Zemstvo nədir
Tiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim "vısşi kurs" qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki "zemstvo" çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir.
Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi...
Qərəz, zemstvo nədir? Bu barədə əhaliyə məlumat vermək lazım olduğundan, o barədə yazmağa məcburuq.
Zemstvo ondan ibarətdir ki, hər bir uyezdin qanun tərəfindən ixtiyar verilmiş adamları (ki o ixtiyar barəsində aşağıda danışılacaqdır) yığılıb bir cəmiyyət təşkil edib, öz aralarında qlasnıy seçirlər ki, hər uyezdin və quberniyanın işlərini idarə etsinlər.
Deməli, bu zemstvonun əhali üçün o yaxşılığı vardır ki, əhali bir növ öz-özünü idarə edir.
Ən əvvəlcə Rusiyada zemstvonun, yəni əhali nümayəndələrinin ixtiyarı artıq idi. Zemstvo öz işində sərbəst idi. Lakin sonradan tazə qanun çıxıb zemstvonun ixtiyaratı azaldı və hökumət adamlarına tabe edildi. Bu halda, Rusiyada zemstvo iki cürədir:
Biri uyezd, o biri də quberniya zemstvo idarəsi. Hər iki zemstvo idarəsi şəhər idarələri kimi, əvvələn (zemskoye sobraniye) və saniyən (zemskaya uprava)dan əmələ gəlir.
Zemskoye sobraniyenin işi qaidə və nizamlar qoymaq, zemskaya upravanın da işi haman qaida və nizamları icra və tətbiq etməkdir.
Zemstvo işlərində iştiraka o adamların haqqı vardır ki, onların əmvali-qeyri-mütəhərrikəsi ola. Əgər uyezddə sakin olan bir adamın əmvali-qeyri-mütəhərrikəsi varsa və o əmval vergi alınmaq üçün 15 manata qədər (əskik olmaz) qiymət olunarsa, o halda haman adam zemstvo işlərində iştiraka haqlıdır.
İndi iş burasındadır ki, görək, aya Qafqazdadamı zemstvo işlərində iştirak etmək üçün böylə bir qaydanı əsas gətirmək olarmı, olmazmı? Bu məsələ həmin fövqülzzikr 17 adamların işidir ki, onların içində bir nəfər müsəlman yoxdur.
Qərəz, bu əmvali-qeyri-mütəhərrikəsi, yəni ləyaqəti-mülkiyyəsi (imuşestvennıy senz) olan adam ondan başqa, əvvələn, 25 yaşından kiçik olmasın və saniyən rus təbəsi olsun və salisən, bir günah sahibi olmasın. Bu maddələrə müvafiq olan adam zemstvo seçkilərində bilavasitə iştiraka haqlıdır. Bəzi adamlar da vardır ki, bu seçkidə vasitə üzrə iştirak edə bilərlər. Yəni öz əvəzlərində vəkil göndərə bilərlər. O adamlarda ləyaqəti-mülkiyyə olub da, lakin yaşı 25-dən aşağı olan kişi və bir də arvaddır. Yaşı 25-dən aşağı olan kişi hər kəsi öz tərəfindən vəkil edə bilər. Halbuki, həddi-buluğa çatmamış uşaqlar isə, ləyaqəti mülkiyyələri olduqları halda, ancaq öz qanuni vəsi və hamisini vəkil etməyə haqlıdır. Arvadların vəkilləri isə ancaq ərləri, ata və qardaşları ola bilər.
* * *
Əvvəlcə öz xətamızı təshih edəlim.
Bugünkü qəzetələrdən kəmali-məsərrət ilə bildik ki, həmin 17 adamın içinə iki müsəlman daxildir ki, onlardan biri İbrahim bəy Vəkilov, o biri də Hüseyn bəy Minəsazovdur.
Dünənki nömrədəki məqaləmdə 15 min manat əvəzinə 15 manat yazılıbdır, yəni zemstvo işlərində iştirakı haqlı olmaq üçün ləyaqəti- mülkiyyə lazımdır və o mülkün də qiyməti 15 min manatdan az olmamalıdır.
Hər uyezdin seçkiləri olmalıdır. Bu seçicilərin siyahisini uyezd idarələri (uprava) tərtib edib qubernatora təqdim edir. Qubernatorlar isə qlasnılar seçkisinə bir ay qalmış bu siyahini elan edir. Seçki isə, qurə ilə məxfi surətdə icra olunur. Qlasnıları 3 ilin müddətinə seçirlər. Hər 3 ildən sonra hər uyezdə zemstvo seçki ictimaları dəvət olunub, təkrar seçkiyə başlayırlar.
Bu gün Rusiyada mövcud zemstvo qanununa görə, ləyaqəti-mülkiyyələri 15 min manat olmayıb da, fəqət 1500 manatdan az olmayan adamlar zemski qlasnı seçkisində bilavasitə iştirak edə bilməzlər. Onlar öz aralarında vəkillər seçərlər və o vəkillər də onların əvəzinə rəy verərlər. Bu vəkilləri seçmək işində həmin xırda mülkədarlardan iki cürə ictima yığılır.
Əvvəlinci ictima xüsusi nəsil bəd nəsil bəylərdən (potemotvenin dvoryanlardan) təşkil olunub bəylər rəisinin (predvoditel dvoryanstva) təhti-sədarətində əqd olunur. İkinci ictima isə, sair əhalidən (yəni poçetnı qrajdanlardan) əmələ gəlib, şəhər idarəsi rəisinin təhti- sədarətində vaqe olur. Hər ictimadan o qədər vəkil seçilir ki, hər vəkil 15 min manatlıq ləyaqəti-mülkiyyəyə müvafiq olsun.
