Ordan-burdan: [İran Rusiyanı yamsılayır]
Doğrudan da İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələb edir. Ona görə o da öz dövlətindən azadlıq tələb etdi. İran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı "qosudarstvennaya duma", o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun "Ədalətxanə". Rusiya camaatı tovlanmağını duyub, dövlətə bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax, özün bil, ya "Ədalətxana"nı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol.
İran dövləti bilmədi ki, nə qayırsın. Çünki bu cürə təklifi gözləmirdi. Yenə baxdı ki, görsün qonşusu Rusiya dövləti nə cür tədbirlər görməkdədir. Rus dövləti isə camaatın üstünə hirslənib "qulaq burması" verməyə məşğul oldu. İran dövləti də qonşusunun bu tədbirindən xoşu gəlib indi bu saat öz camaatına "qulaqburması" verməkdədir. Lakin rus camaatının qulağı buruldusa da, burnu ovuldusa da, qılçı sındısa da, gözü çıxdısa da, başı əzildisə də, yenə bununla belə, Dövlət dumasını alıb, bir az dincəldi. İndi görək İran camaatı da bu ittifaqda rus camaatını yamsılayacaq, yoxsa, birinci qulaqburmasından sonra "Ədalətxanə"ni, filanı yadından çıxardacaqdır...
* * *
İran camaatı bu sözün üstündə bizdən inciməsin, nə deyim, bəlkə qulaqburmasına, filana baxmayacaqdır, amma nə olsun, Osmanlı camaatı qulaqburmasından qorxub, "Məclisi-məbusan"ın dadı damaqlarından getdiyinə görə istədilər yenə görsünlər ki, bir tövr ilə "Məclisi" geri ala bilərlərmi. Amma baxıb gördülər ki, xeyr, "Məclisi" sultan həzrətləri elə yerdə gizlədiblər ki, bir də üzünü görmək olmaz. Ona görə çox bikef oldular. Və axırda baş götürüb "Məclisi-məbusan"ı olan yerlərə qaçdılar. İndi onlar orada oturub, vətənin keçmiş gününü yada salırlar. Hərdən bir bu "şikəstə"ni oxuyurlar:
Keçən günə gün çatmaz, Calasan günü günə!
* * *
"Keçən günə gün çatmaz, calasan günü günə!". Bu da bizim müsəlmanların dar gündə virdi zəban edilən təsəllihlərindən biridir ha!..
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 236-237.
