Üzeyir Hacıbəyli

Öz halımızdan

Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb, yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq. Millətin xeyirxahı isə millə- tin hər bir barədə tərəqqisini arzu edər. O tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər.

Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edək ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyalı varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşi millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir. Bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi-məharət üçün müəyyən şərtlər lazımdır.. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin bürüzuna mane olacaq şeylərin rəf və dəf edilməsidir.

Tərs kimi hər bir yerdə istedad və qabiliyyət sahibləri məişət cəhətincə təmin edilməmiş bir halda bulunurlar. Bu da təbiidir, bunların istedadı pul qazanmaq deyildir, başqasıdır. Məsələn, gözəl şerlər deməyə, müfid yazılar yazmağa, nafe şeylər icadına və sairə. Zatən bunlar özləri üçün anadan olmayıbdılar, bəlkə ümum millət və hətta ümum insaniyyətə xeyr gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdılar.

Dünyanın hər bir qitəsində, bütün millətlərin yazıçıları, alimləri, sənayeyi-nəfisə sahibləri, sahibi-fənləri özləri üçün bir o qədər iş görmədilər, lakin ümum millət və hətta ümum insaniyyət üçün çox işlər gördülər. Bir kəlmə, hər bir tərəqqi ancaq bunların sayəsində oldu. Halbuki özlərindən bir çoxu acından öldü, amma insaniyyət hələ indi də onlardan mənfəət görməkdədir və bundan sonra da çox görəcəkdir. Deməli, bu cürə adamlar nəinki sağlığında, bəlkə öldükdən sonra da camaata mənfəət verirlər.

Yevropanın özündə daha əvvəllərdə belə mənbəyi-mənafe olan şəxslərin qədr və qiymətini bilməzdilər. Onların halına etina etməzdilər. Onlara ibrazi-məharət üçün vüsət və böyük bir meydan verməzdilər. Lakin bir neçə zamandan sonra bunların xeyirli və lazımlı adam olduqlarını bilib, qəbirlərini ziynətləndirdilər! Lakin bu halda məhz bu adamların sayəsində Yevropa hər bir barədə o qədər tərəqqiyə çatıbdır ki, indi elə adamlara, onların məharətlərinə böyük qiymət qoyurlar və hər cür vüsət verirlər ki, daha da artıq məharət göstərə bilsinlər. Hər halda yaxşını yamandan seçirlər. Bu gün bunun sayəsindədir ki, Yevropada cürbəcür istedad sahibləri mövcud olub, tərəqqi və təməddünü getdikcə artırırlar.

Lakin bizlərdə millətin tərəqqi və təməddününə böyük bir ehtiyac olan bu zamanda, bu cürə tərəqqi və təməddün mənbəyi olan şəxslərə heç bir qədr və qiymət qoyan yoxdur. Onlara vüsət verən, qabaqlarına tiz bir meydan açan adamlar yoxdur. Biləks, istedad sahiblərinin başından vururlar, həvəsdən salırlar, incidirlər, haqqında bir çox narəva və nagüvara işlər görürlər. Odur ki, hər bir istedad sahibi də bilmərrə şövq və həvəsdən düşüb, adi adamlar - cərgəsinə girib də, kəsbi-ruzi dalınca gedirlər və bunun üçün adi işlər, yəni özlərindən başqa heç bir kəsə mənfəəti olmayan işlərə girişirlər və belə bir mübarizeyi-həyatiyyə yolunda hər bir istedadlarını da qayib edirlər.

Təəccüb və təəssüf ediləcək yer burasıdır ki, maarif və tərəqqi nəşri üçün təşkil edilmiş cəmiyyətlərimizdən heç biri bir işə, yəni istedad sahiblərinin ibrazi-məharəti üçün lazım olan ehtiyacatını rəf etmək işinə heç bir diqqət yetirmirlər. Əksinə, çoxlarını bilkülliyyə nəzərdən salıb, vücuduna belə heç bir qiymət qoymurlar. Qeyrilərinin də üzərinə min cürə təkliflər qoymaqla halını daha da ağırlaşdırıb, istedadını tamamilə məhv edirlər. Halbuki cəmiyyət başında duranların borcu bu cürə istedad sahiblərinə hər riayətlər göstərməklə, onun ibrazi-məharətinə kömək yetirməlidirlər ki, əhali də o məharətdən istifadələr etsin. Zatən, bu məqamda xüsusi bir cəmiyyət təşkilinə böyük ehtiyac vardır.

