Üzeyir Hacıbəyli

Əhəmiyyətli bir məsələ

Bu gün şəhər idarəsinin məkatib komissiyasında Qori seminariyasının müsəlman şöbəsinə dair Qafqaz maarif müdirinin (popeçitelinin) çoxdan bəri gözlənilən cavabı təhti-müzakirəyə qoyulacaqdır. Haman cavabın məzmunu hələlik bizə məlum deyilsə də, sonra məlum olacaqdır. Fəqət cavabı bilməkdən qabaq bu məsələ barəsində qarelərimizə təfsilat verməyi lazım bilirik.

O vaxtdan bəri ki, ümum məktəblərimizdə əvvəl illəri ana dilində dərs vermək haqqı verildi, ana dilincə savadlı müəllimlərə ehtiyac göründü. Müəllimlərimizin də əksəri Qori seminariyasında ikmali-təhsil etmiş cavanlar olduğu məlumumuzdur. Lakin Qori seminariyasını qurtarmış olan müəllimlərin əksəri ana dilincə savadlı olmurlar, ondan ötrü ki, haman seminariyada ana dili oxunmur. Oranın proqramı bu dil üçün yol vermir, orada ancaq həftədə iki dəfə şəriət dərsi oxunur. Seminariya qurtarmış müəllimlər ana dilində savadlı olurlarsa da, əksərən, ya pedaqogika elmindən xəbərləri olmadıqlarına görə, tədris və təlimdə bilaixtiyar səhv və xətadan xali olmurlar. Müsaid zamanlarda qeyrətli müəllim və cavanlarımızın himmət ilə Bakıda qurulmuş olan müəllimlər ictimaı bu məsələyə diqqət yetirdi və bu barədə də şəhər idarəsinə dəxi müraciət olundu. Bunun nəticəsi olaraq şəhər idarəsinin məkatib komisyonu üzvlərindən doktor Vəkilov və sairələri Qafqaz maarif müdirinin yoldaşı Slavinski Bakıya gəldiyi zaman ona müraciət edib, Qori seminariyasının müsəlman şöbəsində əsaslı surətdə türk dili təlim edilməsi üçün Qafqaz maarif müdirinin müsaidat və bu yolda vəsatətini iltimas etdilər. Slavinski cənabları bu əhvalatı Qafqaz maarif müdirinə ərz etməyi vəd etdi. Bir xeyli vaxtdan sonra Qafqaz maarif müdirindən müsaidamiz bir cavab gəldi ki, seminariyanın müsəlman şöbəsində türk dili təliminə onun heç bir mümaniəti yoxdur, ancaq bu məsələ vəzirlər şurasından sonra Dövlət duması ilə Dövlət şurasından keçirilməlidir ki, xəzinə də buna lazım olan pul buraxsın və xüsusi bir müəllim təyin etsin və illa onsuz pul buraxılmaz. İş belə olan surətdə şəhər idarəsindən Qafqaz maarif müdirinin bu cavabı müzakirə olunub qərar verildi ki, haman məsələ ali dövlət müəssisələrində müzakirə olunub qurtarıncaya qədər haman xərci camaat özü versin. Əzcümlə bu yolda əvvəl dəfə kömək etməyi Bakı şəhər idarəsinin boynuna qoymaq lazım gəldi. Söz yoxdur ki, şəhər idarəsinin maliyyət komisyonu Bakı şəhərində, doğrudan-doğruya, aid olmayan belə bir iş üçün asanlıqla pul buraxmazdı. O idi ki, bir xeyli qeylüqaldan sonra şəhər idarəsi Qori seminariyasının müsəlman şöbəsində türk dili təlimi üçün min beş yüz manat pul verməyə razı oldu.

Bu əhvalat Qafqaz maarif müdirinə bildirildi və on- dan təkrar izn istənildi ki, haman şöbəyə müəllim təyin edilib, dərslərin miqdarı da qərar qoyulsun. Bunun üçün Bakı şəhər idarəsinin min beş yüz manat təxsis etdiyi də əlavə ərz olundu.

Bu səfər dəxi Qafqaz maarif müdirindən cavab gəldi ki, haman məsələ Qori seminariyasının müəllimlər şurasına bildirildi ki, orada müzakirə olunub, müzakirənin qərardad Qafqaz maarif müdirinə bildirilsin. Və o qərardad maarif müdiriyyəti şurasında müzakirə edilsin. O vaxtdan bəri bu məsələdən bir xəbər yoxdur. İndi bugünkü xəbərdən məlum olduğu üzrə haman məsələ Qori seminariyasının müəllimlər şurasında müzakirə olunubdur ki, Qafqaz maarif müdiri də şəhər idarəsinə cavab yazmışdır. Cavabın məzmunu sabah və ya o biri gün bizə məlum olar. Həqiqət, Əgər bu məsələ arzu olunan surətdən həll olunsa və bundan başqa seminariyanın haman müsəlman şöbəsi Zaqafqaziya müsəlman şəhərlərindən birinə köçürülsə, o halda ana dilində savadlı müəllimlərimiz çox olar və o sayədə maarif işimiz bir qədər sürətlə irəli gedər, indiki ağlar halında qalmaz.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 136-138.