Üzeyir Hacıbəyli

Ordan-burdan

Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir "peyğəmbərlik" edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. "Sovremennik" qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, "Na povorota" adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, - "yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək".
Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? "...hər şeyin tazası, dostun köhnəsi"; senzor da məlum olduğu üzrə mətbuatın köhnə "dostudur".
                                                                                                               * * *
Amma müsəlmanların dürlü-dürlü "dostları" vardır. Ha! Uzaq "dost", yaxın "dost", laübali "dost"... kefin istəyən "dost!". Kutayisin sabiq qubernatoru Straoselski həzrətləri də, görünür ki, müsəlmanların "dostu" imiş! Qafqaza əlvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski "dostluq" vəzifəsini ifa etmə niyyətilə Peterburqda "ictimai və siyasi klub"da müsəlmanları tərif və tovsifə başlayıbdır. Deyibdir ki: "müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdırlar, hökumət də bunu bilir, onları sairlərin üstünə qısqırır". Lakin bunun səbəbini cənab Staroselski bəyan etmək istəməyibdir, çünki o surətdə sözlərinin şayani etibar olduğuna xələl yetərdi. Nə lazım?..
Lakin buna "dostluq" deməzlər, əli dinc durmayıb salba (selbə) atmaq deyərlər. Amma, hər "dostumuz" bizə bir salba atsa, bizdə baş-göz qalmaz...
                                                                                                              * * *
Salba (selbə) dedim yadına türk məsəli düşdü ki, "ağac bar gətirəndə başını aşağı tutar". Lakin biz türk ola-ola bizim "ağaclarımız" bar gətirəndə başlarını övci-səmayə qaldırırlar. "Bar" yemək arzusunda olan əligödəklərimiz də "ağaclarımız"ın dibində ora-bura fırlanıb, "bar" ümidi ilə hərdən bir başlarını yuxarı qalxızırlar; lakin "bar"ın əl çatası olmadığını görüb, ya Krılovun tülküsü kimi "əh yetişməyibdir, kaldır" - deyə naümid gedirlər, yaxud çox vaxt acıqları tutub, ağaca salba, atmağa başlayırlar. Bu da "ağaclarımıza" xoş gəlmir...
Məndən isə - başını ovci-səmayə qaldırma, sənə də "salba" dəyməsin.

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 192-193.