Üzeyir Hacıbəyli

Nuri-dida Ceyhun!: [24 fevral 1920-ci il]

Salam-duadan sonra Cəmala və Zülluqara yazmış olduğun kağızlar gəlib yetişdi. Məzmunundan anlaşulur ki, sizin güzəranınız pis keçir. Bu isə bizi çox pərişan etdi. Hər halda çox da məyus olmaq lazım degildir, çünki biz buradan sizə köməklik yetirərik ki, mümkün olduğu qədər üsrət çəkməyəsiniz. Sənə borclu olanlardan hələlik pul almaq bir qədər çətin əmrdir, baxüsus Hacı Ələsgərdən ki, bu saət onun özü çox ehtiyac içindədir. O, Cəmalə deyibdir ki, Ceyhun özü oğluma yazıb borcunu ondan istəsin. Sən öylə et və onun oğluna kağız, yazıb pul stə; İkinci borclu isə Zülfüqarın dediyinə görə söz veribdir ki, köməklik yetirsin. Mən onu dəxi Cəmala tapşırdım ki, özü də o adamı görsün və mən də görüşüb tələsdirəcəgəm. Sizin evin məxluqatına gəlincə onların bu saət dəgəri bir o qədər pul etməz, ona görə qərar qoyduğ ki, hələlik, ehtiyat üçün dursun. Bunun hamısının əvəzində mən boylə qət etdim ki, özüm sənə hər ay beş funt ingilis pul göndərim, odur ki, israğa gün buranın banqı vasitəsilə sənin adına beş funt göndərdim. Fəqət bilmiyorəm bu qədər pulun sizə bir görkəmli köməgi olarmı, olmazmı. Sən isə bu barədə mənə kağız yaz, əvvəla, ümumaylıq xərcinizi bildir ki, görüm sizin dolanmanız üçün münumum nə qədər lazımdır və mən göndərən pul sizə nə qədər köməklik yetirə biliyor.
Hər halda sizin orada ehtiyac içində qala biləcəginizdən çox da təşvişə düşmə, çünki burada bizdən müəyyən kömək gözləyə bilərsən ta o vaxta qədər ki, sənlə görüşüb də buraya qayıtmaq məsələsini həll edərik. Mən səninlə ancaq yayda görüşə bilərəm. Orada açılan sərgiyə indi mən gedə bilmərəm, çünki əlimdə olan qulluğu itirə bilərəm. Mən, inşallah, ya iyunun axırında və ya iyulun ortalarında nə tövr olmuş olsa, oraya gəlib sizinlə görüşərəm. O zamana qədər isə hər ay sizə beş funtdan az olmamaq şərtilə pul göndərərəm. Bununla işiniz aşmaz isə daha da artıq mümkündür.
Kağızını bir para yoldaşlara göstərdim. Çox xoşlarına gəldi. Hamısı sənin gəlməyinin tərəfdarıdırlar. Fəqət mən boylə qət etmişəm ki, əvvəlcə səninlə görüşək, sonra bir yerdə qayıdarıq.
"Arşın mal alan"ın notlarını Cəmala verdim ki, sənə göndərsin. Hərgah ondan da bir şey çıxarsa daha yaxşı!
İstanbulda tyatıro qoyaq və sairə bu kimi məişət yolları məsələsini səninlə görüşəndə danışarıq, hələlik sən qarıxma və mən gələnə kimi öz ədəbi işlərinlə məşğul ol.
Bizlər hamımız sağ və salamat varıq. Aişə xanımgil dəxi salamatdırlar. Musanı buraya ticarət komissarı təyin edibdirlər. Mən onunla hələ görüşməmişəm. Onun da burada olmağı yaxşıdır.
Nənəm, bacıların, Məleykə və bütün qohumlar sizə artıq-artıq salam-dua göndərib, sənlə Zöhrənin və Ceyçik ilə Timuçinin üzlərindən öpürlər.
Əlbəttə, pul sənə çatan kimi mənə kağız yaz və sizə nə qədər ayda pul kifayət edəcəyini dəxi yaz məlum elə. Çox da fikirlərə düşmək lazım degildir. Sizi köməksiz qoymarıq. Kağızı mənim öz adresimə yaz. Baqi səni, Zöhrəni və uşaqlan öpürəm.

                                                                                                                                                                                                                                   Bəradərin Üzeyir. 24 fevral (1920), Bakı
Məktuba qələmlə əlavə yazılan il səhvdir. Çünki Timuçin 1921-ci ildə anadan olub. Çox ehtimal ki, məktub təxminən 1921-22-ci illərdə yazılıb.
                                                                                                                                                                              Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 325-326.