İran iğtişaşına dair
Tehrandan rus qəzetlərində yazıldığına görə, İran saray partiyası Əmir Cəng ilə bərabər səy etməkdədirlər ki, ikinci məclisə seçki işlərini təxirə salıb, bilaxir məclis əhvalatını moquf etsinlər.
O səbəbdəndir ki, indiyə qədər seçki barəsində heç bir hazırlıq yoxdur. Rus və ingilis səfirləri bu əhvalatı hərdənbir şahın yadına salırlar. Lakin şah cavab verir ki, hələ İran sakit olmayıbdır, ona görə ikinci məclisi qurmaq tezdir. Daha orasını fikir etmir ki, İranın sakitliyi məclisin inkişafına bağlıdır.
Şahı və saray həşəratını məyus edən Təbriz əhvalatıdır. Çünki məlumdur ki, Əgər Təbrizdə məşrutəçilər qalib gəlib, şəhəri irticapərəstlərdən təmizləsələr, o surətdə İranın sair şəhərləri dəxi Təbriz kimi iğtişaş başlayıb, şaha qarşı üsyan edərlər. Bu üsyanı yatırmaq üçün də İran hökumətinin əlində heç bir qüvvət yoxdur. halbuki Azərbaycanın sair vilayətlərində məşrutə tərəfdarların- dan bu saat yaxşı müsəlləh atlılar və dəstələr təşkil olunmaqdadır.
Hamısından bədtər burasıdır ki, bu saat İran hökuməti maliyyat cəhətincə böyük bir böhran içindədir. Yəni pul yoxdur ki, müntəzəm qoşun təşkilinə sərf olunsun. Tehranı doldurmuş köçəri və vəhşilər isə qətl və qarət ilə dolanıb daha hərcü mərcin artmasına səbəb olurlar. İştə bu səbəbdəndir ki, Əmir Bahadır Cəng rus və ingilis səfirlərinə müraciət edib, deyir ki, Əgər siz istəyirsiz ki, doğrudan da, İranda məclis olsun, onda bizə borc pul verin ki, Təbrizdə və sair yerlərdə olan iğtişaşı yatırdaq və məmləkəti sakit edək ki, məclis qurmaq mümkün olsun.
Lakin hamıya məlumdur ki, Əgər İran hökuməti Təbriz iğtişaşını yatırda bilə, o surətdə heç bir vəchlə təkrar məşrutə tətbiq etməz. Şah bu saat iki atəş arasında qalıbdır: bir tərəfdən Təbriz iğtişaşı onu vadar edir ki, məşrutəni geri versin, digər tərəfdən Əmir Çəng ona iqna etdirir ki, məşrutə bilmərrə aradan götürülsün.
Tərəqqipərvər iranlılar bu fikirdədirlər ki, Rusiya və yaxud İngiltərə İran hökumətinə pul verərsə, o surətdə millətə çox yaman fənalıq etmiş olarlar. Yevropalılar bu fikirdədir ki, şah ikinci məclis açsa da, o məclisdən bir şey çıxmayacaqdır. Bəlkə bu məclis şahın və Əmir Cəngin əlində bir alət olub, onlardan gələn bütün əmrləri təsdiqə məcbur olacaqdır.
Lakin İran tərəqqipərvərləri bu fikrə şərik olmurlar. Onlar deyirlər ki, millət heç bir vaxt razı olmaz ki, onlardan seçilmiş adamlar hökumət əlində oyuncaq olsunlar. Və bir də şah və Əmir Cəng hər nə tövr məclis olursa-olsun qorxurlar. Yalnız bir məşrutə fikri onları əndişəyə salır. Çünki bunlar heç bir vaxt razı olmaq istəmirlər ki, hökumət işlərinə onlardan başqa "özgələr" dəxi qarışsınlar.
Tehrandan yazıldığına görə "Salam" vaxtında şah istəyirmiş ki, təzədən tac qoysun. İş burdadır ki, əvvəl dəfə şah tac qoyduqda tac tərsinə düşübdür. Bu əhvalat o vaxtdan bəri şahı əndişəyə salmışdı. Bunu bir pis əlamət ədd edirdi. İranın iğtişaşı isə şahın əndişəsini doğruya çıxartdı. Ona görə ikinci dəfə tac qoymaq fikrində oldu, lakin bu rəsmi-tətəvviç üçün milyonlar sərf etmək lazımdır. Halbuki İran xəzinəsi bu saat bom-boşdur. Ona görə bu fikir sonraya qaldı.
"Salam" əsnasında şah sarayın pəncərəsindən qoşuna tamaşa edirdi. Dərbar şairi Hüseyn şahın ayağının altına sürünüb, şerlər oxuyurdu və İranın səadət və xoşbəxtliyini, şahın tədbir və əqlini və İran qoşununun cəsarət və şücaətini şerlə söyləyirdi. Bədbəxt şair!
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 96-97.
