Üzeyir Hacıbəyli

"Arşın mal alan" haqqında qeydlərim

"Arşın mal alan" 1914-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Bu əsər, revolyusiyadan qabaq yazılan sonuncu əsərimdir. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. "Arşın mal alan" yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim.

Bu əsər 1915-ci ildə birinci dəfə oynandığı zaman, Bakı burjuaziyasının "Kaspi" qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdı. Əsər haqqında yazılmış "tənqiddə" avtor söyülürdü. Onlar bu əsəri "qızlarımızı pis yola çağırmaqda" töhmətləndirirdilər. Özlərini qızlarımızın "havadarı" kimi qələmə verən bu ağalar bu əsərdə müsəlman dini və adətlərinə vurulan zərbəni hiss edirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu komediyanı yazmaqdan da məqsəd səhnə musiqili əsər vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənələri ifşa etmək idi.

Əsərdəki tiplər, o dövrün canlı adamları cəmiyyətimizin içərisində yaşayan həyati və real nümayəndələr idilər. Cəmiyyət üzərində ağalıq edən burjuaziya öz hərəkətlərinin bu əsərdə ifşa edildiyini gördüyü üçün hər cür yollarla zərbəni öz üzərindən yayındırmaq məqsədilə "Arşın mal alan"ın ideyasını kütləyə əksinə izah etməyə çalışırdı.

Bəziləri Əsgəri idealizə edərək onu açıqfikirli, yenilik tərəfdarı, kultura müdafiəçisi kimi göstərirdilər. Halbuki bu tamamilə yanlış və saxta bir fikir idi. Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. O, əgər qızı görüb almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir: çitin safı, çürüyü olduğu kimi, qızın da koru, çopuru və ona layiq olmayanı ola bilər. Məhz bunun üçün də tacir "malı", görüb almaq istəyir. Həm də Soltanbəy kimilərinin qızını! Yoxsa Əsgərdən ideya gözləmək, onu açıqfikirli bir cəmiyyət nümayəndəsi kimi göstərmək, tamamilə yanlış fikirdir. Əsgərin yoldaşı Süleyman da tacir oğludur. Təfavüt bunun bir qədər daha çevik və qulaqkəsməkdə, iş düzəltməkdə, kələk qurmaqda daha mahir olmasındadır.

Soltanbəy adi Qarabağ bəylərindən biridir. Onun hər bir sözü, hərəkəti sinfi mənsubiyyətini açıq təsvir edir. Konservatizm Soltan bəydə o dərəcəyə çatmışdır ki, o, hətta injener, doktor və uçitelləri belə bəyənmir.

Çünki bilik nəticəsində yüksək cəmiyyətdə özlərinə yer tapmış bu adamların aşağı sinifdən olmaları da mümkündür. Soltan bəy onların məclisindən uzaq qaçır. O, gününü əttar Mirzəhüseynin dükanında keçirir. Onu xoşlandıran ticarət kapitalı nümayəndələri, tacir hacımürsəllərdir.

Gülçöhrə və Asiya çadra altında və dörd divar arasında, savadsız, biliksiz, sevmək və sevilməkdən məhrum edilmiş bir şəraitdə yaşayan azərbaycanlı qızlarıdır. Həyatın zövqlərini (oxumağı, kulturanı, ictimai vəzifə və sairəni) bütün varlığı ilə dərk etməkdən məhrum edilmiş bu gənc nəsil nümayəndələrini ən çox maraqlandıran məsələ evlənmək, ərə getmək məsələsidir.

Gələcəkdə həyat yoldaşı kim olacaqdır?..

Keçmişdə azərbaycanlı qızların həyatını qara günlərə çevirən "ərlər" onları həmişə bu məsələ üzərində düşündürürdü. Ekonomik cəhətdən ailənin yiyəsi olan ərlərin yaxşılığı xoşbəxtlik, pisliyi bədbəxtlik sayılırdı. Buna görə də Gülçöhrə qədər bir az düşüncəli qızlarımız, heç olmazsa, bu gələcək həyat yoldaşını görməyi arzu edirdilər.

