Ordan-burdan: [Tazə xəbər]
Eşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi - onun şəhər idarəsinə dəxli yoxdur.
* * *
Məlum olduğu üzrə, müsəlmanlar içində ən əvvəl danos yazanlar bəylər oldular. Sonra bu adət kənd yüzbaşılarına keçdi, sonra hacılarımız və qara və qırmızı və ağ saqqallarımız dəxi bu işi çox bəyənib adətkərdə oldular.
Əhvalat bu üzrə ikən müəllimlərimiz gördülər ki, adə, rusca bilən bunlar, zakona bələd olan bunlar, amma danos yazan özgələr!..
Yox, belə olmaz deyib, müəllimlərimiz dəxi bir-birlərindən danos yazmağa şüru edibdirlər. Ümidvar olmalıdır ki, bu "gözəl" adət əhalimizin sair sinifləri arasında da intişar tapıb, bir qədərdən sonra bütün Rusiya müsəlmanlarının hamısı danos yazan olacaqlar.
* * *
Gəncə müxbirimiz yazır: İrandan buraya bir adam gəlibdir, həm molladır, həm seyiddir, həm kərbəlayı, həm də məşədi. Məzkur "müqəddəs" şəxs Gəncəyə varid olan kimi, əhalinin orucluq günü qəzetə oxumaq kimi böyük məsiyətlərə mürtəkib olduğunu görüb çox acığı tutdu və moizə əsnasında şeytan barəsində camaata bir məlumat veribdir ki, eyni budur:
Dünyada iki cür şeytan vardır. Onların biri dəli və o biri də ağıllıdır.
Zəmani ki, dəli şeytan insanın qəlbinə girir, insan haman dəm dəli olur və zəmani ki, ağıllı şeytan insanın qəlbinə daxil olur, insan haman dəm...
Cənabi "müqəddəs" istəyir desin ki, ağıllı olur, amma onun əvəzində camaata üç dana səlavat çövürdüb, özü də fikrə gedibdir və sonradan sonraya deyibdir: dünyada nəki maşın, piraxot var hamısını icad edən ağıllı şeytandır, qəzetə yazanlar dəxi haman ağıllı şeytan cümləsindəndir. Ona görə onlara yaxın durmaqdan ictinab etməlidir.
İdarədən: Piraxot məsələsindən məlum olur ki, axund Arazdan keçib gələnlərdəndir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 45-46.
