Ordan-burdan
Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.
Biri: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır...
O biri: Əcəb işlərim düz gətirməkdədir, ha! Bu gün-sabah Mariya Qriqoryevna da gəlir. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur...
Biri: Su da kəsilibdir. Alış-veriş yox, dükançılar hamısı əli qoynunda qalıblar, taxılı dolu döyüb, qalanını çəyirtkə yeyib, qış üçün bir buğda da qalmayıbdır... nə tövr olacaq?
O biri: Filan düşmənim öldürülüb, arada söz, hekayət də yox, mən ilə çəkişən adamların hamısı burunlarını sallayıblar. Qabağımda bir adam da qalmayıbdır... Necədir, məyər?
Biri: Görünür ki, bizim axırımız yetibdir vallah! Heç bir işimiz düz gətirmir. ...İdareyi-ruhaniyyəmizi düzəltmək üçün məclis qurduq, birisi məclisi qovub dağıtdı ki, əşi, nə məclis-bazlıqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışsınlar, gedib, orada yıxılıb yatdılar. Görəsən kim qarğayıbdır?
O biri: Görünür ki, indi dövran mənimkidir. Sən öl, işçilərimin hamısı mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum - dönüb bir-birinə düşmən oldular. Mariya Qriqoryevnanı özümə mayil etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh olub, dedilər ki, ta biz pəs, hər nə bilirsən elə. Biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da güllələyib, başımdan elədim... Bəs mənim baxtım oyanıbdır.
Biri: Eh, gələcəyi yada salmayanlar! Axırki peşmançılıq fayda verməz ha!.. Qabağınız uçurumdur. İndidən özünüzə bir özgə yol axtarın. Yoxsa bir az keçməz ki, məhv olarsınız. Dünyada adınız da qalmaz. Neçə ildir ki, xabi-qəflətdə yatıb, dünyadan bixəbərdiniz. Gələcəyin qayğısını çəkmirdiniz, barı, heç olmazsa bu əlinizdə olan 5 gündən nəfibərdar olun ki, axırınız bir şeyə çıxsın!..
Doğru deyib Sədi ki:
Ey ki, pəncah rəftə dərxabi!
Məgər in pənc ruze dəryabi?
O biri: Ey dünya qayğısında olanlar! Vallah axırda peşman olacaqsınız ki, əbəs yerə bu nə qayğı idi ki, çəkirdim!.. Qabağınız ölümdür, indidən kefinizi çəkin, ləzzət aparın, yoxsa, bir az keçməz ki, ölüm yetişər, dünyadan kamsız gedərsiz. Neçə ildir ki, baş-diş ağrısı ilə əlləşib vuruşubsunuz. Barı heç olmasa, bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın!
Doğru deyib Sədi ki:
Ey ki, pəncah rəftə dərxabi!
Məgər in pənc ruzə dəryabi?
Vallah, nə yabi?!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 244-245.
