Ordan-burdan: ["Tərcüman" qəzetəsi və barama qurdu]
Bütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.
İndi, qəzetələr babası olan "Tərcüman" qəzetəsi dəxi nə təhər olubdursa, barama qurdu kimi "oyun" çıxartmaq istəyir.
"Tərcüman" qəzetəsinin əvvəl bir yarısı rusca və bir yarısı da müsəlmanca çıxırdı. Amma sonra müsəlman qəzetələri artan zaman "Tərcüman" birdən-birə rus dərisini çıxardıb, müsəlman şəklində qaldı. Amma, yenə bu axır vaxtlar bəzi vaxt rus kürkünü yadından çıxartmayıb, hərdən bir, bir qolunu geyir. Bu "Tərcüman’ın zahiri üzü. Amma dərd burasıdır ki, "Tərcüman’ın batini üzü də zahirisinə cavab verir. Mənim yadımdadır ki, lap əvvəl "Tərcüman" biz müsəlmanları ruslara bitişdirmək istəyirdi... hə, uzun məsələdir. Sonra müsəlman qəzetələri çıxan zaman daha bitişdirmək istəmədi. Vallah indi də heç anlamaq olmur ki, "Tərcüman" babamız bizi kimə bitişdirmək istəyir. Doğrudur, çox deyir ki, ay "türk" belə gəldi, belə getdi, "müsəlman" belə oldu, amma... belə çox məzəlidir ey, qanmaq olmur ki, axı görək bu səfər bizi kimə bitişdirmək istəyir. Hə... qərəz, biz burasını bilirik ki, barama qurdunun sifətdən-sifətə düşməyi Allah-taalanın böyük bir hikmətidir ki, onu anlamaq çox çətindir.
Bəs, görəsən "Tərcüman"ın bu sifətdən-sifətə düşməyi kimin hikmətidir ki, onu da başa düşmək belə çətindir?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 326.
