Üzeyir Hacıbəyli

Vladiqafqaz camaatına bir də açıq məktub

Əfəndilər!
"Molla Nəsrəddin" jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında "Ümumvladiqafqaz camaatı tərəfindən vəkil" sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
O ki qaldı məzkur məqalənin çap edilməsinə: əvvəla bunu bəyan edirik ki, bir neçə zaman bundan əvvəl İstambulda, yəni xəlifeyi- müslümin oturan və bir çox islam alimlərinin məcməi olan bir yerdə "kafir" ləfzi rəsmi surətdə ləğv edildi. Yəni orada belə qayda qoyuldu ki, bundan sonra heç bir kəs, istər müsəlmanı, istər qeyri-müsəlmanı "kafir" sözü ilə təhqir etməsinlər. Biz İstambulun belə bir məqul və mədəni tədbirini alqışlayırıq. Bundan aşkardır ki, heç bir kəsin, baxüsus millətə bir çox xidmət göstərməkdə olan "Molla Nəsrəddin"in küfr və mürtəd olduğunu qəzetimizdə elan edə bilmərik. Özünüz dürüst mülahizə buyurun. "Molla Nəsrəddin" müsəlmandır. Çünki müsəlman dəyiləm demir və madam ki, bir şəxs "mən müsəlman dəyiləm" demiyib, özü də müsəlmanlar, biç necə onu kafir, mürtəd edə bilərik?..
Peyğəmbərimiz dini mübinin islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mücahidələrdə bulundu. Sizlər isə dini-islam əhlini artırmağa çalışmaq əvəzinə "küfr və irtidad" vasitəsilə azaltmağı təklif edirsiniz. Bu isə qəzetimizin məsləkinə müvafiq dəyildir. Siz iddia edirsiniz, ki, "Molla Nəsrəddin" günah edibdir. Belə dəyilmi? Çox əcəb. Əlbəttə, hər bir kəs, yəni biz də, siz də və "Molla Nəsrəddin" də söz ilə və ya əməl ilə günah iş edə bilərik. Həqiqi müqəddəsləri əbəs yerə təhqir etmək, səbb etmək, xalqın malını yemək, yalan və iftira söyləmək, adam öldürmək, fitnə salmaq, camaatı aldatmaq - bunlar hamısı cürbəcür günahlardır. Lakin hər günah üstə müsəlmanı kafir və mürtəd edərsək, o halda ruyi-zəmində bir cüt yarım müsəlman da qalmaz. Bu, ağıl və məntiq cəhətincə. İndi insaf və vicdan iqtizasına tabe olaraq danışaq.
"Molla Nəsrəddin" jurnalı indiyə qədər bir çox mənfəətli məqalələri ilə millətimizə çox xidmətlər göstəribdir. Çirkin və çürük adətlərimizin zahirdə gülünc və batində maneyi-tərəqqi və pişirəfti olduğunu ap-aşkar bizə bildirməklə bir çox qüsurlarımızı bir-bir göstərməklə gözümüzü açıbdır, pis adamlarımızı taqsırlandırıb, əfradi- millətə vurduqları zərərləri aşkar edibdir. Bu cürə mənfəətli bir jurnalı, yalnız bir məqalə üstündə təkfir, təlqin etmək, baykotlamaq insafdırmı, ağıl və vicdan buna yol verərmi?
Budur bizə ədəb dairəsində cavab verənlərə bizim tərəfimizdən bəyanat.
Lakin bizim sualımıza cavab yazanların çoxu öz cavablarını ədəbsiz bir surətdə yazıb bütün mətbuat ilə qərəzləri olduğunu bildirirlər. Bunun öz, bu şəxslərin "islam müdafiəçisi" olmadıqlarını aşkar bildirir. Bunların məqsədi islamı müdafiə etmək dəyil, bəlkə ümum müsəlman mətbuatına düşmənçilikdir. Hər halda ədəbsiz sözlərdən incimirik. Təhdidatlardan ürkmürük. Çünki məlumdur ki, qəzetçilik və qəzetçiyə o cürə şeylər bədihidir ki, əsər eləməz. Lakin "biz ərizə verib imperatordan təvəqqe edərik ki, bütün müsəlman qəzetələrini bağlasın" və bir də "müsəlman qəzetələri çıxandan bəridir ki, çox fəsadlar törənir". Budur, bu sözlərdir ki, bizi hamısından artıq məyus edir. Zərər yoxdur əfəndim, ərizəni hazırlayın, bəlkə "islamı müdafiə edəsiz!" O ki qaldı qəzetlər çıxandan bəri fəsadlar törənməsinə - onda da haqqınız vardır. Doğrudan da qəzetələr çıxandan bəri sizin və sizin kimi "islam müdafiəçilərinin" xoşuna gəlməyən çox "fəsadlar" əmələ gəldi. Məsələn, Məmmədəli şah taxtından düşürüldü, Sultan Əbdülhəmid xilafət və səltənətdən qovuldu, Şeyx Fəzlullah, Mir Haşım asıldı, Rəhim xan dərbədər düşdü... Xülasə, qəzetələr çox "fəsad" çıxartdı. Elə isə bəri başdan ərizələri hazırlayın.
Xülasə, bu məktublar idarəmizin ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacayıq ki, əvvəla, millət mühakimlərinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsilə bizim indiki halımızdan müxbir ola bilsinlər.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 156-158.