Təskinlik
Bundan bir neçə gün qabaq yetişən teleqram ki, Səttərxan Eynüddövlə tərəfindən mühasirə edilibdir, bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdı.
Hər kəs "Aya, görəsən nə olacaq?"-deyə kamali-iztirabla teleqram gözləyirdi. Lakin minlərcə şükürlər olsun ki, bu gün qəzetimizdə dərc olunmuş Təbriz teleqramı əndişəmizi bir dərəcəyə qədər təskin etdi.
Bəli, Eynüddövlə bir o qədər hədə-qorxu gəlmədən sonra şəhəri topa tutubdur. Və üç gün top atəşi davam edibdir. Lakin "Dövlətin gözünün" bu bombardmanı heç bir nəticə verməyibdir. İndi aşkardır ki, Eynüddövlənin (ayıb olmasın) qoşunundan ibarət nə imiş, hətta, rus teleqraf agentası kamali-bədbini ilə deyir ki, Eynüddövlənin qoşunu vəhşi və qeyri-müntəzəm dəstələrdən əmələ gəlib, heç bir şeyə lazım deyil.
Bir məsəl var deyərlər ki, eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. İştə, Eynüddövlənin bu "hücum və bombardmanı" haman eşşəyə minib düşməkdən ibarət oldu.
Bəli, amal və əfkarm-aliyə sahibləri əsnayi-mübarizədə böyük bir qüvvəti-mənəviyyəyə malik olurlar ki, o qüvvəti- mənəviyyə onların cismani qüvvəsini ikiqat artıracaq dərəcə əhəmiyyətli və mənidardır.
Bu gün Səttərxanla tərəfdarlarının halı buna şahiddir.
Qoy indi Eynüddövlənin quldurları get-kedə artsın, heç bak yoxdur! Onlar yalnız quldurluqdan başqa bir şey bacarmazlar. Bu gunə müharibələr onların işi deyildir.
Lakin burada bizi məyus edən o xəbərdir ki, Təbrizdə çörək yoxdur və ətraf-əknafdan Təbrizə heç bir şey buraxmırlar.
İştə, bunun üçün bir tədbir və çarə bulmaq lazımdır.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 97-98.
