Üzeyir Hacıbəyli

Türk operaları haqqında

Vətəndaş Samit möhtərəm "Kommunist" qəzetinin 207-ci nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün, "bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir" - deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsə idi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş Samit "çılpaq sözlü" olmaq istəməyib, "dəlil" gətirmək dəxi istəyir və bunun üçün:

Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhvali-ruhiyyəsində qeyri-təhur təlaş kimi bir həyəcani-bədii oyadan və qədim musiqişünasların rəyincə göy guruldamasından əxz edilmiş olan "Çahargah" kimi böyük və məzmunlu dəstgahı layiqi-istehza bilib, təməsxanə bir surətdə "İran çahargahı"—deyə bədii bir zövq almaq istəyənlərə bunu rəva görmür.

Bədə "xalq ruhuna uyğun el mahnılarını havi əsərlər vücudə gətirmək icab edər",- deyib də xalis el mahnılarının ən gözəllərindən tərtib edilmiş olan türk opera və operattalarının səhnədən qaldırılmalarını tələb edir. Azərbaycan xalq ruhuna "Lakme"lərlə ləzzət veriləcəyinə ümid edir. Əlavə olaraq bu el mahnılarının "ehyasını"da bu mahnıların əsl və əsasına əsla bələd olmayan və bu mahnıların musiqisinin ruhuna bilkülliyyə biganə bulunan Avropa musiqişünaslarının təqazayi-zövqünə həvalə edir.

İştə, "Çahargah" kimi ruhnəvaz bir musiqidən bədii bir zövq alacaq türk opera və operettalarının məxsus el mahnılarından tərtib edildiyinə fərq verəcək və Avropa musiqisi ilə Şərq musiqisi arasında mövcud olan estetik təəssüratı bir-birindən ayırd edəcək qədər təlim və tərbiyeyi-musiqisi olmayan vətəndaş Samit, türk opera və operettalarının səhnədən qaldırılmalarını olduqca qərib görünən bir inad və cəsarət ilə tələb edir!

Türk opera və operettalarının bir "günahı" da bu imiş ki, "gənc səhnə xadimləri lotu Cabbar oyunu göstərmək və intihasız şarja düşməklə və camaat dəxi "çırtma" çalmağa müğayiri-"ədəb" işlər əmələ gəlirmiş. Məntiqə müğayir olan bu nəzər digər tərəfdən dəxi yanlışdır; operalarda camaatın çırtıq çaldığı heç bir diqqət müşahidə edilməmişdir. O ki, qaldı operattalara, yüngül musiqisi və duzluca (məzhəkə) ilə xalqın özünə öz eybini güldürmək qəsdilə yazıldığından, oyun vaxtı tamaşaçıların-hər kəsin öz tərbiyəsinə görə ənva surətdə izhari-həyat etməsi heç də qərib deyildir. Bu hal avropalıların teatrlarında dəxi görünən adi bir haldır. İndi keçəlim türk opera və operettalarına.

1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan türklərinin tərəqqi və tərbiyəsi işində az rollar oynamayan türk opera və operettalarını bu gün vətəndaş Samitin istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir.

Halbuki bu səhifələr göstərir ki, Türk opera və operettalarına qədər həvəskarlar vasitəsilə hərdən bir əsəri-həyat göstərən türk səhnəsi opera və operettalardan sonra təzə həyata girib qanuni bir hala gəldi. Bunun sayəsində idi ki, həvəskarlıq aradan götürülüb, onun əvəzinə professional artistlik meydana çıxıb, bir tərəfdən dram və digər tərəfdən isə opera artistləri ittifaqı yaradılmış oldu.

Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları, gözəl səs sahiblərini meydana çıxarıb, türk sənayei-nəfisiyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasına bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərlərinin meydana çıxmasına səbəb oldu.

Yalnız toyxanalara və ləhvilbə münhəsir qalmış olan Şərq musiqisi teatr səhnəsinə köçürülməklə bu zərif və incə sənəti alçaq və zəlil bir mövqedən qaldırıb ali bir məqamə vəz etdi. Bu surətlə musiqi sənətinin qiymətini artırıb, xalq nəzərində böyük bir rəğbət qazandı.

Bir çox el mahnılarını nalayiq qövtələrdən azad edib, səhnəyə köçürməklə kuşeyi-nisyana atılmaq təhlükəsindən qurtardı.

