Üzeyir Hacıbəyli

"Şeyx Sənan"

“Şeyx Sənan” — Üzeyir bəy Hacıbəylinin bəstələdiyi ikinci operasıdır. Beş pərdəlidir. Librettosunu eyniadlı xalq dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyli özü yazmışdır.

1909-cu ilin may ayında Üzeyir bəy Tiflisə gedir və Məleykə xanımla nişanlanır. Orada  gəzinti zamanı Tiflisdəki Sənan dağının yaxınlığından keçirlər, Üzeyir bəy Şeyx Sənanın qəbrinə rast gəlir. Bundan sonra Üzeyir bəy Şeyx Sənan operası yazmaq fikrinə gəlir. 

Əsər müxtəlif dinlərə etiqad edən iki gəncin faciəli məhəbbətindən bəhs edir. Şeyx Sənan operası İlk dəfə 1909-cu il noyabrın 30-da (yeni təqvimlə dekabrın 13-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. 

“Şeyx Sənan”ın ilk nümayişi günü Bakıda güclü yağış yağır. Opera teatrının qarşısı palçıqdan keçilməz olur. Tamaşa gözlənildiyindən az adam yığır, tamaşa uğursuz olur, baxanlar da narazı qalır. Bununla belə, operanı bəyənənlər də olmuşdu. Çünki orkestrin ifasında musiqi ecazkar səslənirdi. Bəzi qəzetlər yazmışdı ki, “Şeyx Sənan”ın musiqisi insanın qəlbini əfsunlayır.

Tamaşanın rejıssoru H. Şərifov, dirijoru Üzeyir bəy Hacıbəyli olmuşdur. Əsas partiyaları H. Sarabski (Şeyx Sənan), Leyla xanım (T. Boqatko; Xumar), H. Terequlov (Xumarın atası) ifa etmişlər. Lakin operanın səhnə taleyi uğursuz olmuş və o, bir daha oynanılmamışdır.

İlk tamaşa ilə əlaqədar o dövr mətbuatında ("Səda", "Tərəqqi", "Həqiqət", "Kaspi", "Baku" qəzetləri və s.) dərc olunmuş yazılar bu uğursuzluğun səbəblərini qismən açıqlayır. Bu xalq dastanı haqqında rusdilli oxuculara hələ 1907-cı ildə ilk dəfə məlumat verən Mehdi bəy Hacınski "Şeyx Sənan" operasına tamaşa edəndən sonra "Avara" imzası ilə dərc etdirdiyi məqalədə yazmışdı: ..."Leyli və Məcnun" operası gənc bəstəkara yeni "Şeyx Sənan" operasını yaratmağa imkan verdi. Gənc bəstəkar dastanın "eşqin sərhəddi yoxdur" kimi əsas ideyasını saxlamaqla ona gözəl musiqi yazmışdır" ("Kaspi", 2 dekabr 1909, №270). "Şeyx Sənan"a tamaşa etmiş incəsənət xadimləri və jurnalistlərin rəylərində "operanın son dərəcə gözəl havası" ("Həqiqət", 26 may 1910, №118), musiqisinin "çox gözəl" ("Səda", 2 dekabr 1909, № 45) olması, burada "Gözəl nəğmələr" eşidilməsi ("Reklam" qəz., rusca) barədə tərifli fikirlər var. Məsələn, "mükəmməl musiqi ilə tərtib olunmuş" ("Səda", 25 oktyabr 1909, № 15) "Şeyx Sənan" operasının səhnə həyatı nə səbəbə uğursuz olmuşdur? İstər Üzeyir bəy Hacıbəylinin müasirləri, istərsə də tədqiqatçıları bunu operanın librettosunun zəifliyi ilə izah edirlər. Operanın librettosu, həqiqətən, zəif olub. Belə ki, tamaşa Üzeyir bəy Hacıbəylinin iki ildən bəri üzərində işlədiyi libretto əsasında oynanılmamışdır. Mənbələrdən aydın olur ki, Üzeyir bəy Hacıbəyli opera üzərində işləyərkən "Şeyx Sənan" dastanını nəzmə çəkməyi dərbəndli şair Mirzə Səməndərə sifariş etmişdi. Bunun bilavasitə şahidi olan H. Abbasov xatirələrində Mirzə Səməndəri Üzeyir bəy Hacıbəylinin tapşırığı ilə Bakıya dəvət etdiyini, onun üç ay burada qalıb dastanı nəzmə çəkdiyini və həmin şerləri əlbəəl Üzeyir bəy Hacıbəyliyə təqdim etdiyini göstərir (H. Abbasov. "Xatirələrim", Bakı: 1968, səh. 30). Lakin güman etmək olar ki, Mirzə Səməndər hansı səbəbdənsə, kiminsə təhrikilə ilk tamaşaya az qalmış şerləri Üzeyir bəy Hacıbəyli almış və o, librettodakı şerlərin yerini dar macalda şifahi xalq ədəbiyyatından seçdiyi parçalarla əvəz etmişdir. Müasirləri operanın səhnə həyatının uğursuzluğuna "musiqisinin Avropa tərzində olmasını, "yəhudi xoru"nun xoşagəlməyən oxumalarını, Leyla xanımın "müsəlman ləhnlərinə biganəliyi"ni və s. səbəblər də göstərirdilər. 

Uzun illər tarixdə Üzeyir bəyin yaradıcılıq bioqrafiyasında “Şeyx Sənan” operası haqda bir cümlə yazılırdı: Əsərin not materialları müəllif tərəfindən məhv edilib. Lakin Üzeyir bəy Hacıbəyli 1911-ci ildə opera üzərində yenidən işlədiyi, təzə libretto yazacağı haqqında "Kaspi" qəzetində (8 may, 1911) məlumat vardır. 

Professor Ramazan Xəlilov qeyd edir: "Üzeyir bəy hər il Tiflisin yaxınlığındakı "Koroğlu dağı" deyilən səfalı yerdə dincəlməyi xoşlayırdı. Mən də çox vaxt yanında olurdum. Bir dəfə ondan soruşdum: "Şeyx Sənan"ı cırıb atanda heyfin gəlmədi? Dedi ki, operanı kağızlarda ləğv etdim, başımdan ki çıxarmadım. Vaxtı çatanda istifadə edəcəyəm. Sonralar belə də oldu. "Şeyx Sənan" operasının musiqi materiallarından "Koroğlu" operasını yazarkən istifadə etdi”. Maraqlıdır, deməli, bəstəkar “Koroğlu”nu yazarkən “Şeyx Sənan”dan da yararlanıb. Üzeyir bəy "Koroğlu" operasını 1932-1936-cı illərdə yazıb. Və bu əsər nəinki Azərbaycan opera sənətində, ümumiyyətlə, Azərbaycan incəsənətində yeni bir mərhələ, yeni bir era oldu. Operanın inkişafının əsas bazası, əsas sütunudur “Koroğlu” operası və bəstəkarın yaradıcılıq zirvəsi məqamındadır.