Qaranlıqlaşır
Bəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitəsilə nuri-hüzur və asayiş kəsb edə bilmir.
Qafqazda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır. Demək olar ki, "Russkiye vedomosti" qəzetinin müdiri olan məşhur ədib İollusun bu günlərdə vüqubulan qətli gələcək zülmətxanaya düxul üçün bir qapı mənziləsində olacaqdır.
Vaqiən, nümayəndələri və pişrövləri Dövlət dumasının "sağ tərəf" üzvlərindən Kruşevan və Purişkeviç olan "əsl rus adamları"nın Rusiyada sakin sair millətlərlə bərabər, rus hökumətinin ziddinə rus camaatına bilümum və yəhudi tayfasına baxüsus göstərməkdə olduqları hiddət və nifrətindi ən açıq əyani bir surətdə izhar olunmaqdadır: Fəhş və söyüş hesab olunduğuna görə, mətbuat səhifələrinə keçməsi nalayiq olan "jid"-yəni cuhud kəlməsi "əsl rus" qəzetlərinin səhifələrində dolu olub, hər yerdə acıq və nifrətlə yad olunur.
"Əsl rus" pişrövlərinin avam və cahil və bununla belə özgə malına son mərtəbə həris olan peyrövləri yəhudilər xüsusunda olan bu həqarətamiz məzəmmət və töhmətləri eşidir, onlara qarşı nifrətlərini daha artırır və onları tələf etmək fikri divanələrini bir tez zamanda felə gətirməyə hislərini daha bir qat yuxarı qalxızırlar.
Yəhudi nəslindən olan İollus kimi millət mücahidlərinin qətli, onları cüzi qədər də məhcub etməyib, bəlkə qəlblərində olan yırtıcılıq hissini daha artıq oyadır.
Haman "əsl rus"lar partiyasının mürəvvici-əfkarı olan "Russkoye znamya" qəzetinin yuxarısında bu günlərdə səbt edilmiş olan qara xaç nişanı və müdirinin buna dair verdikləri kinayəli cavablar, hər kəsi bu zənnə vadar edir ki, bu nişan qırğın və qital əlamətidir.
Hökumət isə görünür özünə söz veribdir ki, var qüvvətilə dumaya müqavimət edib, onu ya özünə, öz əməllərinə alət etsin, ya ki işi o yerə çatdırsın ki, qovub dağıtmağa bir bəhanə yeri qalsın...
Lakin biz əvvəldə də demişdik ki, hökumət dumanı qovmaqda heç bir şey udmaz, ancaq bilaxirə vüqu bulacaq bir hadiseyi-əzimənin yovmi-vüquunu təxir və təviqə salar.
Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın, axırda böyük bir işığa münqəlib olacağı şübhəsizdir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 79-80.