Elə ki bu vəkillər və 15 min manatlıq ləyaqəti-mülkiyyəsi olan mülkədarlar yığılıb onlar bir cəmiyyət təşkil edirlər ki, bunun adına "Zemstvolar intixab cəmiyyəti" deyilir. Bu cəmiyyətlər dəxi 2 cürədir:
Bunlardan biri bəylərdən əmələ gəlib, bəylər rəisinin təhti- sədarətində olaraq, öz aralarında qlasnı seçirlər, o biri cəmiyyət isə sair sinifdən olub şəhər idarəsi rəisi sədarətilə seçki icra edirlər.
Kənd camaatları içindən də qlasnılar seçmək üçün kənd yığıncaqları qurulub, hər yığıncaqdan bir nəfər qlasnı seçilir.
Bu qayda ilə seçilmiş qlasnılar, hər uyezddə bir zemstvo məclisi qururlar (zemskoye sobraniye). Uyezd zemstvo məclisində uyezd bəylər rəisi sədarət edir.
Zemstvo məclisi ildə tək bircə dəfə yığılıb, 10 günlük ictimada zemstvoya dair işlərin müzakirə və həlli ilə məşğul olur.
Zemstvo məclisinin qərardadlarını icra və tətbiq etməklə bərabər, zemstvo mülk və malına nəzarət yetirmək üçün qlasnılar içindən bir (zemstvo idarəsi) intixab olunur. Həmin bu qayda ilə uyezdlərdə zemstvo məclisi qurulan kimi, quberniyalarda da o sayaq məclislər qurulub, hər məclis öz quberniyasının işlərinə baxır.
Zemstvo nə, məclislərinin işi nədir?
Zemstvo məclislərinin iş görmək ixtiyarı, heyf olsun ki, məhdud edilir və bundan başqa hökumətə tabe olunubdur. Hər halda əhalinin rəfahhal və asayışla yaşamağına bais olacaq bir çox tədabir və binagüzarlıqlar həmin məclisin doğruluq və ciddiyyət ilə işi görməsindən asılıdır.
Zemstvo məclislərinin işi bunlardan ibarətdir:
1. Zemstvo təhti-nəzarətində olan yolları, yol tikililərinin təmir və islahı, məsələn, quberniyada və ya uyezddə mövcud yollar xarabdır, ya yoxdur, çaylar körpüsüzdür; zemstvo məclisinin borcu bunların hamısını düzəltməkdir.
2. Zemstvo poçtası təşkil edib saxlamaq, əlbəttə, poçta pul kimi müxabirat və mürasilat üçün böyük bir vasitə olduğundan, nə qədər müntəzəm olsa, bir o qədər əhali üçün yaxşıdır.
3. Fəqir-füqarəyə himayət, yəni cəmiyyəti-xeyriyyələr açmaq və saxlamaqla və ya özgə qanunu pullarla əhalinin fəqir və biçizlərini himayə etmək, indiki halda buraxmamaq.
4. Camaatın səhhət və afiyətinə çalışmaq. Bu gün xolera gəldi, durub xoleranı gözləməmək, bəlkə oylə möhlük mərəzlərin uyezddə və ya qubeniyaya sirayətinə yol verməmək, məavinəti-tibbiyyə işini, yəni həkimlər, mərizxanalar və davaxanalar saxlamaq işini vəsi bir surətə salmaq, mal və heyvanat naxoşluqlarını rəf və dəf etmək.
5. Maarif işi - yəni sənət; peşə; mülk və maldarlıq məktəbləri çox açdırmaq və tədris təlimini müntəzəm bir hala salmaq, əhalini mümkün mərtəbə maarifləndirmək.
6. Asayiş və abadanlıq - əhalinin mal və mülk hüququnu gözləmək, təmirat işlərinə nəzər yetirmək, evləri, meşələri yanğınlardan gözləmək və bunun üçün bütün lazım olan tədbirlərə təəssül etmək və bunlarla bərabər zemstvonun böyük haqqı odur ki, zemstvonun təhti- idarəsində olan yerlər, işlər üçün smeta, yəni məxaric və mədaxil dəftəri düzəltmək və öz ixtiyarı ilə lazım olan yerlərə pul sərf etmək.
Bu ixtiyarlarda uyezd və quberniya zemstvo məclisləri bərabər olmaqla belə, quberniya zemstvosunun bir ixtiyarı da budur ki, əvvələn, əhalinin ehtiyacatı və mənafeyi xüsusunda hökumətə təqdimat verə bilər.
Və saniyən, sığorta etdirmək, borcları əhali ehtiyacatına müvafiq surətdə təqsim etmək, yarmarka və ya bazar açmaq, əhaliyə dəymiş zərərə nırx (taksa) qoymaq kimi işlərə də ixtiyarı vardır.
Ancaq zemstvo hökumətə tabe olduğuna görə onun hər bir qərardadını qubernator təsdiq etməlidir. Qubernatorun ixtiyarı vardır ki, qərardadları təsdiq etməsin. Zemstvoların əməllərinə şikayət etsin, təhti-məhakiməyə aldırsın.
Mühüm işlərdə zemstvo ilə qubernatorun münaqişəsinin həlli Dövlət duması, Senat, Vəzirlər Şurası kimi ali məclislərdən asılı qalır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 93-97.
