Üzeyir Hacıbəyli

Ordan-burdan: ["Dərə xəlvət tülkü bəy"]

Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmali- inqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də "əlindən gələni beş qaba çəkir"... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?

                                                                                                                                           Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 200.