Biz hamımız qafqazlı balalarıyıq
Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.
Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.
Biz hamımız Qafqaz balalarıyız. Qafqaz haqqında qəlbimizdə bəslədiyimiz məhəbbət təbiidir ki, gərək bizi bir-birimizə mərbut etsin. Qərəz və tərəflikdən müstovlid buğz və ədavət kimi dəni hisslərdən özümüzü təmizləyək. Bəsirət gözü ilə halımıza bir nəzər ataq: hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyacımız birdir. İstiqbalımızın rəfah və səadətini təmin edəcək qüvvə hamımızın hümmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz. Birimiz müsibət qaranlığına giriftar olduqda, digərimiz onun təxlisinə cani-dildən müsai sərf etməlidir. Birimizə bəxtiyarlıq işığı üz çevirsə, digərimizi də ondan hissəyab etməliyik. Birimizə bədbəxtlik ariz olsa, digərimiz xoşbəxt ola bilməz. Biz bunu özümüzə yəqin etməliyik. Bu nöqteyi-nəzərdən, səadətə nail olmağa çalışanımız digərimizin də səadətinə qeyrət etməlidir.
Biz hamımız Qafqaz balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Biz hamımız Qafqaz balalarıyıq. Həmrəylik, həmfikirlik, həmməsləklik, həmkarlıq bunlar hamısı bizim vəzifeyi-müqəddəsələrimizdən ədd olunsun gərək. Əks surətdə heç bir işimiz düz gətirməz, taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır. Biz bunu isbat etməliyik.
Biz hamımız Qafqaz balalarıyıq, mədəniyyət və mərifətlimiz cəhalətdə qalanımıza, qüvvətlimiz zəifimizə, sərvətlimiz tavanasızlarımıza arxa olmalıdır. Bu əsas üzrə dolanmalıyıq ki, əğyardan yetişən zərbələr də bizim üzərimizdə əsərpəzir olmasın.
Biz Qafqaz balalarıyıq. Bundan belə, bizim səyimiz, cidd- cəhdimiz yek digərimizə, müavinət və riayət etməyə münhəsir olsun gərək, birimiz digərimizin hansı bir sui-rəftar və münasibətsizliyindən şakirdirsə, bu ikinci əvvəlincinin şikayəti bica olduğunu isbat etməlidir. Aramızda hər bir münaqişə və müxalifatı təsviyə etməliyik.
Biz Qafqaz balalarıyıq, bizim ümumi məktəblərimiz, mədrəsələrimiz, qəzetələrimiz olmalıdır. Ümumi ittifaqlar, ictimalar, məclislər qurub ehtiyaclarımızı, hər bir dərdimizi müzakirə edib, əlaclar aramalıyıq. Biz öz ruhani və cismani qüvvələrimizi bir yerə qatıb hanki bir yolda sərf etsək muradımıza nail olarıq.
Bundan belə bizim "lozunq" virdi zəbanımız bu olmalıdır ki, birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik.
Bunların hamısını əvama təlqin etmək icab edər. Bu da qəzetə vasitəsilə mümkündür. Qəzetələrimizin bundan belə ümdə vəzifəsi əvamımızı xudşünaslıq məqamına gətirməkdir. Qəzetələrimiz naməlum və biməna mübahisələri, nəfəs qaldıran məqalələri, araqızışdıran mükalimələri tərk edib ittifaqa dair səmimiyyət qoxulu məqalələr yazsalar və ittifaq fikrini qüvvədən felə gətirəcək təriq və vasitələri əvama bəyan və izaha başlasalar, az çəkməz ki, öz məqsədi-alilərinə nail olarlar.
Ürəfa nə pişrəvlərimiz dəxi ittifaq üsulunu təmin edəcək təşəbbüslərdə bulunmalıdırlar. Bunun da başı ümumi məktəblər açıb, ümumi bir qəzetə nəşr etməkdir.
Bəs, himmət edəlim, qeyrət edəlim! Qafqaz balaları! Keçən keçdi. Keçənə güzəşt deyərlər, keçmişi unudaq, gələcəyin dərdinə qalmaq lazımdır. Görürsünüz ehtiyaclarımız, zərurətimiz hamısı birdir. Sənə nə lazım isə, mənə də o lazımdır. Mənə nə lazım isə, sənə də o lazımdır. Ehtiyaclarımız yetişibdir, rəf etmək lazım, rəf edilməsə nəyə məhkum olduğumuzu pişəz vaxt bilmirsiniz, düşünürmüsünüz.
Ehtiyacatımızın rəfi də qafqazlılar, özümüzün himmət və qeyrətinə bağlıdır. Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır, xoşbəxtliyimizi, səadətimizi arzu ediriksə, əlimizdən gələni himmət və qeyrəti müzayiqə etməyək!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 184-186.
