Üzeyir Hacıbəyli

Nuri-dida Ceyhun!: [9 mart 1923-cü il]

Salam-duadan sonra bizlər hamımız sağ və salamət varığ, əmma heyif ki, neçə vəxtdır sizdən bir əhvalımız yoxdur. Ona görə nigarançılıq çəkirik.

Nənəm sağ və salamət olub, keyfi kök dolanır, ancaq siz tərəfdən nigarandır. Bacımın naxoşluğu hələ dürüst yaxşı olmayıbdırsa da əvvəlkinə görə yaxşıdır (qarın qatarı). Abhəyat bizdə olur, sağ və salamətiır. Zülfüqargil də hamısı salamət olub, keyfi kök dolanırlar. Bu günlərdə İrandan xəbər aldıq ki, Cəbbar oradadır, özü də sağ və salamətdir, Tehranda zabitdir. Kağız yazan onun öz yoldaşıdır. Qəzvindən yazır ki, Cəbbarı vəzirin əmrilə Tehrana apardılar. Özü də bizə kağız yazıb və əksini də göndəribdir, fəqət biz hələ o kağızı almamışıq. İndi biz istəyirik ki, Tehrana radioqram vurub əhval bilək. Hər halda yoldaşın kağızını mən özüm oxudum. Təfsilatından boylə görünür ki, filhəqiqə Cəbbar sağdır. Allah eləsin! Cəmalın oğlu Kəmal böyüyüb sənə Ceyhun əmi deyir, hər şeyi bilir və yaxşı danışır. Sehranın oğlu dəxi yavaş-yavaş qığıldanır o da yaxşı uşağdır.

Cəmalgil bizdən köçdülər və Sehragil ilə bir yerdə Mer-kuriyevski küçədə sabiq sovet siyezdin evində olurlar ki, əlan ora Maarif Komisariyyatın mənzilidir. Bu günlərdə Məhbubi də ora vermək istiyorik. Onu istəyən bir nəfər salyanlı müəllim və studendir. Famili Zeynallı, adı Mirzə Məhəmməddir. Aişə xanım özü və Zöhrənin bütün qohum-əqrəbası hamısı sağ və salamətdirlər. Bu axşam biz də, Zülfüqargildə və Aişə xanım ilə Hənfə xanım dəxi bir yerdə Cəmalgildə idik. O ki qaldı mənə, mən boylə qəsd etmişəm ki, bu yay Məleykə ilə bərabər sizin yanınıza gəlib görüşək və bir az qalıb, genə geri qayıdağ. Mən bir az işdən yorulmuşam, səhərlər canımı "abtiraniya" edirəm, bu isə mənə çox yaxşı təsir edir. Genə əvvəlki kimi musiqi məktəbinin müdiriyəm. Bu günlərdə böyük bir konsert verdim. Bütün komissar yoldaşlar məndən razı qalıb, dedilər ki, Üzeyir bəy bizim ümüdimizi boşa çıxartmadı. İşim çox yaxşıdır. Ayda altı milyarddan çox məvacib alıram. Qərəz bu yayı, əlbəttə, sizin yanınıza gəlmək istəyirik. Yaz görüm gəlməyimizi məsləhət görürsənmi. Baqi cəmi qohum-əqraba və dost-aşnalara, Zöhrəyə, Ceyhuna və Timuçinə çox-çox dua və salamlar vardır. Hamısı sizi öpürlər, bən də və Məleykə də haminizi bərk-bərk öpürük.

Baqi əddua.

Bəradərin Üzeyir. 9 mart 1923, Bakı

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 341-342.