Lənkəran faciəsi
Bakı şəhəri İslam Ordusu tərəfindən alınmamış olsa idi və Bakı quberniyası, şəhər ilə bərabər, Allah göstərməsin, "sovetlər" əlində qalsa idi, bilirsinizmi binəva müsəlmanların başına nələr gələrdi!
"Hürriyyətpərəst"lərin "idarə anarşiyəsi" altında həqarət, rəzalət, əziyyət, zülm-sitəm kimi məhz müsəlmanlara qarşu rəva görülən "mərhəmət"lərin bərəkətindən zənn etmirəm ki, Bakıda müsəlman namına bir kəs qalmış ola idi! Bir tərəfdən "sovetlər" başında olan "sosialist’lərin idarə işində göstərdikləri cəhaləti, digər tərəfdən həmin "sosialistlər"i əllərində oyuncaq və aləti-məsğərə etmiş olan hiyləgər və xunxar daşnakların ibraz etdikləri fitnə və şeytanəti müsəlmanları bir halətə salmışdı ki, yaşamaq imkanı qalmamışdı. Şükrlər olsun bizi yaradan xaliqə ki, "hökumət siyasəsi" qətlüqarətdən ibarət olan bu mənhus idarənin təhəmmülfərsa ömrü, ümumbaku müsəlmanlarının bilkülliyyə məhv və tələf olacağı müddət ərzində uzun çəkməyib qəhrəman İslam Ordusunun şanlı qılıncı ilə kəsildi və Bakı müsəlmanları azad edildi.
Bakı ilə bərabər Bakı quberniyasında olan Quba, Göyçay, Salyan və "bad əz xərabeyi Bəsrə" olsa da Şamaxı dəxi cahil müstəbid "hürriyyətpərəstlər"in və erməni makiavellərinin pənceyi-zalemanələ- rindən xilas edilmək üzrə xoşbəxt və xoşbəxt oldular.
Lakin minlərcə təəssüflər olsun ki, bu azadlıq səadəti bütün Bakı quberniyasına şamil olunmayıb, hamını xoşbəxt edə bilmədi. Xoşbəxtlər arasında bədbəxt qalanlar dəxi oldu.
O bədbəxt qalanların bir neçəsi məlumumuz olduğu üzrə:
-Lənkəran.
Və Lənkəran uyezdidir?
Bu bədbəxt uyezd və onun bədbəxt müsəlmanları bugünə qədər biganələr əlində qalıb, nizamsız, qanunsuz və zalimanə bir idarənin bütün ağırlıqlarını zəif boyunlarında çəkməyə məcburdurlar.
Salyan və Bakı alınandan bəri buranın binəva müsəlmanları nicat yaxunlığı ümidilə çırpınan qəlblərində bu ümidi bəsləməklə bərabər səbirsizlik nəticəsi olaraq hərdəm bir qəzetələrimiz sütunlarını və idarələrimiz qapılarını dəxi istimdad fəryadı ilə doldurub, nicat tapmış olan qardaşlarının diqqətini fəlakətli hallarının şəraititəhəmmül - fərsasına doğru cəlb etməgə çalışıyordılər.
Lakin bunların fəryadları biyaban üzərində yol azmış olan bir yolçunun sədai-istimdadi kibi cavabsız qalıb, səslərinə səs verən olmiyordi.
