Ordan-burdan
- Kim deyir ki, Bakı şəhər idarəsinin pulu yoxdur?
- Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A. Axundov deyir, çünki şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmir.
- Bəs kim deyir ki, Bakı şəhər idarəsinin pulu çoxdur?
- Bakı şəhər idarəsinin sabiq üzvü M.A.Belyavski deyir, çünki srağagün şəhər idarəsi ona təqaüd maaşı (pensiya) təyin edirmiş.
Təəccüblü iş! O da "M.A.", bu da "M.A.". Ona pul yoxdur, buna var. Görünür ki, "M.A."-ın xəzinəsi vardır, amma ikinci "M.A." bankrot olubdur. Elə isə Bakı şəhər upravası zalım deyil, adildir!
* * *
Cavad uyezd naçalniki ilə Gəncə uyezd naçalniki də adildirlər. Əvvəlinci müsəlmanların tüfənglərini zəbt edib göndərir ki, gedin silahlı İran quldurları ilə əliboş dava edin... Özünüzün də, deyir, quldur- filan ilə işiniz olmasın... İkincisi də: baydaq, musiqi, qoşun və top- tüfənglə Qaracaəmirli kəndinin üstə tökülüb iki igidlik edibdir. Əvvəla, zavallı kəndi lap nahaqca yerə topa basıbdır və saniyən kəndin arvad- uşağını Kür çayınadək qovubdur! Şücaətə baxırsanmı? Əhsən, "vaşe blaqorodiye"! Səni "Əksayi Şərqə" göndərsəydilər əminəm ki, Port- Artur əldən getməzdi!
Port-Artur adı çəkiləndə həmişə öz cibim yadıma düşür. Əvvəl mənim ağlım kəsmirdi ki, cibimlə Port-Artur arasında bir münasibət olsun. Sonra Bakı küçələrində bir qədər seyr edib, gördüm doğrudan da cibim gəldikcə Port-Artura dönür. Buna da səbəb odur ki, Bakı küçələri yapon qoşunu ilə doludur. Hər qədəmdə gərək cibini müdafiə edəsən. (Yaponun acığı tutmasın ki, mən onun qoşununu Bakı dilənçilərinə təşbih edirəm, mən bu sözü buna istinadən deyirəm ki, yapon soldatı ilə Bakı dilənçisi arasında ümumi bir sədd vardır ki, ona alıcılıq deyirlər). Yaxşı olardı ki, "Cəmiyyəti-xeyriyyə", yaxud, "İttifaq xəbəri" şəhərin küçələrini "məzkur" qoşundan təxliyə (evakuasiya) edib bir xeyir iş görə idi...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 190-191.
