Zəmanəmizə layiq musiqi əsərləri yaradaq
ÜİK(b)P Mərkəzi Komitəsinin "Zvezda" və "Leninqrad" məcmuələri, dram teatrlarının repertuarı və onu yaxşılaşdırmaq tədbirləri, "Böyük həyat" kino-filmi haqqındakı tarixi qərarları, həmçinin A. A. Jdanov yoldaşın "Zvezda" və "Leninqrad" məcmuələri haqqında məruzəsi, gələcəkdə ədəbiyyatımızı, dramaturgiyamızı, teatr və kinomatoqrafiya sənətini inkişaf etdirmək üçün gündəlik işimizdə mübariz məramnamə hesab olunur. Bu dərin məzmunlu sənədlər, incəsənətimizin məfkurə və bədii keyfiyyətini yüksəltmək, onu xalqın tələbləri səviyyəsinə qaldırmaq və hərtərəfli inkişaf etdirmək üçün bizə yol göstərir.
ÜİK(b)P Mərkəzi Komitəsi müasir mövzuda əsərlər yaratmağın böyük əhəmiyyətini öz qərarlarında tam aydın surətdə göstərmişdir. Partiyamızın bu göstərişləri bütünlüklə sovet bəstəkarlarına da aiddir. Biz sovet bəstəkarları, məfkurə cəbhəsinin etibarlı əsgərləriyik. Biz, məfkurəcə dolğun, xalqımızın zövqünü oxşayan gözəl musiqi əsərləri yaratmaqla bərabər, eyni zamanda böyük sosialist dövlətimizin qəhrəman sovet xalqımızın qarşıya qoyduğu mühüm siyasi vəzifələrdən bizi uzaqlaşdırmağa çalışanlarla qəti mübarizə aparmalıyıq. Bizim bütün fəaliyyətimiz, bütün yaradıcılığımız məfkurəcə dolğun olmalı və xalqımızın mübarizəsinə kömək etməlidir.
Sovet bəstəkarları xalqın rəğbətini qazanan bir sıra yüksək məfkurəli əsərlər yaratmışlar. Lakin musiqi mədəniyyəti sahəsinə qazandığımız nailiyyətlər qətiyyən bizi kifayətləndirə bilməz. Yaradıcılıq işlərimizdə hələ mühüm nöqsanlar olduğunu unutmamalıyıq.
ÜİK(b)P Mərkəzi Komitəsinin qərarları ilə əlaqədar olaraq oktyabrın əvvəllərində SSRİ Sovet Bəstəkarları Ittifaqı təşkilat komitəsinin geniş plenumu olmuşdur.
Bu plenumda bir sıra böyük əhəmiyyəti olan məsələlərlə yanaşı müasir mövzuda musiqi əsərləri, operalar yaratmaq məsələsi də müzakirə edilmişdir.
Plenumda operalar haqqında çox danışıldı. Məsələn, Dzerjinskinin "Nataliya Svetlova" adlı operası (bu əsər M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində də tamaşaya qoyulmuşdur) kəskin tənqid edildi. Bu əsər xalqımızın sovet operası qarşısına qoyduğu yüksək tələblərə cavab vermir, onun məzmunu hazırkı möhtəşəm vəzifələrə nisbətən çox solğun və əhəmiyyətsizdir. Bu operada sovet tamaşaçısının bədii zövqünü oxşayan, onu qane edən obrazlar yoxdur.
SSRİ Sovet Bəstəkarları İttifaqının sədr müavini Xaçaturyan yoldaş öz məruzəsində göstərdi ki, bizdə tarixi əhəmiyyətə malik olan operalar vardırsa da, müasir mövzuda əsərlər yoxdur. Mən plenumda Azərbaycanın gənc bəstəkarlarından Qara Qarayevin və Cövdət Hacıyevin sovet həqiqətlərini təcəssüm etdirən "Vətən" operası yazdıqlarını xatırlatdım. Biz, bugünkü qəhrəmanın həyat və mübarizəsini əks etdirən və Dövlət mükafatına layiq görülən operamızın olmasilə fəxr edirik. Gənc bəstəkarlarımız bu əsərin mövzusunu seçməkdə və öz qəhrəmanlarının obrazını yaratmaqda olduqca düzgün yaradıcılıq yolu tutmuşlar.
Opera yaratmaqda librettonun böyük əhəmiyyəti vardır. Bəstəkarın librettonu qavramağı mühüm şərtdir. Əsərin əsasını təşkil edən təkcə musiqi deyildir. Bəstəkar özü də librettonu yazıb yaratmaqda iştirak etməlidir. Bəstəkarla libretto yazan arasında sıx əlaqənin olması olduqca zəruridir. Hərgah libretto bəstəkarı qane etmirsə, o, yazıçılar ittifaqına müraciət etməli, göstərməlidir ki, yazılan libretto onun tələbinə cavab vermir və musiqiyə uyğun gəlməyir.
Yazıçılarımız bəstəkarlara kifayət qədər mətnlər yazırlar. Lakin operalar yaratmaq məsələsi onları az düşündürür. Yazıçılar ittifaqı bu məsələ haqqında xüsusi qayğı bəsləməlidir. Məlumdur ki, bəstəkarlar libretto yaza bilmirlər. Onlar üçün librettolar yaratmaq lazımdır.
