Üzeyir Hacıbəyli

Zaqafqasiya konfransına dair

Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrindən təşkil edəcək olan Zaqafqaz konfransı sabahı gündən etibarən Tiflisdə iniqadə başlamalıdır.

Konfransın müzakirəsinə vəz ediləcək olan məsələlər xüsusində qəzetəmizin keçənki nömrələrində məlumat verilmişdi. Bundan anlaşıldığı üzrə konfransda həm iqtisadi və həm də siyasi məsələlər müzakirəsi müqərrərdir ki, siyasilərini təklif edən Azərbaycan və iqtisadilərini də Gürcüstan olmışdır.

Həll ediləcək olan məsələlər istər siyasi olsun, istər iqtisadi olsun, son dərəcə mühüm olduğundan, Zaqafqaz cümhuriyyətlərinin bir-birilə yaxşı və yaxud yaman dolanması bu məsələlərin o tövr və bu tövr həll edilməsindən asılıdır.

Məsələlər mühüm olduğu kimi, onların həlli də çox müşküldür. Azərbaycan tərəfindən təklif edilmişdir ki, ixtilaflı məsələlər həqqində konfrans heç bir qərara gələ bilməsə, o halda hər tərəf "Arbitraj" qərarına baqi olsun, yəni bu işlərdə mənafecə zimədxəl və əlaqədar olmayan "Bitərəflər"dən həkəm və münsiflər dəvət edilib ixtilafın həlli olanların qərardadına həvalə edilsin və onlar nə qərardad qoysalar hər tərəf buna razi olsun. Bu maddə bu surətlə qəbul edilirsə, ixtilaf və mübahisəli məsələləri həll etmək müşkülatı bir dərəcəyə qədər asanlaşar. Fəqət bu arbitraj qərardadının iki tərəfdən birinin mənafeyinə müvafiq olacağından, mənafeyini xələldar olmuş hesab edən tərəf genə də narazı qalacaqdır.

İştə bunun üçündir ki, bəziləri, əz cümlə erməni milli komitəsi naşiri-əfkari olan rusca "Naşe vremya" qəzetəsi dəxi, siyasi məsələlərin həllini sonraya, yəni ümumsülh konfransı həllinə vagüzar edib də yalnız bir iqtisadi məsələlərdən bəhs edilməsini səlah bilirlər.

Lakin biz bu zəndəyik ki, siyasi məsələlərə əl vurmamaq şərtilə iqtisadi məsələləri müzakirəyə qoymaq və müzakirə bədində müəyyən qərarlar itxaz etmək mümkün olan işlərdən degildir. Ondan əlavə siyasi məsələlərin müəlləq bir halda qalması heç bir kəsi şad edə bilməyib, arada genə də bürudət və küdurət törədə bilər. Halbuki konfransdan məqsəd bu küdurəti və bu bürudəti aradan götürmək, etibar və etimad əmələ gətirməkdir, bunun üçün bir kərə açılışmaq lazımdır. Boylə açılışmaq ki, onun axırı möhkəm surətdə bağlaşılmağı müntəc olub aramızdakı kin və küdurəti rəf etsin.

Siyasi məsələlərdən ən mühimi və ən çətini hüdud təyini məsələsidir.

Bu məsələ zatən Zaqafqaz cümhuriyyətlərinin istiqlal elani bədindən müzakirə və həll edilməli idi. O vəxt, yəni təqribən alti-yeddi ay bundan əvvəl bu xüsusda bir konfrans yığmaq üçün Gürcüstan və Azərbaycan hökumətləri tərəfindən təşəbbüslər edildi. Lakin Ararat hökuməti o vəxt bu konfransa razı olmayıb, işi pozdi. Pozmağda da müəyyən qərəzi oldığını, bunu mütəaqib Gürcüstana qarşı açmış oldiği müharibə ilə isbat etdi. İngilislər tərəfindən toxtadılmış olan bu müharibədən erməni hökuməti heç bir şey qazanmadı, biləks maddi və mənəvi zərərlər çəkdi. İş genə qılıc zoru ilə degil, danışıb görüşmək təriqi ilə həll edilmək zərurətində qaldı.

Şayani-diqqət burasıdır ki, o zəman Ararat hökuməti Azərbaycan iştirakilə bir konfrans qurulmasına razı olmayıb da məxsusi surətdə gürcülər ilə danışmağa girişmək istəmişdi. Gürcü hökuməti bu işə razi oldusa da iş genə Ararat hökumətinin təkrar rizasızlıq ibrazi ilə baş tutmadı. Hər halda ümumzaqafqaz konfransı təşkilindən əvvəl Gürcüstan və Ermənistan hökumətlərinin xüsusi görüşmələri niyyəti baqi qalmış imiş ki, bu konfransdan əvvəl həman iş baş tutub Ermənistan və Gürcüstan arasında bu günlərdə vaqe olan danışıq nəticəsində bu iki hökumət bir-birinin istiqlalını qəbul edib, tanıdıqlarını rəsmi surətdə elan etdilər. Bundan aşkardır ki, Gürcüstan və Ermənistan arasında vaqe olan ixtilaflı məsələlər artıq həll edilib qurtarmışdır. O surətdə, deməli, hər nə ixtilaflı hüdud məsələləri varsa Azərbaycan ilə Gürcüstan və genə Azərbaycan ilə Ermənistanın arasında qalmışdır. Bu ixtilaflar bərtərəf idilərsə, bizim dəxi istiqlalımız zənn edilir ki, rəsmi surətdə tanılacağdır.

