Ordan-burdan
Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri "nervinni" deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə "revolyusiya" var, nə "reaksiya" var, nə "ictimaiyyuni-amiyyun", nə "inqilabiyyuni- amiyyun", nə "məşrutəyi-amiyyə", nə "hürriyyəti-milliyə", nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi "fərəhlənir" bununla da belə "naşükür" yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, "çox mürüvvətli və insaniyyətpərvər adamlardır".
* * *
Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir:
...Bəs ma betəmaşaye-cəha namədeim?
İndi görünür ki, taleyin binəva şairə yazığı gəlib, dilbərlərə məxsus bir nazü-hərəkət ilə başını döndərib müsəlmanlara da üzünü göstərməkdədir. Buna dəlil odur ki, indiyədək biz sairlərinə tamaşa edirdik, indi isə əqyar bizə tamaşa etməkdədir. Necə tamaşa etməsin? İki müsəlmanın bir-birini öldürdükdə təşkil etdikləri mənzərə şahani
tamaşa deyilmi? Yaxud orada-burada müsəlmanlar tərəfindən "mövqeyi-tamaşaya vəz edilən" qoç döyüşməsi, it boğuşdurması, xoruz vuruşdurması kimi sirk oyunları və bunun sonunda "sirkçilərin" özlərinin vuruşması, boğuşması, toqquşması əhəmiyyətsizmidir zənn edirsiniz?
İndi şair sual etsə ki: "Bəs ma betəmaşaye-cəhan amədeim" cavabında deyərəm ki, xeyr. "Mərdom betəmaşaye şomeə-amədeənd!" Bəli!
* * *
Farsca danışdım fars mühafizəkarları xatirimə gəldi. Məzkurlardan birisi mənimlə türk dili xüsusunda söhbət edərək türklərin ərəb dili ilə təbinə müqayir bir tərz ilə istifadə etmələrindən şikayət etdi. Dedi ki: türklərin nə ixtiyarı var ki, "təkəmmül" sözündən "təfaül" babi qayırıb "təkamül" sözü istemal edirlər. Ərəbdə "təkamül" sözü yoxdur! Bu təbiidirmi?
Dedim canım, nə təbii bazlıqdır, ərəbin "təkamül" sözünə ehtiyacı yox idi. Onun üçün də "təkamül" sözü istemal etmirdi. İndi bu sözə ehtiyacı vardır, binaənəleyh istemal da lazımdır.
Mühafizəkar mənimlə müvafiqət etmədi. "Təbii deyil, təbii deyil!" - deyə inadlıq etdi. Dedim: Təbiiliyə qalsa dəmiryol qatarında 10 günlük yolu 2 gündə qət etmək, telefon vasitəsilə görmədiyin adamla danışmaq, bunlar da təbii deyil, eləmi? Heyif, bir qədər duruxdusa da sonra tez: "əlbəttə, əlbəttə!" dedi. Dedim odur ki, İranda dəmiryol, telefon, filan tapılmaz. Və teleqrafın İranda mövcud olmağına siz mühafizəkarlar nə tövr səbr edirsiniz, onu qanmıram.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 188-192.