Opera və operettalardan sonra idi ki, Şərq musiqisinin gələcək tərəqqi məsələsi meydana çıxıb, bu yolda əlləşib çalışmağa məcburiyyət hiss edildi. Bu gün:

1) Şərq musiqisinin Avropa aləti-musiqiyyəsi və bilümum orkestr vasitəsilə icrası;

2) Şərq musiqisinə, Avropada olduğu kimi, ahəng (harmoniya) qoşmaq,

3) Şərq musiqisini kəsirülüləsvat (poloqoniya) etmək,

4) Şərq musiqisinin üsul, vəzi və bəhrini müsbət surətdə təyin etmək,

5) Dəstgahları eynilə nota sala bilmək kimi mühüm suallara cavab aramaq və bu yolda kamalı- ciddiyyətlə çalışmaq arzusu ancaq opera və operettalar zühuri ilə əlaqədar olub bu yolda kamali-gərmi ilə işlədilməkdədir.

Opera və operettaların musiqini "həram" ikən "həlal" etməsini hər bir insaf əhli təsdiq etməlidir. Əvvəla, Bakı şəhəri sanki daimi bir yas içində idi; heç kəs öz evində, azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi; çünki qonşusundakı hacı, molla və ya axund filankəs eşidər- deyə çəkinirdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb. Hər bir yerə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrayi- hökm etməyə başladı. Bu gün bu musiqiyə olan rəğbət nəticəsidir ki, hökumət tərəfindən açılmış olan Azərbaycan türk musiqi texnikumuna elə şəxslər uşaqlarını qeyd etdirirlər ki, əvvəllərdə musiqi səsi eşidəndə qulaqlarını yumardılar.

Oppera və operettalar tamaşası-musiqi ilə şerin baham təsiri camaatın əxlaq və təbiətində də əsərsiz qalmadı. Qatı qəlblərin boşalmasına; qaba və dürüst adətlərin tərk edilməsinə dəxi xidmətlər göstərmiş olduğunu bitərəf şəxslər təsdiq edirlər.

Arvadlarımızın və qızlarımızın teatrlara daha sərbəst gəlməsi və gördükləri opera və operetta tamaşalarından aldıqları dərsi-ibrət kor-korana evlənmək və mal "kimi satılmaq və nəhayət, evlənərkən sevmək və sevilmək kimi təbii ehtiyacati-qəlbiyyədən məhrum qalmaq bollu məzmum adətlərin kökündən sarsılmasına səbəblər törətməyə başladı.

Dini fanatizm və əsarəti-nisvan kimi müstəbidanə adətlərə qarşı mübarizə edən opera və operettaların inqilabi əhəmiyyətini də nəzərə almaq lazımdır. Bu gün vətəndaş Samitin bir o qədər xoşuna gəlməyən "O olmasın bu olsun" operettası, məncə, inqilabi bir əsərdir.

Cavan qız almaq fikrinə düşüb və ayağı altında əzdiyi hambalın abbasını belə vermək istəməyən sərvət sahibi Məşədi İbad, qızını pula satmaq istəyən Rüstəmbəy, millətpərəst Həsən, Həsənqulu bəy müdaraçı, sosialist Həsən bəy, qoçu Əsgər və s.-bunlar hamısı cümhuriyyətimizin mənfi tiplərindəndir ki, ən gülünc və bədnam bir surətdə meydana qoşulub, xalqı özlərinə güldürməklə rüsvayi-cahan edilirlər. Bu əsər hələ 1907-ci ildə yazıldığından ən biriya və biqərəz bir əsərdir.

Opera və operettaların tamaşasından hasil olan mədaxildən bir çox tələbələrin və məktəblilərin bəhrəmənd olduğunu dəxi yada salmaq. Burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarından "Arşın mal alan" hər yerdə rəğbət qazanıb, dildən-dilə tərcümə edilib Gürcüstan, Ermənistanda yüzlərcə dəfə oynandıqdan sonra Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerkanı, İspaniya, İtaliya və Misri müvəffəqiyyət ilə dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş Samitin bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik.

Mən bu sözlərimlə türk opera və operettalarının ancaq tarixi xidmətlərinə, o əsərlərin hələ ibtidai və nöqsanlar ilə dolu bu halda olduğunu danmaq istəmirəm. Opera və operettalarımız təkmil edilməyincəyə qədər də danmaq fikrində deyiləm, bu xüsusda daha bir çox yazılar yazmaq lazımdır. Bunu da etiraf etmək lazımdır ki, keçən il opera və operetta oyunları-bilmirəm qəsdən və ya səhvənmi- elə bərbad bir halda oynanırdı ki, həqiqətən, hər bir zövqi-səlim sahibinin ruhunu incidib, ikrah dərəcəsinə gətirməklə hökumət teatrının adını da bədnam edirdi. Əgər bu il də elə bir "xaltura"lar vaqe olacaq, onda həqiqətən türk opera və operettalarını tamamilə səhnədən qaldırmaq lazım gələcəkdir...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 180-183.