Üzeyir Hacıbəyli

Ticarət

İnsanların həyat və məişətində ən böyük rol oynayan xüsusi ticarətdir.
Ticarət insanların kəsbi-ruzusi üçün bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif, firqə və sairə bu kimi ayrılıqlarla bir-birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir rabitə təşkil edir və bununla insanları bir-birinə yaxınlaşdırır. Bundan əlavə ticarət öz- özlüyündə hər bir insanı tərəqqiyə sövq edən, ağlını artıran, gözlərini açıq edən və huşyar qılan bir vasitədir.
Ticarətin insanın ruzusu üçün bir vasitə olması aşikardır. Odur ki, ticarətləri tərəqqi etmiş bir dövlətin və dövlətin təbəəsi olan camaatın sərvət və samani, ticarəti tənəzzüldə olan dövlət və camaatlardan qat- qat artıqdır. Zatən, ticarət olmasa, dövlətin xəzinəsi də dolu olmaz. Odur ki, hər bir dövlət, öz camaatının ticarətini artırmaq üçün əlindən gələn tədbirləri müzayiqə etmir. Dövlətlər arasında ittifaq düşən müharibələrin bir çoxu da ticarət üstündədir. Bu gün Amerikanın, İngiltərənin bir o qədər sərvət və samanə malik olmalarına səbəb məhz ticarətlərinin tərəqqisidir.
Heç bir dostluq, aşinalıq insanları bir-birinə o qədər mərbut edə bilməz, necə ki, ticarət. Ticarət işində haqq və hesab düz olsa və rəqabət öz qaydası hüdudundan xaric çıxmasa, insanlar arasında heç bir münaziə və münaqişə törəməz. Çünki mənafeyi-ümumiyyəni xəlaldar edəcək hadisələrə heç bir tərəf razı olmaz.
Tarix göstərdiyi üzrə ən qədim zamanlardakı insanlar arasında hələ ticarət yox idi; o vaxtlar ovçuluq, maldarlıq və köçərilik ilə yaşayan insanlar arasında da heç bir rabitə və münasibət yox idi. O vaxt insanlar bir-birinə biganə idilər, yad idilər. Bir-birlərindən vahimə edirdilər. Aralarında etibar və etimad yox idi. Lakin insanlar köçərilikdən, ovçuluqdan əl çəkib oturaq halda yaşamağa başladıqdan sonra bunların arasında ticarət başladı və getdikcə tərəqqi edib bu ticarət sayəsində insanlar bir-birini gördü, tanıdı, bir-birinə yaxınlaşdı. Aralarında etibar və etimad törədi... və bunun sayəsində idi ki, şəhərlər tikildi, yollar açıldı və insanın hər yerə yolu oldu.
Yuxarıda ərz olunduğu üzrə ticarət insanın ağlını artırır, huşyar edir. Doğrudan da ticarətə məşğul olan adam hər yerdə öz mənafeyini güdmək, gözləmək və artırmaq üçün cürbəcür vasitələr, vəsiqələr arayıb, səyahətə məcbur olur, görmədiyini görür, bilmədiyini bilir, özündən şeylər icad edir, qərəz hər halda fikrini açıq saxlamağa vadar edilir.
Təəssüflər olsun ki, biz hər bir işdə pəsmanda olduğumuz kimi, ticarət işində də çox geridə qalmışıq. Sairləri bütün fikir və ağıllarını öz ticarətlərinin tərəqqisi yolunda sərf etdiyi bir zaman, biz də başımızı puç və mənasız xəyalət ilə doldurub, bir-birimizin canına düşmüşük ki, filan adam, filan yerdə belə oldu, filankəsin əqidəsi gecdir. Filan adam papağını düz qoymur və s. Əziz olan vaxtımızı da hamamlarda keçirmişik. O səbəbdəndir ki, ticarətimiz tərəqqi etməyibdir. Sairlərə möhtac olmuşuq. Hal-hazırda da özgə tayfalardan götürülmüş olan on nəfərin beşi tacir, üçü sənətkar, ikisi alim olduğu halda, bizdən götürülmüş on nəfərin üçü tacir, biri sənətkar, yarımalim, qalanları da müftəxorlardır. Zatən hal-hazırda da bizim tərəqqimizə mane olanlar da həmişə müftəxorlardır ki, puç və çürük xəyalət ilə ticarət və sənətə məşğul olan adamlarımızı da işdən-gücdən fariq edib qoymurlar ki, xalq öz fikirlərini öz işlərinin tərəqqisi yolunda sərf etsinlər. O səbəbdəndir ki, bizim tacirlərin çoxusunda gözüaçıqlıq yox, şövq və həvəs yox, kəsalət, ətalət bol-bol, rəqabət nə olduğunu və nə yol ilə rəğbət faydalı olduğunu əsla bilməz, buna görə də ticarəti tərəqqi etməz. Alma satandırsa ömrü olanı alma satan qalar, baqqaldırsa, ölənə qədər baqqal olar, müştəri cəlb etmək vasitəsini anlamaz, ticarəti yolunda lazım olan bilik və təcrübələrə heç əhəmiyyət verməz. Özünün də tövsei ticarət işində heç bir cürəti olmaz.

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 136-137.