Belə bir cəmiyyət ki, istedad və qabiliyyət və yaxud böyük elm sahiblərini ibrazi-məharət üçün hər növ təşviqata girişsin. Həqiqətən, millət bir bağ yeridir, qabil və müstəid adamlar isə o bağın meyvəli ağacları və ətirli gülləri mənziləsindədir. Məsələn, ənva-elmlərə və fənlərə dara olanlar meyvəli ağaclar mənziləsindədir. Sənayeyi-nəfisə sahibləri isə ətirli güllər yerindədir. Ləziz meyvələr insanın bədəninə, müəttər güllər də insanın ruhuna ləzzət verən kimi, elm və fünun sahibləri əhalinin ağlını, sənayeyi-nəfisə sahibləri də camaatın ruhunu tərbiyə edirlər. Kim istəməz ki, onun bağında meyvəli ağaclar və ətirli güllər bitməsin? Əlbəttə, heç kəs! Kim istər ki, onun bağında cır və bisəmər ağaclar ilə bərabər ətirli gül əvəzinə də, keçi tikanı və ələf bitsin? Əlbəttə, heç kim! Lakin meyvəli ağac və ətirli gül bitirmək üçün bunların bitib yetməsinə müsand olan şərtləri hazırlamalıdır. Yoxsa ki gülün hər bir tərəfini alağ basa, sən də heç bir kömək yetirməyəsən və özün də durub güldən ətir və təravət təmənna edəsən, insafsızlıqdır,. Bəli, hər halda yaxşı bağban ola biləcək bir cəmiyyətə böyük ehtiyacımız vardır.

* * *

Keçən gün bu ünvan altında yazdığımız məqalədə istedad və qabiliyyət büruz edən adamlarımıza vüsət və meydan verilməsi lüzumunu ərz etdik. Bu səfər dəxi o məsələ barəsində bir neçə söz əlavə edək.

Zatən illər və əsrlərdən bəri cürbəcür işlərdə və əhvallarda peyda olan və bilaxirə bu XX əsrdə dərəceyi-təkmilə çatmağa üz qoymuş olan tərəqqiyə səbəb kimlər olubdur? Şübhəsizdir ki, dahilər, yəni qabiliyyət və istedadi-xariqüladə sahibləri. Əcəba, bu qədər tərəqqiyə çatmış elm və fənlər ərəstunların, nyutonların, arşimedlərin, uluqbəylərin, farabilərin və bunlardan sonra gələn dahilərin istedad və qabiliyyəti-xudadadisi sayəsində deyilmi? Hankı elmə, hankı fənnə, hankı sənətə əl aparsan, görərsən ki, tərəqqiləri yolunda bir dövrə və dahilərə borcludurlar. Bela olduğu surətdə hər bir dahinin, istedad və qabiliyyət sahibinin hankı işdə, hankı halda olur-olsun ümum insaniyyətə və baxüsus öz millətlərinə böyük mənfəəti vardır. Ona görə bu cür adamlara qiymət qoymamaq olurmu? Bu gün mütərəqqi və mütəməddin Yevropa elə adamların mənfəətini və binaənileyh qədrini çox gözəlcə bildiyinə görə həmişə onlara yol verir, qabağını arıtdıyır, onun ibrazi-məharətinə mane olacaq hər bir əngəlləri rəf və dəfə çalışır. Çünki onun vücudundan mənfəət görülür. Hal-hazırda ki, havada uçmaq üçün mahir və qabil adamlar cürbəcür alətlər icad edirlər, hər kəs bu işlərə ən böyük məharət göstərsə, bütün Yevropa ona sitayiş edər. İstər o adam hambal olsun, istər padşah.

Nədəndir ki, məsələn, İranda da elə hava gəmisi icad edəcək dərəcədə qabiliyyət və istedad sahibləri yoxdur? Xeyr, var! Lakin onların meydana çıxmağa vüsətləri yoxdur. Onların qabiliyyət və qüvvətləri hələ pünhan haldadır. Necə ki, bu gün İranın üst tərəfi fəğir və pulsuz olduğu halda, alt tərəfi cürbəcür mədəniyyət xəzinəsi ilə doludur, həmçinin zahirdə bivec görünən adamların batində istedad və qabiliyyət xəzinələri vardır.

Həmçinin bizdə. Elə zənn edilməsin ki, bizlərdə ancaq qaçaq və quldur çıxa bilər, xeyr! Zatən qaçaq və quldurluğun özü də xususi bir istedad və qabiliyyətə möhtacdır. O səbəbə görədir ki, bizim aramızda qaçaq və quldurluğa vüsət verildiyinə görə, məşhur qaçaq və quldurlarımız da çox olubdur. Hələ tək Bakı şəhərinin özündə qoçuluq məharətinə böyük bir meydan verildiyinə görə, şəhərdə cürbəcür məşhur qoçular əmələ gəlmişdir. Çünki əvvəldən qoçuluğa qabiliyyət və istedadı olan adamlar, qabaqlarında böyük bir meydan görüb və heç bir mümaniət görməyib, öz istedadlarını ibraz ilə məharət göstərdilər. Lakin bizə bu cürəmi istedadlar lazımdır? Halbuki bundan bizim, özümüzə və ümum insaniyyətə zərərdən başqa mənfəət yoxdur! Xeyr, bizə mənfəətli istedadlar lazımdır.

