Üzeyir Hacıbəyli

Qara təhlükə

İstiqlalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir qara əl həman istiqlalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı.

Xarabazara dönmüş vətənlərini düşmənlərindən xilas etməkdə aciz olan rusun qaraüzlü olan “ağ” generalları, özgələr üzərində ağalıq etmək xəyali-şeytanət malının sevqiylə Dağıstan millətlərinin ittihadsızlıq və nifaqlarından və millət xainlərinin əməllərindən istifadə ilə Şimali Qafqaza və ümudağıstana soxulub Dağıstan islamlarını təhti-əsarətə aldıqdarı sonra bugünkü fikri Azərbaycan türkləri üçündür.

İstər sağ, istər sol rusların hökuməti zəmanında cəhənnəmə dönmüş olan vətənimizin, özümüzün və öz hökumətimizin himmət və həmmiyyəti sayəsində gündən-günə gözəlləşməkdə olan hali həsud imperialistlərin və onlara nökərçilik edənlərin xain qəlblərini və çürük beyinlərini narahat etmədədir ki, əslində zatən cəhənnəm əhli olduqlarına görə də vətənimizi təkrar cəhənnəmə döndərmək istiyorlar.

Cəhənnəm görmək istəyənlər o cəhənnəmi, əlbəttə, görərlər. Lakin bizim vətənimizdə degil, bəlkə vətən övladımızın qeyrətli əllərində tutmuş olduqları şanlı silahın mərdanə zərbələri onları cəhənnəmə vasil etməklə arzularına çatdırırlar.

Azərbaycan türk və islamları rus qırmızı sollarının ayaqlan altında inləyən vətəni ondan ötrü xilas etmədilər ki, sonra onu rusun qara sağlarının əli altına əsir versinlər!... Bir bu qədər tökülən qanlar, qurban edilən canlar, viran olunan xanimanlar bahasilə istirdad edilmiş olan hüququmuzu əlimizdən almaq istəyənlər, o əl sahiblərinin türklük və islamlığa məxsus qeyrət və namuslarından əzm və səbatlarından bixəbər olmalıdırlar ki, bu cürə xam xəyallara düşürlər.

Hökumət ilə cəmaətimizin sanki bir ağızdan çıxan “ölmək var, dönmək yoxdur” şüarı görünür ki, hələ qara denikinlərin qulaqlarına çatmayıbdır. Onun üçündür ki, bizi təhdidə cəsarət edirlər...

Biz bilirik ki, Denikinin bizə qarşı hazırlamaqda olduğu təhlükə böyükdür. Yəqinimizdir ki, deniklilər üzərimizə böyük bir qüvvət ilə hücum edəcəkdirlər. Lakin qorxmuruq bu təhlükəni dəf etmək yolundakı əzm və səbatımız ondan daha böyük və daha qüvvətlidir.

Düşmənin, haqsız düşmənin zor və qüvvətilə bizi qorxutmaq istəyənlər bunu bilməlidirlər ki, iki milyonu mütəcaviz olan Azərbaycan türk və islamlarının zərurət məqamında hamısı da olmasa yarısı əsgərdir. Bir türk əsgərinin də qiyməti-əskəriyyəsini mülahizəyə alsaq, bizi düşmən zorla degil, düşməni biz zorumuzla qorxutmaq daha səhih ədd olunar zənnindəyik.

Bu yüzdən qara təhlükəni dəf etməkdə dost və düşmən qabağında ağ üzlə çıxmağımıza qüvvətli bir ümid bağlayub da heç bir şübhə etməməlidirlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 183-184.