Ordan-burdan
Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.
Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
İndi keçək İran dövlət dumasına və dünən Tehrandan gəlmiş bir rəfiqimin sözünə qulaq asıb, görək oranın işləri necədir.
Sədri-məclis. Təbrizdən xəbər gəlibdir, camaat şurişi getdikcə artıb və hökumət əhli qaçıb gizlənibdir.
...Ağa. Bu şurişin nə səbəb qalxmasını və nədən bir bu qədər artmasını və nə üçün hökumət əhlinin qaçmasımı...
...xan. Hərgah biz istəyirik, hər tərəfdən gələn bu şuriş sədalarını kəsib...
...mülk. O kəslər ki bu hürriyyət və azadlıq yolunda camaata mümaniət edir və o kəslər ki...
...D ö vl ə. Mən bu saat istəyirəm ki, cənaban vəzirlərə burada bir sual verəm. Cənaban vəzirlər...
...Şəltənə. Bunlar hamısı keçəndən sonra mən heç qana bilmirəm ki, aya Təbriz əhli durub şurişi salmaqda...
...Üləma. Çün hər bir şeyin əsli və kökü və hər bir hadisənin əsas və bünövrəsi...
...M ə m a l i k. Mənim təsəvvürümə görə burada mətləbi iki qismə təqsim etmək lazımdır. Əvvəla, bir qism budur ki...
Sədri-məclis. Vəziri-daxiliyyənin sözlərinə görə bu şurişin əsil vüquinə səbəb...
...Ü m ər a. Bəs, indi görək bizim vəzifəmiz...
...Tüccar. ...onun hamısını ələ gətirmək üçün...
...Giram. ...Təbrizdən, Həmədana, Həmədandan Qəzvinə, Qəzvindən Gilana çəkilib...
...Mərdüm. ...dörd dəfə, beş dəfə təkrar söyləmək.
...Üdəb a. ...gətirdilər. Və gətirəndən sonra da ortaya nəql edib...
Sədri-məclis. ...və onun cavabı bu oldu ki, mənim heç bir şeydən...
...Ağa. ...dedim bəs, hara qaçırsan? Gördüm, başını buluyur ki...
...Mülk. ...üstündən də su içmişəm. Hər kəs hər nə bacarır eləsin. Eləməsə...
...D ö vlə. ...Allah ona rəhmət eləsin...
...Ü m ər a. ...ingilislərin ağzı nədir ki, ondan sonra...
...Sahib. ...dörd nəfər zənan xaylağı aparıbdırlar, bir sürü qoyun.
Altı nəfər uşaq...
Sədri-məclis. ...Hərgah razı dəyilsə...
...İkram. ...getsin Rusiyaya baxsın görsün...
...Məmalik. ...atası Şümür ilə baş-başa yatsın...
Gu-o-o-o-o- bilmək olmaz. Gu-o-o-o-o- atası evdə yox idi. Gu- o-o-o- vəziri-xariciyə uzanmışdı. Gu-o-o-o- teleqraf gəldi, Gu-o-o- o- rüşvətxor imiş, gu-o-o-o- ... gu-o-o-o- ...
Qəzetə müxbiri yoldaşına. Mən ölüm, heç bir şey qana bildin?
Yoldaşı. Atasının gorunu kaftar eşələsin yalan deyənin, əgər bir söz də başa düşdümsə!
Müxbir. Bunlara deməlidir ki, ay yazıqlar, əvvəl siz bu məclisi nizam və qaydaya salın, ondan sonra İranı düzəldin. Elə deyilmi, sən mənim canım?!
Yoldaşı. Vuy, bunu kim danar ki, rəhmətliyin oğlu.
Sabir əfəndiyə
Məktubunuzu oxudum. Sözləriniz haqdır... Bizim borcumuzdur ki, bu adam öldürməyi müsəlman içində aradan götürmək üçün əlimizdən gələni müzayiqə eləməyək.
Mən müzayiqə eləmirəm və müzayiqə eləmədiyim üçündür ki, "birisi"lərə deyirdim və deyirəm:
Nə üçün xalqı qızışdırırsan? Tutalım ki, sənin keyfin gəlib və damağın da çox sazdır. Daha durub xalqın rahatlığını niyə pozmaq istəyirsən? Məgər sənin bütün müsəlman camaatı ilə qəsdin-qərəzin var ki, onları iki yerə bölüb birinə "köhnə" və birinə "tazə" deyirsən və özün də "köhnələrə" tərəfdar çıxıb, "tazə"lərin üstünə qızışdırırsan? Yox, əgər "tazə" şey sənin xoşuna gəlmirsə bəs, nə üçün həmişə "tazə" dirilik"dən dəm vurursan? Öz keyfin istəyən köhnə, nimdaş, paslanmış və kiflənmiş bir şey tapa bilmədinmi?
Bəs, cənab Sabir əfəndi, mənim "birisi"lərə dediyim söz budur. Özü də zarafat və duzsuz məzəlilik deyil, bəlkə siz arzu elədiyiniz niyyətə bir yol göstərməkdir.
Eşidirəm, Sizə deyirlər ki, "Filankəs" elə deməsin, mən də belə deməyim.
Burada bir şey yadıma düşdü.
Mən Haşım bəy Vəzirovun məktəbində oxuyan zaman bizim bir dələduz yoldaşımız var idi ki, heç kəsə dinclik verməyib, sənəti hər kəsi bizləmək idi. Bunun üstündə uşaqlar bəzi vaxt ona söyərdilər. O da başlayıb, uşaqlara ikiqat söyərdi. Haşım bəy ona tənbeh edib deyərdi ki, adə nə üçün söyüş söyürsən? O da cavab verərdi ki, onlar söyməsinlər, sonra mən də söyməyim.
İndi sizə "idarədən" verilən cavab haman dələduz uşağın cavabındandır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 336-338.