Rəsmi tanıtmağın başqa bir mənası vardır. Məsələn, əgər Ermənistan hökuməti Azərbaycan istiqlalını rəsmən tanıdığını elan edirsə, o surətdə Parisdə olan Nübar paşaların və sair erməni müməssillərinin Azərbaycan toprağı hesabına böyük Ermənistan qurmaq niyyətləri bir dərəcəyə qədər puç olar. Bunun üçündir ki, hökumətimiz tərəfindən rəsmi tanınmaq məsələsi təklif edildikdə, Ararat hökuməti bu məsələnin həllindən əvvəl hüdud məsələsinin müzakirə və həllini lazım bildi.

İştə məsələlərin ən mühümi və çətini bu hüdud təyini məsələsidir ki, sair siyasi və iqtisadi məsaillik həlli də bu hüdud məsələsi həllinə bağlıdır.

Bu məsələnin çətinligindən bir az olsa da xəbərdar olmaq və nə qədər mühüm olduğunu təsəvvürə gətirmək üçün misal olaraq burasını mülahizə etməlidir ki, məsələ Ermənistan hökuməti əksəri Azərbaycan türk və islamlarilə məskun olan Naxçıvan və Şərur mahallarinı təmamilə mənimsəməkdən əlavə Qarabağımıza dəxi iddiası vardır. Hakəza Gürcüstan Borçalı islam və türklər ilə məskun yerləri zəbt etdigi bəs degil ki, hələ Zaqatala ölkəsinə də göz dikmək istiyor.

Hüdud məsələsi müzakirəsinə başlarkən bir əsas üzərində dayanmaq lazımdır. Bu şərtlə ki, hər tərəf o əsası qəbul etmiş olsun. Boylə olursa məsələnin həlli bir dərəcəyə qədər asanlaşar. Halbuki məlumumuz olduğu üzrə hər tərəfin iltizam etdigi əsas başqadır. Məsələn gürci və ermənilər əsas olaraq tarixi ortaya qoyurlar. Biz isə "etnoqrafı" əsas tərəfdarıyıq, yəni bir yerin, bir mahalın sakin olduğu millətlərdən çoxluq və azlıq kimin tərəfində olduğunu mülahizə edirik.

Zatən, biz də tarixə müraciət edə bilərik. Ancaq bu şərtlə ki, o tarix "Nuh əyyamının" tarixi olmiya, yəni qədim tarix olmiyub də yaxın tarix bəhsi ola.

Bizim "Böyük Azərbaycan" qurmaq xülyalarımız olmadığına görə bu məsələdə ifrata girişmək xəyal və arzumuz da ola bilməz. Yalnız istədigimiz budur ki, əksəri Azərbaycan türk və islamlarilə məskun olan yerlər Azərbaycan dövlətinə mütəəlliq olsun. Məsələ, həll edilə bilmədigi halda "Arbitraj" qərarına tabe olmaq təklifimiz, insaf əhli olduğumuza böyük bir şahiddir.

Məsələnin həlli üçün, "Arbitraj" qərarına verilməkdən başqa bir də digər bir yol dəxi vardır ki, onun vasitəsinə də müraciət eləmək mümkündür. Bu yol, mahal əhlindən əksəriyyətin kimə tabe olmaq arzularını bilmək və məsələni bu əksəriyyətin arzusuna müvafiq olaraq həll etmək.

Əgər tərəfindən birisi nə "Arbitraj" qərarına və nə də əhali əksəriyyətinin arzusuna tabe olmaq istəməzsə, o halda insafsızlıq ibraz edib zor və cəbr tərəfdarı olduğunu bildirəcəkdir. Biz isə təbiidir ki, xəbərə tabe olmaq və rəsmən tanınmaq üçün mal-mülk və əhalimizi fəda etmək istəmiyəciyik.

Ümidvar olmalıyıq ki, tərəfin hər bir qeyri-qabil hüsul boş və çürük xəyallardan əl çəkib də bu mühüm məsələ müzakirəsində əqli-səlim ilə iş görmək istərlər. Zaqafqaziya cümhuriyyətlərinin əhvali-iqtisadiyyəsi və bir-birinə olan rabitəsi bunu tələb edir. Ermənistan və Gürcüstanın iqtisad cəhətincə Azərbaycandan asılı bir çox ehtiyacatı olduğuni iqrar və etiraf edənlər olmasa da həyat və məişət bunu isbat etməkdədir. Bizim dəxi gürci məsələsi kimi əhalimizin bir çox qismindən ötəri ölüm-dirim məsələsi olan böyük bir əngəlimiz var ki, o xüsusda yaylağlarımız yollarında yaşayan erməni ünsürilə ettilaf və sazişimiz lazımdır...

Hər halda çox arzu edərdik ki, sabah açılan konfrans müzakirəyə qoyulacaq olan məsələləri həll edərkən saziş və etilaf hissiyatı ilə xeyirxahanə bir surətdə işə girişib ümum Zaqafqaz cümhuriyyətləri əhalisi üçün xeyir və mənfəət yetirsin və Yevropa gözündə dəxi öz istiqlallarının şan və heysiyyətini korlamasın.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 150-153.