Üzeyir Hacıbəyli

Ordan-burdan: [Bir qədər qəzetəçilik dərs]

Müəllim - Qəzetəyə hər cür şey yazmaq olarmı?
Şagirdlər - Xeyr, olmaz.
Müəllim - Necə olmaz? Bəs qəzetənin başında "Hürriyyət" yazılıbdır?
Şagirdlər - Doğrudur, hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun.
Müəllim - Çünki o halda qəzetə nə olar?
Şagirdlər - O halda qəzetə zibil səbəti olar.
Müəllim - Çox yaxşı, bəs o surətdə kim kimdən inciməlidir, qəzetənin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qəzetənin müdirindən?
Şagirdlər - Qəzetənin müdiri yazı yazıb da yazdığı çap olunmayandan inciməlidir.
Müəllim - Nə üçün?
Şagirdlər - Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qəzetəsini zibil səbətinə döndərmək istəyirmiş.
(Bəzi yazı yazıb da yazdıqları çap olunmayan şəxslərdən təvəqqe olunur ki, bu sözlərdən hələ tez inciməyib, dərsin dalına qulaq assınlar).
Müəllim - Bəs qəzetəyə nə tövr məqalə yazmalıdır ki, çap olunsun?
Şagirdlər - Əvvəla, qəzetənin məsləkinə müvafiq olsun.
Müəllim - Məsələn, nə tövr?
Şagirdlər - Məsələn, qəzetənin məsləki budur ki, tərəqqiyə mane olan şeylər rəf edilsin. Ona görə əgər birisi durub yaza ki, dəmir yolu şeytan əməlidir və gödək paltar geymək haramdır, o surətdə onun məqaləsi çap olunmayıb, zibil səbətinə düşər.
Müəllim - Və saniyən?
Şagirdlər - Və saniyən mətbuat qanunlarına müğayir olmasın.
Müəllim - Nə tövr?
Şagirdlər - Mirzə, onu müdir özü canının qorxusundan yaxşı bilir.
Müəllim - Və salisən?
Şagirdlər - Və salisən, qərəzi şəxsi ilə yazılmasın.
Müəllim - Nə tövr?
Şagirdlər - Məsələn, Əli Vəli ilə qumar oynaya, Vəli də Əlinin pulunu uda. O surətdə Əli götürüb qəzetəyə belə bir şey yaza: "Ay, cəhalət bizi basdı, qəflət yuxusu axırımıza çıxdı. Biz nə vaxtadək öz hüququmuzu anlamayıb, onun bunun əlində müztər qalacayıq? Bir insaf edin, özgə millətlərin cavanları elm və ədəb dalına düşüb millətə xidmət etmək yolunda can qurban edirlər. Amma bizim cavanlarımız, əz on cümlə, məsələn, cənab Vəli bəy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır və xalqın pulunu udur. Möhtərəm müdir, təvəqqe edirəm ki, adımı yazmayıb, imzamı "Canı yanan" qoyasınız. Bu cürə kağızların da yeri zibil səbətidir.
Müəllim - Xub. Və rabəən?
Şagirdlər - Və rabəən, şəxsi işlər yazılmasın.
Müəllim - Nə tövr?
Şagirdlər - Məsələn, biri belə yaza: Müdiri möhtərəm, çox təvəqqe edirəm ki, mənim bu kağızımı çap edəsən. İsrağa gün mən çəkmə almaqlıq qəsdilə Məşədi Filanın dükanına getdim. Məşədi Filan məndən 12 manat nəqd pul alıb, bir cüt çəkmə verdi. Çəkməni geyib bir gün gəzəndən sonra gördüm çox dardır və ayağımı bərk sıxır. Əhvalatı Məşədi Filana nəql elədim. Dedi mən nə qayırım, dedim çəkməni geri al və ayrısını ver. Dedi olmaz, xarablamısan! Nə qədər elədim olmadı. İndi bu əhvalatı cəmi müsəlman qardaşlarıma bildirib sual edirəm ki, aya rəvadırmı ki, həmi pulum getsin, həm də çəkmə ayağımı çolaq eləsin! Bu da səbət malıdır.
Müəllim - Xub və xamisən?
Şagirdlər - Və xamisən biməna şeylər yazılmasın.
Müəllim - Nə tövr?
Şagirdlər - Məsələn, bu gün tək və tənha əyləşib öz-özümə fikir edirdim. Müsəlman millətinin xar və zəlil olmağı barəsində. Hansı ki, ayrı millətlər hamısı qabağa gedir, amma biz bədbəxtlər geriyə qalıb, hansı ki, gərək biz hamı millətlərdən qabaqda olub, yüzlərcə məktəblərimiz olub, uşaqlarımız dərs oxuya idi. Hansı ki, indi küçələrdə "əl- məndə" oynayırlar. Müdir möhtərəm, təvəqqe olunur ki, çox tez qəzetənizdə çap eləyib, adımı da "Nalan" qoyasınız.
Müəllim - Müdiri möhtərəm, bu məqaləni tezmi çap edər?
Şagirdlər - Deyir, müdiri möhtərəm, bu məqaləni cırıq-cırıq eləyib öz-özünə deyər: bunun əvəzinə bir əhvalat yazıla idi, yenə bir şey olardı.
Müəllim - Və sadisən?
Şagirdlər - Və sadisən, fitnə və fəsad qovzayan olmasın. Müəllim - Nə tövr?
Şagirdlər - Daha onu burada yazmaq lazım deyil. Çünki məqalə yazan özü bilir ki, fitnə qəsdi ilə yazıbdır.
Müəllim - Çox gözəl, dərsinizi yaxşı bilirsiniz. Əgər müsəlman yazıçıları da bu dərsləri əzbərləsəydilər, nə olardı?
Şagirdlər - Özlərinin və müdirin vaxtını zaye etməzdilər. 7 qəpiklik markanı, iki qəpiklik mürəkkəbi və bir qəpiklik qələmi kor qoymazdılar və zibil səbətini ağzınadək doldurub xidmətçinin də əziyyətinə səbəb olmazdılar.
İdarədən - Ay olaydı ha!

                                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 46-48.