Ordan-burdan: [Məişətimizdən]
- Kərbəlayı Məmmədcəfər salaməleyküm!
- Əleyküməssəlam.
- Hara belə yügürürsən?
- Heç, bu yanda tələsik bir işim var! - Ya Allah!
- Ya allah...
- Xoş gördük!
- Xoş baxtın olsun (ürəyində: "Ağzımda dedim ki, tələsirəm").
- Səlamətsənmi?
- Allaha şükür səlamətəm, ancaq, burda məni bərk gözləyirlər!
- Necə dolanırsan?
- Şəfaətin artıq olsun (ürəyində: "Əl çəkməyəcək də").
- Canın başın sağdırmı?
- Çox sağ olasan (A sırtıq oğlu, axı kişilər orda məni gözləyirlər).
- Lap səlamətsənmi?
- Şükür olsun allaha! (Qəribə qanmaz kişidir).
- Əhvalın necədir?
- Ömrünüzə duaçıyam, amma bir az vacib işim var, çox bərk tələsirəm...
- Onun zərəri yoxdur, hamı elə olur. Keyfın necədir?
- Keyfin yaxşı olsun! (A nanəcib oğlu nanəcib.)
- Bəs, niyə heç görünmürsən?
- Vallah həmişə tələsik işim olur, bax elə indi bu saat elə vacib tələsik işim var ki, bir saniyə geciksəm olmaz.
- Həmişə bazarın olsun!
- Allah səndən razı olsun! (Bir dəli şeytan deyir, vur beyni dağılsın!)
- Papiros çəkmirsən?
- Çox sağ ol (məlun!), hələ ki xudahafiz.
- Gedirsən? Xudahafiz!
* * *
- Kərbəlayı Məmmədcəfər, harda qalmışdın?
- Əşi, allah mərdumazara lənət eləsin. Məşədi Səfi məni qoyurdu ki, gələm.
- Pəh, pəh! Xalq səni gözlədi, gözlədi, axırda gördülər ki, gəlmədin inciyib çıxıb getdilər.
- Əşi, nə deyirsən?
- Vallah, atamın goru haqqı!
- Buy, sənin evin yıxılsın Məşədi Səfi! Əşi, bilmirəm sırtıqoğlu sırtıq, hardan mənə belə əziz çıxıb, qəribədir, vallah bizim işimiz!
Atalar sözü: Hər görüşə yarım saat vaxt sərf eləsən, onda gərək ömrümüzün yarısına qələm çəkək.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 353-354.
