Şəfiqə Axundova. Sadə, xeyirxah insan
"Üzeyir müəllim olmasa idi, mən də olmazdım".
Bu mənim yaradıcılıq epiqrafımdır. Həqiqətən də belədir. Bugünkü varlığımla, bugünkü müvəffəqiyyəti ərimlə mən müəllimimə borcluyam.
1939-cu ildə Üzeyir müəllimin yanma gələrkən məktəbli qız idim, heç bir musiqi təhsilim yox idi. Amma musiqini çox sevirdim, hətta musiqi bəstələməyə can atırdım. Böyük bacım Zümrüd məni Üzeyir bəyin yanma apardı. Öz mahnımı fortepianoda çalıb-oxudum. O vaxtdan əvvəl tar şöbəsində, sonra isə Üzeyir müəllimin konservatoriyada açdığı hazırlıq kursunda oxumağa başladım. Mən Üzeyir müəllimin sinfində kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdim.
Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi.
Müharibə illəri idi. Bir gün dərsdə müəllimim rəngimi solğun görüb soruşdu. "Bəlkə acsan?", "Yox", - deyə utanıb üzümü yana çevirdim. O özü üçün gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi və üstəlik çay da gətizdirdi.
1943-cü il. Maddi vəziyyətimiz ağırlaşdığından ailəyə kömək etmək üçün mən işə girməli idim. Bu barədə Üzeyir müəllimə müraciət etdim və o məni M. F. Axundov adına Opera və Balet Teatrına suflyorluğa işə düzəltdi.
1944-cü ildə Azərbaycan himnini yaratmaq üçün konkurs elan olunmuşdu. Konkursda mən də iştirak edirdim. Yazdığım himn qəhrəmani ruhda olduğuna görə "Zəfər marşı" adı ilə çap edildi.
Üzeyir müəllim mənim səsimi bəyənirdi və çox xoşlayırdı. O deyirdi ki, məndən yaxşı Gülçöhrə olar. Bu məqsədlə hörmətli müğənnimiz, SSRİ Xalq artisti Şövkət Məmmədovadan uzun müddət vokal dərsi də aldım. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökumət baxışında ilk dəfə mən oxumuşam. Azərbaycan himninin ilk ifaçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. O qədər ifaçı arasında böyük bəstəkarın mənim səsimə üstünlük verməsi qəribə idi.
Bir gün də mən dərsdə Üzeyir müəllimin stolunun üstündə çap olunmuş "Cəngi" əsərini gördüm və bildirdim ki, bu əsər çox xoşuma gəlir. Buna cavab olaraq o dedi: "İndi ki xoşuna gəlir, götür, sənə bağışlayıram" və notun üstünə "Gənc və istedadlı tələbəm Şəfiqəyə Üzeyirdən bir xatirədir" yazıb mənə bağışladı. İndi o notu ən qiymətli yadigar kimi saxlayıram. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdirirdi. Biz uzun illər Üzeyir müəllimin sayəsində yaxşı təqaüdlə təmin olunmuşduq.
Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə kostyum tikilmək üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Elə də oldu.
Üzeyir müəllim haqqında çox danışmaq olar. Ona, onun sənətinə, təbiətinə hamı səcdə edirdi. O, əsl insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir.
Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 333-335.
