Üzeyir Hacıbəyli

Dördgöz olmalıyıq

Paytəxtimizdə Azərbaycan istiqlalına qarşı sui-qəsd əməliyyatının kəşf edilməsi bizi, yəni hökumətimizi də əhalimizi də dördgöz olmağa vadar edilir. Bundan sonra bizim hər bir cüzi də olsa fəqərədən şübhələnməmiz lazım gəlir. Və hər bir istiqlalpərəst və vətəndostşəxsin borcudur ki, hər kəsdən və hər bir əhvaldan və hadisədən şübhə edirsə həmandəm lazım olan yerlərə bildirib kəşf etdirsin. Və bu ayıqlıq təbiidir ki, həm Bakıda və həm də Azərbaycanın sair yerlərində dəxi ibraz edilməlidir.

Şükürlər olsun ki, Azərbaycanın türk və islam əhalisi arasında istiqlal və azad yaşamaq fikri o qədər bərkiyib və o dərəcə dərinləşubdır ki, əhalimiz əksəriyyət əzəminin vətənpərəstligi şək və şübhə xaricindədir. Baxüsus Nikolay dövri-mənhusində qalma bir taqım su idarələrin ləğvini boylə idarə başında duran bürokrat tərbiyəli adamların yavaş-yavaş iş başından rəf edilmələrini görən əhali hökumətimizin boylə müdəbbiranə tədbirlərindən xoşhal olub, öz-özümüzü özgələrdən yaxşı dolandırmaq iqtidarımıza iman və etiqat etməkdədirlər.

Bu gün Azərbaycan istiqlalı əleyhinə söylənən söz və icra edilən əməl hər bir Azərbaycan türk və islamının hissiyatına toxunmaqla qəlbini pərişan edir və acığını tutdurur.

Əhalimizin hal və hissiyyatı bu gün o haldadır ki, şərəflə ölməgi qul və əsir olmağa tərcih edir və bunu degil yalnız bir sözlə söyliyor bəlkə bütün əql və qəlbi ilə dərk edib anliyor.

Təəssüflər olsun ki, bizim sosialist firqələrimizdən bəziləri ifrat dərəcəyə varub da özgə çəkməsinin bizim boynumuz üzərinə minməsini sosializm şüarlarinin hüsulində ədd edib bugunə xilafi-insaniyyət yollarda işləməgi özləri üçün caiz bilirlər. İstiqlallarını can və başla saxlamaq yolunda hər bir fəda karlıqlarda bulunan qoca gürcü sosialistlərindən ibrət almaq istəməyən cavan sosialistlərimiz böyük səhvdədirlər. Boylə səhv ki, onun nəticəsi nəinki sosializm fikrinə xidmət göstərməz, bəlkə bir millətin məhv və itlafina səbəb ola bilər.

Biz ifrata varan cavan sosialistlərimizi bugunə əməllərin sanki təhlükələrindən xəbərdar etməgi özümüzə borc bilirik və bunu deyirik ki, müstəqil yaşamayan bir millət içində ali fikirlər əmələ gələ bilməz. Sosializmi ali fikirlərdən ədd edib də bunun intişarını Azərbaycan türk və islamları arasında arzu edirsinizsə, əvvəlcə çalışın ki, bu millət azad yaşamağa imkan bulsun, zira hər bir tərəqqi və o cümlədən fikir tərəqqisi dəxi, ancaq azad yaşayan millət üçün də nəşvü-nüma tapub inkişaf edə bilər. Hətta internosional fikri dəxi müstəqil yaşayan millətlər arasında törəyən bir fikir ola bilər.

Hal-hazırda bizdən ötrü bolşevik hücumu və ya Denikin qaragüruh hücumu ikisi də bir təhlükədir. İstiqlalımızı itirmək azadkən qul və əsir olmaq və ola bilməsin ki, bilkülliyyə yer yüzündən yox olmaq təhlükəsidir. Heç vaxt demək olmaz ki, bolşevik istilası Denikin istilasından iyidir. Çünki o da, bu da bir millətin istiqlalını və azadlığını əlindən almağdır. Biz onu da, bunu da təcrübə ilə görmüşük, viran edilmiş imarətlərimiz, talan olmuş malımız günahsız yerə tökülmüş qanımızla imtahanlardan keçirmişik və bunu da hər bir sinfimizdən artıq demokrat və füqərayi-kasibə sinifimiz görüb və hiss edibdir. Özgə millətlərdən olan bolşevik hakimlərinin "ədalət" və "mürüvvət"indən hamıdan artıq zərərçəkən türk və islam füqərayi- kasibəsi olduğum heç bir insaf əhli dana bilməz.

Bu füqərayi-kasibəni təkrar cəbr və zülm pəncəsi altına verməkdə nə böyük fikir və nə ali məqsəd ola bilir?..

Zənn etmirəm ki, bu cürə "ali" fikir və məqsədlər Azərbaycan türk və islamları üçün müzahirət göstərən olsun!.. Bunun tərəfindən ancaq bizim zillət və rəzalətinizi istəyənlər içində ola bilər...

İştə istiqlalımıza qarşı hazırlanmada olan sui-qəsdlərdən özümüzü qorumaq, müqəddəs vəzifəmizdir. Dördgöz olub da, hər bir şübhə iqaz edən keyfiyyətə diqqət yetirməliyik və əlaqədar olan dairələrin diqqətini cəlb etməliyik ki, bugunə sui-qəsdlər ibtidadə kəşf edilib böyüməgə imkan bulmasın.

İçimizdə olan düşmənlərimizin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərlidir. Xaricdə duranı görürük, lakin içimizdəkiləri hər dəfə görmək mümkün olmur. Bunlar əlaltı işlər görürlər və bizə qarşı qəflətən hücumlar və şəbxunlar hazırliyorlar.

Bu yolda hökumətimiz üzərinə böyük vəzifələr tərəttüb edir ki, onlardan biri də əz cümlə budur ki, məmləkətimiz, qapısı açıq məscid halında qalmasun ki, oraya Allah bəndələri ilə bərabər şeytanə sitayiş edən əgri və oğrular dəxi girə bilsin. Keçmiş işlərdə ləkəli olanları və söz və əməllərilə şübhəli görünənləri məmləkətimiz daxilinə buraxmamalıdır, səhvən buraxılmışlar varsa, tərd və ixrac etməlidir. Gürcülər və ermənilər öz məmləkətlərində boylə edirlər, biz nə üçün etməməliyik? Bir halda boylə rəftara böyük bir həqqimiz vardır.

Xülasa, istiqlalımızi müdafiə və mühafizə yolunda dördgöz olub da xarici və daxili düşmənlərimizi dəf üçün hər bir tədbirə bilatərəddüd təvəssül etməlidir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 154-156.