Üzeyir Hacıbəyli

Ermənistan və Azərbaycan münasibəti

Qarabağ erməni camaətinin Azərbaycan toprağında yaşarkən, təbii Azərbaycan hökumətinə və qanunlarına tabe olmaq lazımdır deyə, məqül və müvafiqi-məntiq qərarından sonra erməni üsyançıları, daşnak agentləri Zəngəzur tərəfə qaçıb, orada fəsadlar törətmək və şeytanətlər icra etmək üçün müsaid bir zəmin buldular.

Şübhəsiz, Ararat barmağilə idarə olunan və daşnak rəhbərliyi ilə iş görən bu müfsid güruhun təqib etdiyi məqsəd ortaya “Zəngəzur məsələsi” çıxarmaq idi.

“Zəngəzur məsələsi” zatən ermənilər tərəfindən meydana çıxarılmış olan “Qarabağ məsələsi”nin mabədidir. Ermənistanın haqsız və yersiz ədasilə törətmiş olan bu məsələ hökumətimizin müdəb- biranə siyasəti və Qarabağ erməni camaətinin aqilanə rəftari sayəsində müvafiqət mütəqabilə yoluylə həll edildikdən sonra əlləri boşa çıxan daşnaklar dərhal bir “Zəngəzur məsələsi” çıxartmağa çalışdılar.

Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir. Zəngəzursuz Qarabağ, Qarabağ ola bilməz. Yəni Qarabağın tamamiyyəti-mulkiyyəsi ilə bərabər, vəhdəti-iqtisadiyyəsi dəxi xələldar olub, həm cümhuriyyətimizi və həm də bilafərq millət bütün Qarabağ əhalisini böyük müşkülatlar qarşısında qoya bilər. Zəngəzurun vəziyyəti-sövqəlceyşiyəsi və köçərilərimiz üçün yaylaq olması bunu isbata kafidir. Bunu hər kəs bilir və yüz il bundan əqdəm Pənah xan dəxi bildirmiş ki, Qarabağ xanlığını təşkil edərkən Zəngəzuru dəxi o xanlıqm mühüm bir hissəsi həsbilə yədi-idarəsinə almışdı.

Buna görə də “Zəngəzur məsələsi”, yəni təkrar “Qarabağ məsələsi” bu üzdən bu məsələ Ermənistanın haqsız iddiasına görə ixtilaflı hüdud məsələsi deyil, bəlkə Azərbaycanın cüzi layənfəki olan Qarabağa göz qıcıtmaq və dəstdirazlıq etmək həvəsidir.

Ermənistanın “Zəngəzur bizimdir” deyə həqsız iddialarda bulunması aşkardır ki, “ixtilaflı hüdud məsələlərini sülh və sazişlə həll edəlim” deyil, Azərbaycanın təmamiyyəti-mülkiyyəsinə qarşı sui-qəsd hiyləsidir.

Tiflisdə rusca nəşr edilən erməni “Slovo” qəzetəsi Azərbaycan ilə Ermənistan arasında Zəngəzur həqqında təati edilən notaları “bitərəfanə” bir surətdə mütaliədən sonra, bu işdə kimin həqlı və kimin haqsız olduğunu təyin etməyə çalışır və “çalışması” nəticəsində həqqın, əlbəttə, Ermənistan tərəfində olduğunu hökm edir.

Qəzetə Zəngəzurun Ermənistana təəllüq etdigini söyləyir və deyir ki: “Əgər işə etnoqrafı nöqteyi-nəzərinçə baxılarsa bir mahal ki, əhalinin 80 faizini təşkil edənlər ermənilər ola, o mahal Azərbaycana degil, mütləqən Ermənistana təəllüq edə bilər”.

Sufizm məntiqi üzərində qurulmuş olan bu mətləbin yanlış olduğu bundan aşkardır ki, ermənisi çox olan bir yeri Ermənistana təəllüq etdirmək doğru olsa, o surətdə Azərbaycanın hər bir yeri ki, orada ermənisi çoxdur, Ermənistana məxsusdur deyə hökm verməlidir. O hesabdan, deməli, Bakının yanındakı “ermənikənd” dəxi Ermənistanınkı imiş.

Əlavə böyük haqsızlıq deyilmi ki, bizə gələndə etnoqrafi əsaslardan bəhs edilir, halbuki erməni hökuməti, müsəlmanı çox olan Naxçıvan mahalına soxularkən “Slovo” və əmsali bu əsaslardan söhbət salmayırlardı.

Və bir də Zəngəzur əhalisinin 80 faizi ermənidir deyə qərar vermək dəxi yanlışdır. Çünki bu gün dürüst və doğru bir statistik üsulu tətbiq edilərsə, Zəngəzur ermənilərinin 50 faizdən fəzlə olmadığı meydana çıxar.