Lənkəran Azərbaycanın bir hissəsidir, taxıl, meşə, balıq və sairə kimi sərvətləri nəzərə alınmiyub, ümumazərbaycan dövləti xəzinəsi üçün bir qəpiklik mənfəəti olmasa da, burada yaşayan qardaşlarımızın himayəsi Azərbaycan dövlətinin boynunadır. Biz Lənkəran müsəlmanlarının biganələr və yadlar əlində cürbəcür zülm və fəlakətlərə məruz qaldığına qeydsiz nəzərlə baxa bilmərik, indiyə qədər də baxmamışıq, onların fəryadlarını eşitmişik. Fəqət səslərinə səs vermək, tezlik ilə imdadlarına yetişmək və onları fəlakətdən qurtarmaq işində bir taqım məmaniətlər qarşusında məəttəl qalmağa məcbur olmuşuq. Bu işdə bizim bir səhlənkarlığımız olmuşsa, o da bu mühüm məsələ xüsusunda parlamanımızda hələ indiyə qədər söz açılmamışdır. Bunun günahı isə ümumparlaman əzalarımızın baxüsus Lənkəran məbusanın boynunadır ki, sitəmdi də vətəninin xilası xüsusunda bugünə qədər heç bir təşəbbüsdə bulunduğu müşahidə edilməmişdir.
İndi isə zənn edirəm ki, daha qarşumızı kəsən "rəsmi" bir məmaniət qalmayan kimi Lənkəranı biganələr əlindən qoşun gücü ilə xilas etmək məcburiyyətində qalmadı. Bu məsələ general Tomsonun, bu axırkı intibahnaməsi ilə həll olunub getdi.
Hürriyyətpərəstlikdən əlavə, bu qaruşıqlıq içində səthi bir nəzərlə də olsa həmandəm doğrunu yalandan, düzü əgridən, pakı napakdan seçmək qabiliyyətinə dara olan bu ingilis generalı, Azərbaycan türk və islamlarına qarşu həqiqi münasibətini tezlik ilə təyin edib, Azərbaycanı Azərbaycan hökumətinə tapşırdı və tapşırdıqdan sonra köməgini də əlavə olaraq elan etdi.
Qoy düşmənlərimizin içi od tutub yansın! Qəzetələrində bu xüsusda ağızlarına gələni deməklə büxl və həsəd atəşi içində qıvrılıb yandıqlarını bildirməklə "Hürriyyət və insaniyyət" şüarları altında istibdad və şeytənət amalı gizlətmiş olduqlarını təkrar-təkrar isbat etsinlər! Bunlarla işimiz yoxdur, yanındakılardan istər lap canları çıxsın. Biz general həzrətlərinin bu təsdiqnaməsindən istifadə etməliyik. Zatən generalın əmrini yerinə yetirməliyik. İngilis demokratiyası və ingilis hökuməti adından Azərbaycanın müqəddəratını azərbaycanlıların öz əllərinə verən general Tomsonun bizə dair bəşarət və düşmənlərimizə qarşu ölüm xəbəri dərəcəsində olan bu əmri bütün Azərbaycan toprağını, binaən əleyh Azərbaycanın hissəsi olan Lənkəranı dəxi öz hökumətimizin təhti-idarəsinə mühəvvəl edir.
Bundan sonra artıq fikir lazım degildir. Tezliklə lənkəranlı qardaşlarımızın imdadına yetişib, biganələr pəncəsindən xilas etməklə, canlarını azad və könüllərini şad edək. Lənkəran şəhəri və Lənkəran uyezdi idarələri başına öz məmurlarımızı tezlik ilə göndərək. Ancaq bunu tapşıraq ki, o məmurlar biganə və xudsər xarici məmurları kimi, rus, erməni və müsəlman arasına təfavüt qoymaqla bir milləti əzib, digər milləti hakim vəziyyətində qoymasınlar. Azərbaycanımızın hər yerində olduğu kibi, orda da hamuya bir nəzərlə baxsınlar. Kin və küdurətə məhəl verməsinlər. Qan ilə kəsiləcək bir işi general Tomson söz ilə kəsdi və Azərbaycan hökumətinə kömək vədə etməklə bu sözə razı olmayanların cəzaya veriləcəgi dəxi anlayanlara bildirdi.
Pəs tez olub məmurlarımızı göndərək. Lənkəran müsəlmanlarının bir bu qədər fəlakət çəkdikləri artıq kifayətdir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 54-56.