Simfonik musiqimizin inkişafına gəlincə hələ 1944-cü ildə, Tbilisidə keçirilən Zaqafqaziya xalqlarının musiqisi dekadası zamanı gənc bəstəkarlarımızın yaratdığı əsərlər bizdə gözəl təsir oyatdı. Azərbaycan Dövlət filarmoniyası yanında simfonik orkestr yaradılmışdır ki, bu da bəstəkarların öz yaradıcılıq işlərini genişləndirməsinə böyük imkanlar verir. Biz, bu yaxınlarda Qara Qarayevin və Cövdət Hacıyevin simfoniyalarını dinlədik. Bu əsərlər onların yaradıcılıq inkişafını göstərdi. Onlar orkestrovkanı, səs sürətini gözəl mənimsəmişlər. Yalnız musiqi dili məsələsi mübahisəlidir. Mən istəyirəm ki, Azərbaycan bəstəkarları öz doğma xalqının musiqi dilində simfoniyalar yaratsınlar. Bu, məsələyə böyük diqqət yetirmək lazımdır. Azərbaycan xalq musiqisi başqa xalqların musiqisinə nisbətən öz ahəngdarlığı ilə zəngindir. Simfoniyaları xalq musiqisinin ahəngilə qidalandırmaq ən zəruri tələbimizdir. Hərgah xalqın musiqi dilinə uyğun gəlməyən, xalqın tələbinə cavab verməyən simfoniyalar yazsaq, bizdən soruşarlar: bəs bu simfoniyalar nə üçün öz xalqımızın musiqi dili ilə ahəngdar edilməmişdir? Buna görə də simfoniyaların dili haqqındakı məsələ bütün kəskinliyi ilə qarşımızda durur. Bəstəkar xalqla, aydın və öz doğma ana dilində danışmalıdır. Bunun üçün bəstəkarlarımız xalq musiqi dilinin bütün qanunların düzgün öyrənməli, aydın bir dildə yazmağa çalışmalıdırlar. Onlar belə etməzlərsə, xalqın tələblərindən uzaq düşə bilərlər. Bəzi bəstəkarlarımızda belə bir meyl vardır ki, onlar xalq üçün deyil, musiqiçilər üçün musiqi yazırlar. Belə bəstəkarlar musiqi yaradarkən filan musiqi müəlliminin, yaxud filan musiqiçinin zövqünü ödəməyi nəzərdə tuturlar, halbuki, onlar bəstəkarın qarşısında mürəkkəb və yüksək tələblər qoyan xalqı nəzərdə tutmalı, xalqın ruhunu oxşayan əsərlər yaratmalıdırlar. Musiqiçilər hər bir musiqi əsərinin yalnız ahəngi, forması, çalğı alətlərində ifa etmək üçün nə qədər uyğun olub-olmadığı ilə maraqlanırlar. Xalq isə bəstəkarın yaratdığı musiqi əsərindən qəlbinə təsir edəcək mənəvi qida tələb edir. Əgər bəstəkar buna müvəffəq olmayırsa, o bəstəkar deyildir. Buna görə də xalqa xidmət etmək istəyən hər bir bəstəkar öz yaradıcılıq işini tamamilə yenidən qurmalıdır.
Bizim xalq musiqisi, yəni xalqın yaratdığı musiqi kafi qədər inkişaf etmiş bir sahədir. Xalq musiqisi əsasında əsərlər yazan bəstəkarlarımıza gəlincə, onlar bu musiqini düzgün qavramaq üçün bütün qüvvələrini sərf etməlidirlər. Musiqi mədəniyyətimizi inkişaf etdirmək üçün xalq musiqisi möhkəm və gözəl bünövrədir.
Bəstəkarlar İttifaqında tənqid bölməsi vardır. Biz bu bölmənin işinə lazımi qədər diqqət yetirməmişik. Tənqid bölməsində çalışan yoldaşlar tənqid sahəsində heç bir iş görməmişlər. Nüfuzlu və inandırıcı musiqi tənqidini inkişaf etdirmək ən mühüm vəzifədir. Tənqid bəstəkarların əsərlərinə bədii və məfkurəvi nöqteyi-nəzərdən, onların Mərkəzi Komitənin qarşıya qoyduğu tələblərə necə cavab verməsi nöqteyi-nəzərindən yanaşmalıdır. Görünür bizim tənqidçilər bütün bu aktual məsələləri hələ özləri üçün yaxşı aydınlaşdırmamışlar. Biz, ÜİK(b)P Mərkəzi Komitəsinin qərarlarından və Jdanov yoldaşın məruzəsindən lazımi nəticələr çıxarmalı, tənqid bölməsinin işlərini yenidən qurmalı və elə etməliyik ki, musiqi tənqidimiz nüfuzlu və istiqamət verici olsun. Belə prinsipial, həqiqi tənqid olmadan musiqimizi inkişaf etdirə bilmərik. Təkcə əsərləri deyil, estradada, filarmoniyada və radioda musiqi əsərlərinin necə ifa olunduğunu da tənqid etmək lazımdır.
Musiqi sənətimizi inkişaf etdirmək və nöqsanlarımızı aradan qaldırmaq üçün tənqid bütün işlərimizdə əsas yer tutmalıdır.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 233-236.
