Üzeyir Hacıbəyli

Ordan-burdan

Dünən bir neçə nəfər "ürəyi yuxa" adamlar məni görüb hər biri mənə bu sözü dedi:
"Proqress" qəzetinin üçüncü nömrəsində Zəngəzur acları barəsində Qarabəyov yanıqlı bir məqalə yazmışdı, oxuyandan sonra az qaldı ki, ağlayam.
Dedim: Mən də həmin məqaləni oxudum, amma oxuyandan sonra az qaldım ki, oynayam.
Dedilər: Nə üçün?
Dedim: Nə təfavütü var? Biz ağlayıb bikef olmaqla, ya oynayıb şad olmaqla Zəngəzur açlarının qarnı tox olmaz ki, səndən onlara çörək vermək olsun, istər ağla, istər mil dur.
"Ürəyi yuxa" adamlar bu sözün üstündə məndən bərk incidilər.
                                                                                                                  * * *
Amma cənab oxucu! Sən məndən incimə, qoy sənə bir söz deyim.
Cənab oxucu! Fərz elə ki, sənin qardaşın və ya əziz bir adamın dəryaya qərq olub batmaqdadır; yazıq ha əl-ayaq çalır, özünü birtəhər sahili-nicata sala bilsin, amma dağ boyda ləpələr bir-birinin dalınca qardaşının üstünə hücum edib, binəvanı boğmaqdadır: o tərəfdən də bir nəhəng balıq ağzını əjdaha kimi açıb istəyir ki, qardaşını udsun, sən də kənarda durub qardaşının müsibətinə gendən tamaşa eləyirsən, özünün də əlində uzun ağac var və nəhəng balıqları öldürən bir karastı dəxi varındır. Aya, insafdırmı ki, sən ağacı qardaşına uzatmayıb balığı da öldürməyəsən???
Deyəcəksən ki, xeyr, insaf deyil!
Çox yaxşı, peyğəmbərimiz (s) bizə buyurubdur ki, cəmi müsəlmanlar bir-birinə qardaşdır. Bəs, bundan belə məlum olur ki, Zəngəzurda böyrü üstünə yıxılmış Kərbəlayı Məhəmmədcəfər sənin qardaşındır. O yazıq aclıq dəryasına qərq və "tif" naxoşluğu balığına da taam olmaqdadır.
Aya insafdırmı ki, sən bu əhvalatı bilə-bilə səhər ertəsi yağ çörək ilə çay, günorta vaxtı kələm dolması, dovğa və axşam da rəngli plovunu doyunca yeyib, o yazıq Məhəmmədcəfərə bir danə çörək vermiyəsən???
İndi bu bir söz idi dedim, ancaq təvəqqe eləyirəm ki, məndən inciməyəsən!

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 270-271.