Üzeyir Hacıbəyli

Ordan-burdan

Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...
Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...
İndi kim sevinir, kim dəmlənir, kim gülür, kim ağlayır? Kim məraminə çatdı, kim ümidindən məhrum oldu? Kim kimi təhqir edir? Kim kimi masqaraya qoyubdur. Kim deyir ki, uxxay! Kim deyir ki vay? Kim qorxur, kimin qəzəbi tutubdur? Kimin ürəyi fərəhləndi, kimin könlü bulandı və başı gicəlləndi?..
Duma buraxıldı... Amma, Allah bizim vəkillərə insaf versin. Bizi xuliqan bilib buraxdılar... İşin həqiqəti - açılmağına fürsət qalmadı. İndi 8 ay gözləyək ki, tazə Dumada tazə müsəlman vəkilləri tazə əhvalat danışıb, tazə iş görəcəklər.
                                                                                                                 * * *
Əslinə baxsan, indi, bu saat hamı tazə iş görmək həvəsindədir. Amma heyif ki, tazə bir şey çıxarda bilməyib, ancaq köhnə şeyi tazələndirirlər. Bilirsiniz bu nəyə oxşayır? Bu ona oxşayır ki, görürsən birisinin tazə çuxası köhnəlir, nimdaş olur, bu isə çuxa sahibinə xoş gəlmir, çünki köhnə çuxa onu gözdən salıb, etibar və etimadını azaldıb.
Bəs necə olsun?..
Pul yoxdur ki, tazə çuxa alsın... Çuxa sahibi fikir edir və çuxasının tazələnməsi üçün tədbir axtarır və axırda da bu tədbiri tapır. Çünki əbəs yerə deyilməyibdir ki, "axtaran tapar!"
Nə qayırır?
Heç nə, çuxasını götürüb, o biri üzünə çevirir...
Doğrudan da baxırsan ki, çuxa tazə görünür, amma səd heyf! Bir az keçmir ki, çuxanın o biri üzü əsil əsassız olduğuna görə, tez saralıb, əvvəlki üzündən də pis görünür və didilib axırda çuxalıqdan da düşür. O surətdə sahibi çuxa naəlaclıqdan çuxasına rəng vurur, əlvan rənglərə boyuyur, amma yenə də fayda vermir.
Yazıq çuxa, mərəzi-bidəvayə giriftar olmuş naxoş kimi getdikcə əldən düşüb, axırda adam arasına çıxartmalı olmur.
O surətdə bilirsinizmi çuxa sahibi nə qayırır?
Çuxalıqdan düşmüş "çuxasını" çıxardıb qab dəsmalı qayırır.

                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 247-248.