İstedad, yəni meyvə! Lakin bizə zəhəralüd meyvələr lazim deyildir ki, canımızı tələf etsin. Şirin və dadlıları lazımdır ki, bədənimizə mənfəət yetirsin... Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir, yaxud iti və müəssir bir dil ilə danışmaq qabiliyyəti var. Mən bu cür adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümum insaniyyətə də, yazığım və heyfim gəlir. Deyirəm ki, indi bax bu bədbəxtləri vaxtında oxutsaydılar və onları öz qabiliyyətləri iqtizasınca təlim etseydilər bunlardan məşhur adamlar çıxıb, həm özlərinə və həm millətə və həm də, ola bilsin ki, bütün insaniyyətə böyük xidmətlər göstərərdilər... Hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adamlarımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namüsaid və o qədər müşgüldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur. Məktəblərimizdə oxuyan şagirdlərə baxıram, onların içində elələrini görürəm ki, istedad və qabiliyyəti-xariqüladələri özlərində, işlərində, danışıqlarında aşikardır. Və fikir edirəm, əcəba bunlara vüsət veriləcəkdirmi ki, öz istedadları iqtizasınca təlim görüb, axırda işlərindəki məharətlə millətə mənfəətlər yetirsinlər? Yoxsa, ağır şərait içində hər- bir qabiliyyətləri məhv və nabud olacaqdır...

* * *

Bəli, istər oxumuşlarımız, istər oxumamışlarımız, istər oxumaqda olanlarımız arasında istedad və qabiliyyəti-xariqüladə sahibləri heç yox deyildir və gələcəkdə. də olacaqdır. Bu cürə adamların da millət üçün və hətta ümum insaniyyət üçün mənfəətli olduğunu söylədik. Ancaq bunlardan istifadə etmək lazımdır. Biz məqaləmizin hamısında bu nov adamları meyvəli ağaclara və ətirli güllərə bənzətmişik. Və demişik ki, bir bağın bir guşeyi- behiştasa olmasına səbəb, içindəki meyvəli ağaclarla ətirli güllərdir. Həmçinin bir millətin hər bir barədə tərəqqi və təməddününə səbəb də onun dahiləri, yəni istedad və qabiliyyəti-xariqüladə sahibləridir. İndi fərz edəlim ki, sən bir bağ salmaq istəyirsən, onun üçün əvvəlcə münbit bir yer hazırlayırsan, yəni o qədər qüvvətli torpaq tökürsən ki, hər bir əkdiyin bitki yaxşı bitsin. Sonra başlayırsan meyvəli ağaclar əkməyə və güllər toxumu səpməyə. Meşədə olan cır ağaclardan gətirib bağında əkirsən, sonra onu calayırsan (peyvənd eləyirsən), yaxud gətirdiyin cins ağacın yerini o qədər rahatlayırsan ki, meşədə qalıb da xarab olmağa üz qoyan cins ağac sənin bağında təravətlənib gözəl meyvələr yetirir. Əkdiklərini vaxtında sulayırsan, vaxtında torpaqlayırsan, vaxtında alağını alırsan, qışda soyuqdan gözləyirsən, qurd-quşunu tələf eləyirsin. Qərəz, hər nə lazımdır, onu eləyirsən, əvəzində də gözəl, dadlı meyvələr və behişt-ətirli güllər görüb, ağzın da dadlanır, ruhun ləzzət aparır. Bağın içinə girdikdə, guya dərdi-qəmdən azad olursan.

Həmçinin sən dərd və qəmdən azad olursan nə vaxt?

Qafqaz şəhərlərinin müsəlman hissəsini gördükdə, yoxsa xaricilər hissəsini? Əlbəttə, xaricilər hissəsini!

Yaxud:

Ərdəbil, Həmədan şəhərlərini gördükdə, yoxsa Paris, Berlin şəhərlərini?

Əlbəttə, Paris və Berlin kimi şəhərləri!

Nə səbəbə? Nə üçün?

O səbəbə ki, o hissələr və o şəhərlər bu hissələr və bu şəhərlərdən gözəldir, təmizdir, ruhəfzadır, adamları salamatdır, əlil, miskin yoxdur...

Bunun səbəbi nədir?

Əlbəttə, tərəqqi və təməddündür.

