Üzeyir Hacıbəyli

Ordan-burdan: [Qarabağda yer məsələsi]

- Kərbəlayı Kərim, sən dur yuxarıdan otur!
- Yox, Məşədi Cəlil, elə bura yaxşıdır.
- Yox, sən öl olmaz, dur bəri otur!
- Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır.
- Əşi, bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə, bir az da bəri, bir az da bəri, mən ölüm bir az da bəri, sən Həsənin canı bir az da bəri sürünçün! Helə bax, indi ürəyim arxayın oldu.
                                                                                                       * * *
Həsənbala kişi, sən zəhmət çək dur bu aşağıdan otur, bura Kərbəlayı Heydərin yeridir. Bir az da aşağa, bir azca da aşağa, bir xırda da yanını aşağa elə atan olsun rəhmətlik! Yaxşıdır, daha ordan aşağı yenmə elə orda otur. Hər məclisdə gərək bu qayda və qanun olsun, elə deyil molla Vəli?
Əlbəttə, qayda və qanundan başqa bir də burda ədalətə riayət olunur ki, hamısından vacib odur!
                                                                                                          Eşitdiyimiz xəbərlər
Bizə belə xəbər verirlər ki, Dövlət dumasının üzvləri arasında qoçubazlıq əmələ gəldiyinə görə bəzilərinin fikri vardır ki, orada bir "Hidayət" məclisi açsınlar ki, hər bir kəsin vəzifəsini özünə bildirib, qoçuluğu aradan götürsün.
Yenə, bizə belə xəbər verirlər ki, İran Məclisi-Millisi neçə vaxtdır ki, bir kəndirbaz axtarır ki, rus dumasında Pruşkeviç olan kimi, onların məclisində də bir kəndirbaz olsun ki, məclis əhli bidamaq və "iskuçnı" oturmasınlar.
                                                                                                       * * *
Yenə bizə xəbər verirlər ki, Qafqaz müsəlmanları arasında "ittihad" və "ittifaq" qayırmaq üçün, mücahidlərimizdən birisi belə qanıbdır ki, müsəlmanları iki qismə bölüb şiyə və sünni adlandırmaq azdır, gərək dörd yerə bölüb, "tazə müsəlman" və "köhnə müsəlman"lara da böləsən ki, ittifaq və ittihad işi lap tez olsun.
İdarədən: qəribə işdir vallah, bir yeri yamayırsan ayrı yeri yırtılır!

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 331-332.