Üzeyir Hacıbəyli

Dövlət duması

Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayani- əhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.
May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa "Kolo"sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.
Divani-hərblərin fəsxi xüsusunda duma tərəfindən hazırlanmış layihə isə Dövlət şurasında qəbul edilməyib, əksəriyyət rəy ilə rədd olundu.
Əfsərlərin miqdarı məsələsi ifrat sollar ilə kadetlərin arasında pozğunluğa səbəb oldu. Sollar kadetləri ikiüzlülükdə zəmm və töhmət edirdilər və məsləkcə kadet olan duma sədrini də tərəfgir sayırlar. Doğrudan da kadet firqəsinin hərəkəti bu əsnalarda zəmmə layiqdir. Bu firqənin əqidə və məsləkcə əsası çox boşdur. Əvvəllərdə sol görünən kadetlər, indi sağlaşmağa üz qoyublar. Gələcəkdə nə olacaqlarını dəxi indidən anlamaq olar.

                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 327-328.