Vəzifələrimiz
Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası doğma Kommunist partiyasının rəhbərliyi altında xalqımızın qazandığı müvəffəqiyyətlərin parlaq nümayişinə çevrildi.
Dekada Azərbaycan bəstəkarlarının həyatında, xüsusən mənim yaradıcılığımda dönüş yaratdı. Partiya və hökumət rəhbərləri ilə görüşümüz, opera sahəsindəki nailiyyətlərimizin qiymətləndirilməsi və "Koroğlu" operasına bir sıra əlavələr edilməsi haqqında göstərişlər məni son dərəcə həyəcanlandırdı, yaradıcılıq ilhamımı coşdurdu.
Bu gün opera teatrımızın müvəffəqiyyətlərini qeyd etməklə yanaşı, demək lazımdır ki, Azərbaycan bəstəkarları hələ Vətən qarşısında, xalq qarşısında xeyli borcludur.
Xalqımızın tarixi, şifahi xalq ədəbiyyatı, Azərbaycanın musiqi folkloru bəstəkarlarımız üçün lazım olan hər cür material verir. Azərbaycan xalqının uzaq keçmişi, onun zülmkarlara qarşı əsrlər boyu apardığı qəhrəmancasına mübarizə, Sovet Azərbaycanı zəhmətkeşlərinin müasir həyatı, öz respublikasının şöhrətini artıran gözəl adamlarımız-bütün bunlar bəstəkarlarımız üçün bitməz-tükənməz ilham mənbəyidir.
Biz bu mənbədən çox az istifadə etmişik. Azərbaycan bəstəkarları qarşısında böyük vəzifə Vətənimizə zəmanəmizin əzəmətini əks etdirən yeni gözəl cəhət əsərləri vermək vəzifəsi durur.
Hazırda bəstəkarlarımız nə üzərində işləyirlər? Mən bütün yaradıcılıq gücümü "Koroğlu" operasının əyər-əskiyini düzəltməyə sərf edirəm; məlumdur ki, bu opera SSR İttifaqı Böyük Akademik Opera və Balet Teatrının repertuarına daxil edilmişdir. Mənə verilən məsləhətləri nəzərə alaraq, ayrı-ayrı musiqi nömrələri üzərində yenidən işləyir və operanı yeni pərdə ilə tamamlayıram. Mənə elə gəlir ki, bu əlavələrdən sonra opera daha dolğun, məzmunlu və parlaq olmalıdır. Mən yeni opera yazmaq niyyətindəyəm. Bu opera Sovet Azərbaycanının adamları, xalq düşmənlərinə qarşı mübarizədə mərdliklə kommunizmə yol açan sosializm qurucuları haqqındadır.
Azərbaycanın digər bəstəkarları da böyük musiqi əsərləri üzərində işləyirlər. Məsələn, bəstəkar Niyazi Tağızadə "Nizami" operasını yazır. Artıq operanın ayrı-ayrı fraqmentləri hazırdır. Ümumiyyətlə, opera Nizaminin 1941-ci ildə qeyd olunacaq 800 illiyi yubileyinədək başa çatdırılmalıdır. Əməkdar incəsənət xadimi, bəstəkar A. C. Mailyan "Safa" operasını qurtarmaq üzrədir. Həmin əsərin Aprel inqilabının XIX ildönümü münasibəqi ilə tamaşaya qoyulması nəzərdə tutulur. Həmin opera Azərbaycan və erməni xalqlarının istibdada, zülmkarlara qarşı mübarizəsindən bəhs edir.
Gənc bəstəkar, əməkdar incəsənət xadimi Səid Rüstəmov ordenli yazıçımız Məmməd Səid Ordubadinin mətni əsasında "Beş manatlıq gəlin" komediyasına musiqi yazır. Bəstəkar B. Əfrasiyab "Qız qalası" baletini tamamlamaq üzrədir, bu balet M. F. Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilmişdir. Bəstəkar A. Dobruşkes "Yerin işıqları" adlı yeni balet üçün musiqi yazır.
Biz yeni musiqi əsərləri üzərində səylə işləməklə yanaşı, musiqi məktəblərində tədris məsələlərinə, gənc istedadlar nəslinin yetişməsinə böyük fikir verməliyik.
Mən möhkəm əminəm ki, opera sənəti ən yaxın illərdə Azərbaycan incəsənətinin daha da tərəqqisi yolunda irəliyə doğru yeni mühüm addım atacaqdır.
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 308-309.
