Üzeyir Hacıbəyli

Xəbərdarlıq (IV)

Söz yoxdur ki, biz müsəlmanların sairlərə nisbətən ümumiyyət üzrə zillət və pərişanlıqla ömür sürməyimizə səbəb əhalimizin elmsiz olduğudur. Biz gözümüzlə görürük ki, elm və mədəniyyətə sahib olan tayfaların məişəti bizimkindən asanraq olub, rifah-hal ilə dolanırlar. Amma, biz mədəniyyətin yetirdiyi bir çox nemətlərdən məhrum olub, özgələrə həsəd və qibtə edirik. Hal-hazırda elm və mədəniyyətsizlik insanın məişətini çətin etməkdən başqa, onun üçün böyük təhlükələr dəxi hazırlayır. Deməli, bu halda oxumamaq, elm qazanmamaq çox böyük xəta və təhlükədir. Zira elm və mədəniyyətli tayfalar hər yerdə mədəniyyətdən məhrum olmuş tayfaların üzərinə yüyürüb ya zor ilə və ya sülh ilə həmin tayfanın bütün əmlak və əmvalını ələ keçirdikdən sonra özlərini qul və heyvan yerində işlədib, axırda bilmərrə tələf edirlər. Dünyanın yarısı olan Amerika ən zəngin və sərvəti-təbiisi, yəni qiymətli mədəniyyəti çox olmaqla bərabər, vəhşi və mədəniyyətdən məhrum adamlar tərəfindən işğal edilmişdi. Elmli yevropalılar oranı işğal edən kimi məmləkətin o qədər mal və sərvətini görüb, vəhşilərin əlindən almağa qədəm qoydular. Əlbəttə, əgər yevropalılar dəxi o vəhşilər kimi elmsiz və mədəniyyətsiz olsaydılar, vəhşilər onların hamısını qırıb öldürüb, bir nəfərini sağ qoymazdılar. Çünki o vəhşi zorba zor və cəngavərlik cəhətincə şir kimi dəhşətli və cürətlidirlər. Lakin yevropalılar onlarla yay, ox və balta davasına girmədilər. Mədəniyyətin əta etdiyi silahlarla onların qabağına çıxıb, hər müharibədə yüz minlərcə adamlarını qırıb tələf etdilər və getdikcə hamısını ya qırıb ya başqa bir növlə tələf edib, bütün dövlət və sərvətlərini əllərindən aldılar. Vəhşilərin bəzilərini özlərinə qul edib, at və eşşək yerində işlədirlər. Əvvəlcə adam əti yeyən vəhşilər əlində xaraba və boş qalan yerlərdə bu gün qırx mərtəbəli evlər rəkz olunub, mədəniyyətin, elmin zəfərini övci-səmayə qaldırıbdır. Həmçinin Afrika və Avstraliya hamısı mədəniyyət ərbablarının əlinə keçib, öz vəhşi əhalisi mədəniyyət təzyiqi altında qırılmaqdadır. Sözlərimizə dəlil olaraq o yerlərdə ki, bir qədər mədəniyyət iyi varmış, haman yerlər bir növlə istiqlaliyyətini yarım halda; olsa da saxlaya bilibdir. Məsələn, Afrikada Misir, Fas, Asiyada İran, Çin. Bu yerlərdə Çindən başqa bir zaman islamın şəşəə mədəniyyəti hökmfərma olub, əksər əhali ülum və fünun sahibi olduğundan, bu yerlər müstəqilən və ya nimmüstəqilən yaşamaqdadırlar. Lakin islamın o şəşəəli mədəniyyəti fəramuş edilib, əvəzində mövhumat və xürafatdan başqa bir şey qalmadığına görə, həman məmləkətlər günü-gündən tərəqqi edən Yevropa mədəniyyətinə tab gətirə bilməyib, bilaxirə əcnəbilər əlinə keçibdir. Məsələn, Fas, Misir, İran dəxi ancaq öz qəyur vətənpərvərlərinin mücahidat cansüpəranəsi sayəsində qurtula bilibdir.

Əlqərəz, mədəniyyət bir seldir ki, axmaya bilməz, axacaqdır və qabağına çıxanı da süpürüb aparacaqdır. İndi haman mədəniyyətə qurban olmamaq üçün mədəniyyətin özü ilə silahlanmalıdır, və illa qabaqda məhv və nabud olmaq təhlükəsi vardır. Mən burada elmin insan üçün nə qədər gözəl nemətlər, nə qədər fəzilətlər vermək barəsində danışmaq istəmirəm. Bu barədə də çox danışılıbdır. Mənim bu barədəki ixtarım xəbərdarlıqdır. Madam ki, biz Yevropa mədəniyyətindən uzaqlaşmaq fikrindəyik, özümüz üçün böyük bir quyu qazıyırıq, çünki mədəniyyət sahibləri bizi məhv və münqəriz edəcəkdirlər. Haman Amerika, Avstraliya vəhşiləri kimi bizi də əzəcəkdirlər. Biz dəxi mədəniyyətdən başqa heç bir özgə təriqlə özümüzü müdafiə edə bilmərik. Öz varlığımızı ançaq mədəniyyət ilə isbat edə bilərik. hal- hazırda bizim şəhərlərin, baxüsus Bakı şəhərinin halı buna şahiddir ki, bizlər nə qədər mal və dövlətimizi, canımızı mədəniyyətsizliyimiz cəhətindən qurban etmişik. hər hansı şəhərimizə baxırsan müsəlman. Hissəsi xaraba, sair hissələri məmur və abad. Müsəlman hissələri ürək bulandıran, sair hissələri könülaçan, insana fərəh verən. Nədəndir? Özgələrin mədəniyyətli və bizim mədəniyyətsizliyimizdən. hər kəs ki, bu əyyamda mədəniyyətin ziddinədir, o şəxs millətimizin ən böyük düşmənidir. Onun vücudu səlamət və istiqbali-millət üçün müzürrdür. O evyıxandır, əhali bəd- bəxt edəndir. O bütün milləti özü kimi kor qoyandır. Deyir ki, bu gün elm və mədəniyyət məsələsi can məsələsidir. Dirilik məsələsidir.

Mədəniyyətsiz olduğumuz halda, mədəniyyətlilərin müqabilində dayana bilmərik, labüd məhv olarıq. Hər kəs ki, (millət kənarda dursun) öz övladını sevir, onun gələcəyinin dərdinə qalır, öz nəslinin bəqasını istəyir, övladının bədbəxt olmağına səbəb olmaq. istəmir, o kəs övladını məktəbə verib, oxutdurmalıdır. Əks surətdə övladının başına hər nə fəlakət gələcəksə, hamısının səbəbi özü olub, qəbrdə də rahat yata bilməyəcəkdir. Günbəgün yüz minlərcə" savadsız müsəlmanlar ata-analarından şakidirlər ki, onları vaxtında oxutmayıb, bədbəxtlik və zavallarına səbəb olubdurlar.

Bununla belə yenə içimizdə bir çox şəxslər var ki, elm və mədəniyyətin ziddinə olub, min cürə müfsidlik və müffəttinlik ilə əhalini elmdən kənar edirlər və xalqı cəhalət içində saxlamağa qeyrət edirlər. Təəccüblüdür ki, bu cüzə müzürr şəxslərin vücuduna təhəmmül olunur.... Amma sonrakı peşimançılıq fayda verməyəcəkdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 124-126.