qoşun-qoşun müsəlman balaları tökülüb təhsili-elm və kəsbi-maarif etməli idilər. On il, on beş il bundan əqdəm şəhərimizdə bir darülmüəllimin təsis edilmiş olsa idi, indi şəhərimiz nədir, kəndlərimizdə belə, birinin didarına həsrət qaldığımız, neçə-neçə məktəblərimiz var idi. "Russko-tatarskaya şkola"larımızın ədədi Bakıda ona, on birə baliqdir. Lakin hətta məzkur şkolalarda türk dilində tədris və təlim üçün müsaidə verilibdir. Lakin... onlardan "Fatıya tuman olmaz", bizə türk məktəbi, darülmüəllimin və gimnaziya kimi türk edadiyyə məktəbləri vacibdir. O məktəblər üçün "seminariya"lara verilən hüquq və imtiyazat lazımdır. Və o hüquq və imtiyazat ilə layiq surətdə istifadə etmək gərəkdir ki, sonra neçə on il bundan əqdəm Tiflisdə təsis edilmiş lakin müsəlmanlara bir qəpik də nəf gətirməmiş və bərqəsd "Əli", "Ömər" məktəbi təsviyə edilmiş məktəblərin indiki halı kimi təkrar qəlbimizi mükəddər və müəlləm etməsin.
Ey cəmiyyəti-xeyriyyələrimiz, bizə məktəblər və türk məkatibialiyəsində ikmali-təhsil etmiş müəllimlər və mədrəsələr lazımdır. Nə deyirsiniz?
 

                                                                                                                                                    Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 45-46.