Ordan-burdan: [Dövlət dumasına dair]
Bir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.
* * *
Ondan sonra hər kəsin hünəri var, çıxıb desin ki, Rusiyanı aclıq basıbdır, ya Qazan quberniyasında müsəlmanlar aclıq ucundan qızlarını satırlar. Gərək deyəsən ki, xeyr, Rusiyada çox bolluqdur və Qazan quberniyasının müsəlmanları da çox keyfi kök dolanırlar və qızlarını da satmayıbdırlar, əgər satıbdırlarsa da satmayıbdırlar, ərə veribdirlər, deməli, Rusiyada toydur.
* * *
Əslinə baxsan, bu zaman Rusiyada həmi toydur, həmi vay. Məsələn, görürsən ki, bir dəstə "bədəfkarlar", hökumət xəzinəsinin üstünə tökülüb, birdən-birə neçə min manat pul aparırlar. Hökumət xəzinəsi qalır ağlaya-ağlaya. Demək, bu surətdə bədəfkarlardan ötrü toy olur, hökumət üçün vay, ondan sonra eşidirsən ki, hökumət bir dəstə "bədəfkarı" tutub, cümləsini asdırıbdır. Deməli, bu surətdə də hökumətdən ötrü toy olur, "bədəfkarlar" üçün vay və habelə, getdikcə gedir və hələ heç bir kəs bilməyir ki, bunun axırı hara çatacaqdır.
* * *
Rusiyanın bu halını görəndə, həmişə mənim yadıma bir əhvalat düşür. Sizin, özünüzə də, cənab oxucular, məlumdur, görürsən məsələn, bir adam özgə bir adamın yanına hesab çəkməyə gedir. Əvvəl, bunlar bir-birini görəndə çox mülayimətlə keçinirlər; ev sahibi onun altına stul çəkir, o da deyir ki, əşi, zəhmət çəkmə; və yenə ev sahibi ona papiros təklif edir, o da deyir ki, razıyam və yenə ev sahibi ona çay gətirir, o da deyir, məni çox xəcalət elədin, sonra ev sahibi soruşur ki, kefin necədir? O da cavab verir ki, canına duvaçı varam. Qərəz, bir qədər bu cür canfəşanlıqdan sonra hesab söhbətini araya salırlar. Burada görürsən ki, hər iki hərifin sifəti "seryoznı" oldu. Canfəşanlıqdan, filandan daha nişanə qalmayır, bir qədərdən sonra görürsən ki, həriflər bir-birinin üstünə çığırırlar və lap axırda, kəmali qayda ilə dalaşırlar.
İndi hökumət ilə duma əhli dəxi əvvəlcə bir-birini görəndə canfəşanlıq elədirlər. İndi, hər iki tərəf "seryoznı" oturubdur. Ancaq qalıb bir bunların dalaşmağı ki, o da bu günün, sabahın işidir...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 282-283.
