Üzeyir Hacıbəyli

Ordan-burdan

- Salaməleyküm, yoldaş!
- O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
- Ay yoldaş... necə olacaq, elə əvvəlki kimidir də!.. Ancaq qəhətlik, fəqirlik...
- Yaxşı, Əbdülkərim, bircə de görüm mənə, strajniklər yenə əvvəlki kimi çapıb aparırlar?..
- Ay yoldaş! İndi strajniklər əvvəlkindən də yaman çapqınçılıq edirlər və artıq payədə. Bəzi vaxt gəlirlər ki, pristav töycü pulu istəyir. Biz deyəndə ki, atam, babam - zalımsınız, heç olmasa bir insaflı zalım olunuz, deyirlər ki, oğurluq elə, amma insafını əldən buraxma!.. İndi, siz də soyub aparmışsınız, bir möhlət verin bir az özümüzü düzəldək, yenə gəlib aparın... Bimürüvvət oğlanları razı olmayıb, şey-meymizi götürüb hayda! Demək istədilər, hər yerə göz yetirdilər, dörd gözlü olub, marıtladılar, hisli sacdan, sınıq tabaqdan, oxlovdan, şikəst çıraqdan, yırtıq keçədən, nimdaş çarıqdan, xalçasız xanadan, dəhrədən, bir qəbzə bıçağından başqa, evdə bir şey tapmadılar. Keçən illərin mis qabları, yorğan-döşək və xalçaların dadları damaqlarında qalmış idi... hə... axır ki, evdə bir şey tapmayıb, bayıra çıxırlar, şovqərib, mirasa qalmış toyuqlar qa-qa deyib çığırmağa başlayır və strajniklər tuthatut... toyuqların ayaqlarını sarıyıb aparırlar... Deyirəm, xudaya bu nədir?
Bunu deyib, həmsöhbətim bir ah çəkib, xudahafiz edib getdi.
                                                                                                              * * *
Töycü söhbətini açdım, yadıma bir şey düşdü: görək bizim boynumuzdan da bu dinməver, danışmaver, tərpənməver, baxmaver, eşitməver, bilməver və ilax... və bir də çay pulu və papiros adlanan töycülər götürüləcəkmi? Bu məmurlar, polis əhli və qeyri-çinovnik əhli o qədər "çay və papiros" pulu alıblar ki, camaat bu pulların verilməsini adət və vəzifə edibdir və görürsən elə yerdə elə ittifaqda məmura oxşayan kimsəyə təklif edir ki, əsla lazım deyildir. Məsələn, keçən seçkidə evlərin kirayənişinləri və ümumən "bütün şəxslərin" (bizim haqq intixab üsulu elədir ki, iyirmi dörd il on bir ay iyirmi doqquz günlük sini olan, yaxud bu axır senat bəyannaməsinə mülahi- zatən mətbəxsiz əlahiddə qapısız və bir ildən əskik, məsələn, 11 ay 20 gündən bəri kirayə tutulmuş evdə olan kirayənəşin yarım adam hesab olunur) siyahisini tərtib edəndə evin sahibi Hacı Dümək yazıçısını yanlayıb deyir: "Bəy, çox təvəqqe edirəm ki, yaxşı yazasınız... əgər... istəsəniz... sizə bir qədər "papiros pulu"... verərəm...".
Yazıçı cavab verdi: Əmi, mən bunu yazmağım əvəzinə pul almayıram... bu mənim vəzifəmdir. Mən bunu yazmağa borcluyam...
Bədbəxt camaat, gör rüşvətçi məmurların xasiyyətlərinə özünü necə adətləndirib!
                                                                                                             * * *
Oğru, xırsız istər ki, həmişə gecə qaranlıq və zülmət olsun ki, "kəsbkari tərəqqi" eləsin...
İndi bizim məmurlar da əllərilə də, ayaqları ilə də və başları ilə də səy edirlər ki, camaatı zülmətdə və avamlıqda baqi eləsinlər ki, belə- belə sözləri aşikar olmasın. Hətta bir pristav "vətənpərəstliyindən" savadlı gəncləri görəndə gözləri çıxırdı, tükləri biz-biz dururdu və belə savadlının "divanxanaya", yəni "ədalət çeşməsinə", işləri düşəndə ağa pristav ona: Səndən zəhləm gedir - deyib qovardı. Amma savadsızlara pristav himayə edib, bir sərnic süd, yaxud bir bəsti bal, ya ki, yüz yumurta əvəz alar idi... Pristavın bu mücahidliyinin nəticəsi bu oldu ki, savadlı kəndçi qol çəkmək, kağız imzalamaq lazım gəldikdə, "xeyr! Mən savadlı deyiləm" - deyib özünü avam göstərirdi ki, pristavın qəhərinə düçar olmasın...
Xudavənda! Sən özün bizi belə məmurların şərrindən hifz elə!

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 258-260.