Üzeyir Hacıbəyli

Yeni kabinə təşkilinə dair

Fətəli xan Xoyski həzrətlərinin istefası həqqında yazmış olduğumuz "Yeni böhran" sərlövhəli məqaləmizdə Xan həzrətlərinin bu qədər zəhmət və məşəqqətlər bədində istirahətə ehtiyacı olduğunu iqrar və etiraf etdik və yeni rəüsülvüzəra seçkisində lazım olan şərtlər riayətindən bəhs açıb, bu şərtlərdən ümdələri olmaq üzrə ikisini göstərdik və dedik ki, yeni rəis əvvəla fəal, bacarıqlı və saniyən sahibi-təçrübə olmalıdır.

Görünür, parlaman sədri Həsən bəy həzrətləri dəxi bu nəzərə şərik imiş ki, kabinə təşkili üçün rəis ararkən bir taqım xüsusi şərtlərdən əlavə bu iki şərti dəxi nəzərə alıb kabinə təşkili işinə sabiq kabinə əzalarından maarif naziri Nəsib bəy Yusifbəyli həzrətlərinə həvalə edibdir.

Nəsib bəy həzrətlərinin fəal və son dərəcə çalışqan bir zat olduğu bizə məlum olan kimi onun keçmişdə gördükləri işlərdən xəbərdar olanlara dəxi məlumdur.

Karkünlikdən əlavə xüsusi təbiətində Hafiz əleyhirrəhmənin badustan mürüvvət, badüşmanan mədara".

Kəlami-hikmətamizi məfadinə müvafiqət edən və bununla bərabər həqqı nahəqqə verməməkdə sahibi-səbat olan bir mizacə malik olduğunu da o zatı yaxından tanıyanlara məlumdur.

İdareyi-məmləkət işindəki təcrübəyə gəlincə Azərbaycan istiqlalı elanı günündən bəri bir nazir məqamında qalaraq təbiidir ki, bu mühüm işdə tam bir vüquf sahibi olub, işin nerədən başlandığından, nə yerdə qaldığından və nə yolda davam etdirmək lüzumundan kəmalincə müxbirdir.

Məsləki-siyasisinə gəlincə əsl demokrat və geniş nəzərli səmimi bir millətpərəst olduğu "Müsavat" partiyasına mənsubluğuna görə degil, bəlkə özünün tərzi-məişətindən qövl və felindən görünən aşkara bir həqiqətdir.

Bu üzdən idareyi-ümur məmləkətdə məqami-riyasətin karkün kardan və sahibi-təcrübə olan sınanmış bir millətpərəst əlinə tapşırılmasından naşi məmnun olub da gələcəgə xoş nəzərlə baxırıq.

Nəsib bəyin birinci ağır və müşkül vəzifəsi, özünə tapşırılmış olan kabinə təşkili məsələsinin həllidir. Bu məsələnin o sayaq, bu sayaq həll edilməsi, təbiidir ki, Nəsib bəyin özünə məxsus olan gələcək fəaliyyətinə böyük təsir edəcəkdir. Müəyyən bir işə girişən həm qətarların, əwələvvəl həmfikir olmaları birinci şərtdir. Arada bu şərt olmazsa Krılovun "Ördək, balıq və xərçəng" hekayəsi doğru olub "araba yerində qalar" və iş yeriməz.

Həmfikir kabinə təşkili əmrində işi çətinləşən kabinənin koalisiyon (müştərək) olmaq şərtidir. Yəni kabinə əzaları hər fraksiyaya mənsub adamlardan seçilməlidir. Halbuki hər bir fraksiyanın özünəməxsus siyasi məsləki və xüsusi proqramı olduğundan ümuriidarəcə bütün ümumi və xüsusi işlərdə həmfikir olan kabinə təşkil etmək həqiqətən çətin bir əmrdir. Nəsib bəy gərək bu çətinlikdən çıxsın və kənari-təzyiqata qarşı durub da özünə yoldaş olmaq üzrə öz bəyəndiklərini, yəni hər bir çəhətdə etimad və etibar etdigi adamları seçsin. Ümumi və xüsusi idarə işləri arasında əvvəl-əvvəl əsası bir məsələ var ki, o məsələ üstündə kabinənin bütün əzaları hansı fraksiyadan olur-olsun biduni-şərt və şrut mütləqən həmfikir olmalıdır. O əsasi məsələ istiqlal məsələsidi ki, qeyd və haşiyə qəbul etməz bir əsasdır. Bu əsası zahirən və batinən qəbul etmiş olan əzalar xüsusiyyət cəhətlərincə də mədaza ilə iş görmək istedadına malik olarlarsa, bir kabinə əmələ gəldi, inşallah, "araba yerində qalmaz" degib, ümidvar ola bilərik, bu şərtlə ki, bir də bu əzalar fəal və çalışqan və iş bacaran olalar.

Biz ümidvarıq ki, Nəsib bəy həzrətləri hər bir barədə layiqli bir kabinə əmələ gətirmək işində məharət göstərib bu çətin əmrin öhdəsindən gələrlər və tezlik ilə kabinə təşkil edib də məmləkəti böhrandan xilas edərlər. Bu xüsusda müvəffəqiyyətlərini kamali-dil ilə arzu edənlər cümləsindəyik.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 126-127.