Üzeyir Hacıbəyli

Təzə il, təzə meydan

Pəncşənbə günü qəməri il, cümə günü də şəmsi il təzələndi.

Köhnə il bizə nə verdi, təzə il nə verəcəkdir?

Bu sualı edənlər o adamlardır ki, özlərini zaman nəhri içində cərəyan edən həvadisə tabe buraxıb, nə mövüclər ilə mübarizə etmək, nə də ki, sahibi-səlamətə çıxmaq fikrində deyildirlər.

Cərəyani-həvadis bunları haraya sövq edəcəksə etsin, heç fərqi yoxdur. Lakin belə olmaq yaxşı deyildir. Çünki hər bir nəhrdə şiş-şiş daşlar, qayalar olmaqdan başqa bir çox nəhrin də axırı dəryanın qəri-nayabıdır.

Doğrusu, biz belə sual verməliyik: Köhnə ildə nə qazandıq, təzə ildə nə qazanmalıdır?

İnsan ildən-ilə böyüyür, irilir, lakin bu böyüməklik yalnız bir bədənimizin cismani böyüməkliyi deyildir. İnsan mənən də böyüyür. Hər il insanın təcrübəsi artır, biliyi çoxalır, daireyi-nəzəri genəlir. Əvvəlcə inanmadığı bir çox şeylərə inanır, əvvəlcə inanmış olduğu bir çox şeydən soyuyur, bir çox qaranlıq şeylər onun üçün işıq olur, belə olmaqla bərabər, hər bir təzə il hülul etdikdə, köhnə il insan üçün bir dərs-ibrət olur...

Huşyar insan təzə ilə qədəm qoyduqda köhnə ildə başına gələn qəziyələri, giriftar olduğu fənalıqları, o fənalıqların nədən və haradan əmələgəldiklərini xatirinə gətirib səy edir ki, təzə ildə özünü belə fənalıqlardan qorusun, o fənalıqların zühuruna mane olsun. Vay o adamların halına ki, köhnə ilin dərsi-ibrətlərini nəzəri-etibara almayıb fəramuş edələr! Keçən ilin dərslərini dürüst öyrənməmiş şagird təzə ildə cürbəcür çətinliklərə düşən kimi, bunlar da təzə ildə müxtəlif məşəqqətlərə düçar olub, belə məşəqqətlərdən xilas olmaq yolunu bilməyəcəklər və özlərini şaşırıb onsuz da ağır olan məişətlərini daha müşgülata salacaqlar. Belə olan surətdə yaxşı deyilmidir ki, hər bir il özümüzü təzə il üçün hazırlayaq, yəni məişətimizi yüngül edəcək, özümüzü ağıllandıracaq və tərəqqi verəcək olan hər bir yaxşını inadlıq etməyib öyrənək və özümüzə zərər yetirən hər bir fənalığın dəfinə çalışaq, zühuruna razı olmayaq.

Heç kəs istəməz ki, bir dəfə düçar olduğu məşəqqət, fənalıq bir də təkrar etsin. Lakin onu istəməyən şəxs haman o bollu məşəqqət və fənalığın dəfi yolunu da bilməlidir. Bilmək üçün də öyrənmək lazımdır. Öyrənmək də, məlum olduğu üzrə, elm və təcrübə ilə nəşvü nüma edər.

O adamlar ki, onların "günü keçibdir", yalan-doğru təcrübələr sayəsində bir növ gün keçirirlər. Lakin o insanlar ki, onların gələcəyi qabaqdadır və hal-hazırda qəyyumlar əli altında yaşamağa məcburdurlar, onları da elmsiz, biliksiz buraxmalıdırmı?! Xeyr, onları, o balaca insanları gələcək həyat üçün hazırlamamaq insaf deyildir. Və illa gələcəkdə onların işinə hər nə fənalıq gəlsə, hər nə məşəqqət üz versə, hamısının məsuliyyəti indiki qəyyumlarının üzərinədir.

Allah-təala birisinə bir övlad kəramət etdikdə, onun qəlbinə övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətdən ruhani bir ləzzət almağa başlar. Balanın canini Sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrı yarılmasın. Mübarizəyə girişməyə məcbur olduqda, həvadisin birinci zərbəsi altında tələf olmasın... Qərəz...

Hər bir təzə il insan üçün təzə bir meydani-mübarizə təşkil eləyir. Bu meydanda həyat mübarizəsi vaqe olur. İnsanlar ilk meydana axan cərəyani-həvadislə mübarizə və müharibə eləyirlər. Vay o adamın halına ki, bu meydani-mübarizəyə əvvəl dəfə qədəm qoyduqda nə qılıncı ola, nə qalxanı.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 144-145.