Tərəqqi və təməddünün səbəbi isə, istedad və qabiliyyət sahibləridir ki, o barədə qabaqda çox danışmışıq. Bəs aşkardır ki, bağın gözəlliyini arzu edən adam cins ağaclar axtardığı kimi, millətin tərəqqi və təməddününü arzu edən adam da müstəid və qabil adamlar axtarmalıdır. Cins ağac tapan bağban o ağacın başına dolanan kimi, yəni onu hər bir zərərdən gözləyib, hər bir ləvazimatını hazır edən kimi, bu da haman müstəid və qabil adamın başına dolanmalıdır.

Amma... İş bu məqama gəldikdə bir çox adamlar xorluyurlar və deyirlər: Mənə nə düşübdür ki, məsələn Məmmədçəfərin başına dolanam? Əcəba, bəs bağbana nə düşübdür ki, alma ağacının başına dolanır? Əgər bunun məqsədi ağac başına dolanmaqdırsa, bəs nə üçün qaraağacın başına dolanmır? Görünür ki, bunun məqsədi ləzzətli almalar görməkdir ki, alma ağacının başına dolanır. Və madam ki, Məmmədcəfər bir elmdə, bir fəndə və ya bir sənətdə qabil və müstəiddir və sən də özünü millət tərəqqisini arzu edənlər cümləsinə verirsən, o halda, əlbəttə, sənin də borcun Məmmədcəfərin başına dolanmaqdır ki, bu Məmmədcəfər, öz istedadı və qabiliyyətini düz yolda işlətməyə məqduru olsun ki, içindən millətə mənfəət çıxsın.

İndi sən deyəcəksən ki, nə üçün Məmmədcəfər özü millət əfradı olduğu halda, öz-özünə millətə mənfəət yetirmir. Mən başına dolanmasam olmazmı?

Xeyr, olmaz! Alma ağacının vaxtında altında həmişə münbit torpağı, üstündə şəfəqli günü, vaxtında suyu və başqa ləvazimatı olmasa, alma verməz. Versə də cır alma olar. Həmçinin Məmmədcəfərin də məişət ehtiyacatını rəf edəcək ləvazimatı hazır olmasa, o öz qabiliyyət və istedadını lazım olan surətdə işlədə bilməz. O ancaq bütün var qüvvəsini məişət mübarizəsinə sərf edər və axırda hər bir istedad və qabiliyyətini də bu yolda məhv və nabud edər. Məsələn, Məmmədcəfərdə böyük bir ədiblik istedadı varmış, lakin onu vaxtında oxudan, onun bu istedadını nəşvünüma edən olmayıbdır. Odur ki, indi Məmmədcəfər də acından ölməmək üçün hamballıq edir, yaxud çörəkçidir. Yaxud Məmmədcəfər oxuyubdur və qabiliyyətini ibraz edir, xalq da o qabiliyyətdən mənfəətbərdar olur, lakin əvəzində Məmmədcəfərə bir şey verilmir ki, məişət keçirə bilsin. Ona görə Məmmədcəfər də millət üçün mənfəət gətirən qabiliyyətindən əl çəkməyə məcbur olub, özü üçün mənfəət verən başqa bir sənət dalınca gedir və yaxud burada qabiliyyətinin sui-istifadə olduğunu görüb, başqa bir məmləkətə getməyə məcbur olur. Necə ki, məşhur təbib Meçnikov Rusiyada buna heç bir etina olunmadığını görüb, indi bu saat əcnəbi bir məmləkətdə ibrazi-məharət etməkdədir. Və xalq da qədrini bilir. Ruslar isə indi başa düşüblər ki, o kişi mənfəətli adammış. Yaxud keçənlərdə qəzetimizdə tərcümeyi-halını dərc etdiyimiz məşhur müstəşriq Vamberi öz məmləkətində buna heç bir qədir qoyan və etina edən olmadığını görüb, İngiltərəyə getməyə və orada ibrazi-məharət etməyə başladı. Ağıllı ingilislər bunun nə qədər mənfəətli bir adam oludğunu o saat duyub, onun məişətini təmin etdilər ki, mənfəətdən də layiqli surətdə istifadə etsinlər. Vətəndaşları isə öz hərəkətlərindən peşiman olub, sonra Vamberiyə əldən gələn hörmət və ehtiramı müzayiqə etmədilər. Bu cürə misallar millətlər tarixində nə qədər desən çoxdur. Polyak milləti öz istedad və qabiliyyət sahiblərinə əldən gələn qədər ehtiram və kömək edirlər və adamları sayəsindədir ki, bu gün polyaklar ruslardan mütərəqqi və mütəməddin olub da, bu qədər təzyiq və pərişanlıq altında qalmaqla belə öz milliyyətlərini gözəlcə mühafizə edib, bir gün müstəqil bir millət olacaqlarından ümidlərini kəsmirlər...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 156-161.