Asya, Telli və xalalar isə tamamilə baxtabaxt, təvəkkül və elçilərin yardımı ilə yaşayırdılar. Oktyabr revolyusiyası "Arşın mal alan"dakı həyatı tarixin arxivinə vermişdir. İndiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar. İndi həyatımızda arşınmalçılar olmadığı halda, belə bir əsər tamaşaçını maraqlandırır. Məncə, bunun səbəbi əsərin reallığı və məzmununun maraqlı olmasıdır.

Onu bugünkü repertuarımıza daxil etməkdən məqsəd: gənc nəsli köhnə həyatla tanış etmək və revolyusiyadan əvvəl yazılmış əsərlərimizin az-çox yaxşılarını mühafizə etməkdir.

"Arşın mal alan" birinci tamaşaya qoyulduğu günlərdən bir neçə ay sonra rus, gürcü, erməni, yunan, fars, ingilis, fransız, son vaxtlarda isə özbək və tacik dillərinə tərcümə edilərək oynanılmışdır. Revolyusiyadan qabaqkı teatrlarda azərbaycanca əsərlərə əhəmiyyət verilmədiyindən onlar özlərinə məxsus quruluşda verilməzdi. Teatrın anbarında olan sınıx-sökük uyğunsuz dekorasiyalardan istifadə edilərdi.

Böyük teatrda əməkdar artist rejissor Hidayətzadə yoldaşın verdiyi quruluş "Arşın mal alan"ın keçmiş quruluşlarının hamısından üstündür. Rejissor əsərin məzmun və ideyasını düzgün mənimsədiyi üçün, onun traktovkası da doğru çıxmışdır. Hidayətzadə yoldaş artistlərlə böyük iş aparmışdır. O, opera artistlərinə dramatik əsərlərin texnikasını mənimsədə bilmişdir.

Burada obrazlar real şəklə salınmış, yersiz şarjlara yol verilməmişdir.

Yeni quruluşun bədii tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın quruluşdakı bütün işləri gözəl təsir buraxır. Xüsusilə perspektivada verdiyi Şuşa şəhərinin mənzərəsi həm bədii, həm gözəl, həm də düzgündür.

Artistlərimizin oynamasına gəldikdə, demək lazımdır ki, əməkdar artist Bülbülün Əsgər rolunu oynaması ampula cəhətcə bir az qəribə görünsə də, o, bu vəzifənin öhdəsindən gələ bilir. Bülbül ustalıqla böyük formalı opera səhnəsindən musiqili komediya roluna keçə bilmişdir.

Kələkbaz Süleyman rolunu əməkdar artistimiz H. Hacıbababəyov gözəl ifa edir. Hacıbababəyovun gözəl və məlahətli səsinə görə Süleymanın roluna bir neçə musiqi nömrələri əlavə etmək lazımdır. Gülçöhrə rolunda Sona Mustafayeva və Səltənət Quliyeva, Asiya rolunda Aliya Terequlova və Elmira Axundova öz rollarını yaxşı oynayırlar. Bu gənc artistkaları bir-birindən üstün tutmaq çətindir. Bunların dördü də eyni qiymətə layiqdir.

20 ildən çox Soltan bəy rolunu oynayan Ələkbər Hüseynzadə qoca artist olmasına baxmayaraq bu rolu oynamaqda şöhrət qazanmış və əvvəlki məharətini olduğu kimi saxlaya bilmişdir. Bu sözləri Vəli rolunda çıxan Anatollu haqqında da demək lazımdır, çünki o, Vəli rolunda keçmişdə göstərdiyi bacarıq və temperamentini indi də göstərir. Həqiqət Rzayevanın yaratdığı Telli keçmiş qulluqçuların həqiqi tipidir.

Bunların öz rollarını yaxşı oynamalarından bəhs etmək artıqdır.

Köhnə əsərlərimin dəyərlilərinin oynanması üçün partiya və dövlətimizə səmimi təşəkkürlər edirəm. Bu mənə formaca milli, məzmunca sosialist yeni əsərlər yaratmaq üçün ruh və enerji verir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 216-219.