Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun!: [10 iyun 1923-il]

Salam-duadan sonra sizə gec kağız yazmağımın səbəbi odur ki, mənim ali təhsil məsələmin həllini gözləyirəm. İş bundadır ki, bu Maarif Komissarlığı tərəfindən həll olunduğdan sonra bizdə başqa mərkəzlərdən dəxi təsdiq edilməlidir. Bu isə texnik cəhətcə işin həllinin uzanmasına səbəb olur. Hər halda indi mənim məktəb işlərim bitdiginə görə bu xüsusda citdiyilə çalışacağam və ümüdvaram ki, gec-tez müvəffəq olam. Ona görə bir qədər dəxi səbr lazımdır. Hər halda indi sizə tez-tez kağız yazacağam. Əlavə onu biləsən ki, burada Maarif Komissarlığı tərəfindən "Maarif və mədəniyyət" adında yaxşı jurnal nəşr edilir ki, ayda bir kərə çıxır. Sən o jurnala hər ay bir məqalə yazıb göndər ki, məzmunu ədəbiyyata aid olsun. Xüsusi fransız ədiblərinin bilümum türk ədəbiyyatı həqqındakı fikirləri, qərəz ədəbi bir şeylər yazsan (200-300) sətirlik qonorarını ki, hər məqalənin ki, igirmi manatdan çox edər, alıb mən göndərən pula əlavə edərəm. Məqaləni mənim üstümə göndərərsən, əlavə buradakı türk qəzetələrindən biri üçün Paris və Fransa əhvalatından müntəzəm bir surətdə məqalələr yazarsansa o da mədaxillik artırar. Ba xüsusidən mənə yazıb bildirsən ki, mən vastəçilik edim. Baqi biz hələ mənim təhsil məsələmin həllinə qədər Bakıda qalasıyıq. Əlavə hamımız sağ və salamət olub sizlərə dualar göndəririk və uşaqların üzlərindən öpüb həmişə salamətliğiniizi arzulayırıq.

Nənəm sənə, Zöhrəyə, Ceyçikə və Timuçinə əlavə olaraq çox-çox salam-dua göndərib, üzünüzdən bərk-bərk öpür.

Bir həftə bundan qabağ sənə pul göndərdim.

Bəradərin Üzeyir. 10 iyun (1923)

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 347.