Bunlardan başqa, biz Zəngəzura Qarabağın bir hissəsi nəzərilə baxırıq. Ümum Qarabağda isə erməni əhalisi əqəliyyət təşkil edirlər. Əgər bu yerin bir məntəqəsində vaqiən bir erməni əksəriyyəti varsa da o məntəqəni qoparıb da Ermənistana vermək hansı ağla və hansı məntiqə müvafiqdir. Boylə bir tələbdə bulunanlara acınmamaq qabildirmi?

Boylə bir xilafi-məntiq bəhsdən sonra “Slovo” qəzetəsi digər bir bəhsə keçir ki, o da başdan-ayağa yalandır. Qəzetə deyir ki, Qarabağ və Zəngəzur erməniləri hələ Almaniyanın müzəffəriyyətlərinə təsadüf edən vaxtlarda dəxi, Nuru Paşanın müvəffəqiyyətlərinə rəğmən türklərə tabe olmaq istəmədi.

Qarabağ ermənilərinin türk əsgərlərini duz və çörək ilə qarşıladıqlarını yalnız həqiqəti gözləmək istəyən «Slovo”lar inkar edə bilər. Qarabağ ermənilərinin Azərbaycan türk hökumətinə tabe olmaq istəmədigini andırmaq istəyən bu sözlərin böyük bir yalan olduğü, ermənilərin yeddinci yığıncağında əksəriyyəti-əzimənin Azərbaycana tabe olalım deyə qəbul etdikləri qərardan aşkardır. Bugün əgər Zəngəzuru bulandıran daşnak fitnəçiləri Zəngəzurdan dəf edilərsə, oranın ümumerməni əhalisi Azərbaycan təbəəliyini böyük bir meyl və rəğbətlə qəbul edib, daşnak xüdə və dəsisələrindən qurtulduqlarına da şükürlər edərlər. Çünki Zəngəzur erməniləri bir kərə Azərbaycandan ayrılsalar, siyasidən əlavə iqtisadi fəlakətlərə məruz qalıb acından ölərlər.

Bədən “Slovo” qəzetəsi bizim və Ermənistanın notalarım lisan və tərzi-ifadə nöqteyi-nəzərindən “tədqiq" edib Ermənistan notasını sülhamiz bir lisan hüzur və ctidalə riayət edən bir ifadə ilə yazılmış görür və bizim notamızın şiddətli lisanmdan sülh və sazişə meyl göstərməyən üslub, ifadəsindən şikayət edir və bundan da bir nəticə çıxarır ki, Ermənistanın hüzur və etidal ilə danışmağı haqda və mənəvi bu qüvvətə güvəndiyindəndir. Halbuki bizim özümüzü zəbt eləmədigimiz haqsız olduğumuzu hiss etməyimizdənmiş. Deməli,” sən ki, hiddət edirsən həqsızsari' demək istəyir. Erməni notasının hüzur və etidalə riayətlə yazıldığını biz də inkar etməyirik. Lakin bu “pişiyimpişiyim” ilə bizim toprağımızın ən mühüm bir qitəsini əlimizdən almaq, istəyənlərə acıq tutmamaq və hiddət etməmək qabildirmi? Əgər Azərbaycan Ermənistanın toprağından bir parçasını ən mülayim, ən şirin, hətta “mən ölüm və qurban olum" təbirləri istemalinə vanncaya qədər yumşaq bir dil ilə istəsə və bunda da israr etsə, Ermənistan boylə bir həqsız tələbdən hiddət etməzmi?

Bundan başqa, bir var ki, dildir, bir də var ki, əməl. Zəngəzur həqqında mülayim dil ilə bizə nota verən Ermənistan, Zəngəzur müsəlmanlarının başına nasıl dürüşt zalimanə və birəhmanə oyunlar gətirir.

“Slovo” və əmsalının erməni hökumətini müdafiəsi və bu hökumətin sülh və saziş niyyətlərindən bəhsi heç bir kəsi inandıra bilməz. Qafqaz cümhuriyyətləri arasında “ixtilaflı məsələlər" birinci qılıc çəkən, birinci olaraq qardaş qanı tökən erməni cümhuriyyəti oldu ki, sülh və saziş təriqindən imtina edib gürcü üzərinə hücum etdi. Özgənin malına və torpağına təmə edən yenə birinci Ermənistan oldu ki, Naxçıvan üzərinə hücum edib özgənin yerinə sahibləndi və bugünkü eyni Ermənistandır ki, məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir. Azərbaycan öz toprağını qorumaq üçün qılıc çəkməyə məcbur olacaqsa və arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan deyil, bəlkə hər kəs və hətta Qafqazla əlaqə peyda etmiş Avropa hökumətlərinin nümayəndələri də iqrar edirlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 244-247.