Zemstvo haqqında
Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.
Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.
O vaxtlarda şəhərin bütün işləri hökumətin məmurlarının əlində idi, o idi ki, şəhərin, məsələn, maarif işi küçə-bazarın təmiratı, xəstəxanalar, su gətirtmək üçün şəhərdə araba hərəkəti və ümumiyyətlə, şəhər avadanlığı hökumət məmuru əlində olub, bunların heç birində əhalinin iştirakı olmazdı. Lakin Qərb məmləkətlərinin şəhərlərində olan qaydaya imtisalən Rusiya şəhərlərində də 1892-ci ildən etibarən şəhər idarələri təkfir olunmağa başladı. İndi o zamandan bəridir ki, hər bir şəhərimizdə şəhər idarələrinin mövcib olduğunu və bu idarələrin şəhər avadanlığı və məmurluğu üçün nə qədər kömək etdiklərini öz gözümüz ilə görməkdən başqa bütün vücudumuzla hiss etməkdəyik. Şəhərimizin hər bir mədaxilatı, şəhər idarəsini təşkil edən, öz seçilmişlərimizin əlində olub, onların məsləhət və silahdidi şəhərin hər bir cəhətincə abadanlığına sərf edilməkdədir. Hökumət isə, bu işlərə nəzər yetirib, şəhər idarəsinin qərardadlarını təsdiq edir. Əlbəttə, şəhər idarələrinin, əvvəla, sərbəst iş görməkdə bir o qədər də əli açıq deyildir və saniyən keçmiş işlərində də bəzi sıxıntılar vardır. Lakin bunlar başqa məsələdir. Hər halda şəhərlərimizin abadanlıq işi şəhər əhlinin öz iştirakı ilə icra edilməkdədir.
Bəs kənd işlərimizin abadanlıq işlərinə kim baxır?
Məsələn, kəndlərdə məktəblər açmağa, yollar salmağa, çaylardan körpülər saldırmağa, xəstəxanalar tikdirməyə, su gətirməyə, yağmurluğa və quraqlığa qarşı tədbirlər görməyə və bir çox sair işlərə kim baxır?
İçəri Rusiyada bu cürə işlərə zemstvo idarələri baxır, zemstvo idarələri yuxarıda qiyas üçün zikr etdiyimiz şəhər idarələrinin eynidir, ümumiyyətlə təfavüt bundadır ki, şəhər idarəsi yalnız bir şəhər, zemstvo isə bütün uyezd və bütün quberniyanın işləri ilə məşğuldur. Zemstvo idarələri dəxi şəhər idarələri kimi, uyezd və ya quberniya əhalisindən seçilmiş adamlardan təşkil olunduğu üçün bayaq saydığımız işlərin hamısı uyezd və ya quberniya əhalisinin öz iştirakı ilə əmələ gəlir, şübhəsizdir ki, bu sayədə tamam uyezd və quberniyanın məmurluğu və abadanlığı, tezliklə əmələ gəlir.
Lakin Qafqazda hələ zemstvo idarələri yoxdur. Bu idarələrin Qafqazda da lüzumu xüsusunda bir çox danışıb və çalışanlar oldu. İndi görünür ki, Qafqazda zemstvo idarəsinin lüzumu hökumət tərəfindən də iqrar edilib bu yaxınlarda ölkəmizdə zemstvo idarələri qurulması üçün lazım olan bəzi hazırlıqlara başlanmaqdadır.
Məsələ qəti surətdə həll olunandan sonra Qafqaz müsəlmanlarını belə mühüm olan idarələrdə kəmalınca iştirakə və istifadəyə hazırlamaq üçün zemstvo işlərinə yaxşı bələd olan yazıçılarımızın məqalələri ilə əhalimizi qəzetəmiz vasitəsilə işlərdən xəbərdar etməyə çalışacayıq. Sayca sair millətlərdən çox olan Qafqaz və baxüsus Zaqafqaz müsəlmanlarının zemstvo işlərinə mükəmməl surətdə hazır olmaqları fərz və vacibdir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 173-175.
