Üzeyir Hacıbəyli

Qarabağ həqqında

Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi təhciz etməklə Azərbaycan toprağının bu hissəsinə xüsusi bir nəzər yetirilməsini tələb edirdi.

Nə olmuşdu orada? Ermənilərin generalı ədd olunan Andranik öz xunxar dəstəsilə Qarabağın Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətlü-qarət kimi quldurlara məxsus əməlləri ilə tədhiş edib buraları "müsəlmanlardan təmizləmək" istiyordı.

Şübhəsizdir ki, hökumətimiz Azərbaycan türklərinə qarşu icra edilən və rəva görülən bu vəhşiliklərə göz yuma və istimdad fəryadlarına qulaq asmaya bilməzdi. Hökumətimiz ingilis komandasının nəzərini dəxi bugünə, vəhşi əməllərə cəlb edib Andranikin əmalivəhşiyanəsinə nəhayət çəkdirdi. Andranik fitnəsi nəticəsi olaraq Qarabağın hal və ovzayi öylə bir fövqəladə surət kəsb etdi ki, hökumətin bu cəhət həqqində xüsusi qeydkeşliyinə böyük bir ehtiyac görünüb, ciddi tədbirlər ittixazi lazım gəldi.

Bu tədbir nə ola bilərdi? Qarabağı işlər düzəlincəyə qədər müvəqqəti olaraq ümumi idarə təhdindən ayırıb xüsusi bir idarə altına almaq ki, əvvələn, Qarabağın fövqəladə-haləti mərkəzi hökumətin ümumməmləkət qeydkeşliyi işinə xələl yetirməsin, yəni hökumət bütün diqqəti yalnız bir Qarabağa münhəsir etmək məcburiyyətində qalmasın və saniyən Qarabağ dəxi fövqəladə halətinə görə lazım olan xüsusi tədbirlər ittixazindən məhrum edilməsin, o idi ki, hökumət Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağı xüsusi bir general-qubernatorluq şəklinə salmaq əmrini lazım və vacib bildi. Mərkəzi hökumətin vəkili yerində olan general-qubernatora hökumətdən bir para fövqəladə ixtiyarat veriləcəkdir ki, Qarabağın fövqəladə halətini adi bir surətə salmaq yolunda o ixtiyaratdan istifadələr etsin.

Təkrar edirik ki, aclıq, azar, yolsuzluq, əmniyyətsizlik şuriş narazılıq və sair bu kimi hadisələrdən əmələ gələn bu fövqəladə halət Andranik avantürasının nəticəsindən nəşət edən bir vaqeədir. Binaən əleyh hökumətimizin Qarabağda general-qubernatorluq təşkil etmək tədbirinə dəxi Andranik hərəkatı səbəb olmuşdur.

Andranik Azərbaycan hüduduna soxulub da vəhşiliklər icra edərkən hökumətimiz Ararat hökumətinə müraciət edib Andranikin oraya qarşu münasibəti nə olduğunu istifsar etdi. Ararat hökuməti ikiəlli Andraniki rədd edib "onun bizə heç bir dəxli yoxdur, xudsər bir adamdır",- deyə cavab verdi. Andranik dəxi öz tərəfindən erməni hökumətindən küsdügünü, təkrar-təkrar söyləməgi mövqeyi gələn yerlərdə müzayiqə etməyirdi.

Erməni hökumətinin Andranikdən üz döndərib də incimiş olduğuna və bunun da o hökumətdən küsməginə safdərunların və ya iş bilənlərin nə nəzərlə baxdıqları başqa məsələdir. Hər halda biz erməni hökumətinin sözlərinə inanmağı qərar qoyub və Andranikin erməni hökumətinə dəxli olmayan xudsər bir quldur olduğu nöqteyi-nəzərdə dayanıb öz toprağımızı və öz əhalimizi bu quldurun əlindən xilas etməgə çalışdıq və bilaxirə bu işdə müvəffəqiyyət hasil etdik. Bədə andraniklər tərəfindən vurulmuş zərbələrin yaralarını sağaltmaq üçün o zərbələrə uğramış olan yerlərimizi öz məsləhətimizə görə xüsusi bir idarə altına alıb, general-qubernatorluq təşkil etmək istədik.

Halbuki bizim bu tədbirimiz Ararat hökumətinə xoş gəlməyibdir. Bu xüsusda protest edib "Ermənistan ərazisi hüququnda təcavüz olunur",- deyir.

Bu əhvalı eşitmiş olan "Naşe vremya" adlı erməni qəzetəsi ki, Bakı erməni milli komitəsinin naşiri-əfkarıdır. Birdən-birə qorxuya düşüb "allah eləməsin ki, bu işin axırı müharibəyə müncərr ola" degib nədənsə "müharibə" sözünü tez meydana atır və gözləmədigimiz bir halda erməni cümhuriyyətinin halını fəna və müşkül bir surətdə təsvir edib, "müharibə olursa bu hal daha fəna bir şəklə girəcəyindən" bəhs edir və bəhsinə "ciddiyyət şəkli" vermək üçün ümum Azərbaycan demokratiyasına müraciət edərək "provakasiyaya uymayın",- deyə xəbərdarlıq etməklə hökumətimizin tədbirlərini fitnə və provakasiya adlandırır. Quldur Andranikin vəhşiliklərinə qarşı məzəmmət yolu ilə bir söz boylə ağzına almayan və biləks, Andranikin bir erməni "qəhrəmanı" sifətiylə sənaxani olan və onun bütün vəhşiliklərini təsvibə çalışan bu qəzetə hökumətimizin bu tədbirini gözü yummadan fitnə adlandırıb məsələnin nədən nəşət

etdiyi həqqində bir söz böylə söyləməyir və tez "müharibə" sözünü meydani-mətbuata çıxarıb, bu sözlə, Azərbaycan demokratiyasını qorxutmaqmı istəyir ki, bəlkə bu qorxu üzündən Qarabağın general-qubernatorluq təşkilinə xələl yetirsin və ya həqiqətənmi bu işin müharibəyə münçərr olacağından və müharibə olursa erməni cümhuriyyətinin halı fəna bir surətə düşəcəgindən təşvişə düşür. Burası bir dürlü anlaşılmayın Bəlkə tərəf-müqabilin "zəif olduğunu" bizə işarə edib də bizi davaya qızışdırıb ki, müharibəni biz başlayaq və bassaq da, basmasaq da təqsir bizim üzərimizə düşsün! Hər halda bu qəzetənin tez "müharibə" sözünü ortaya salması və erməni hökumətini zəif bir halda təsvir etməsi şayani-diqqətdir.

Bizə qalarsa əminik ki, hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istərkən erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç xəyalına boylə gətirməmişdir, çünki Qarabağ bizim, biz-bizim. Öz yerimizdə, öz toprağımızda nə siyaq "adminstrativ" şəkillər yapacağımız bizim öz işimizdir. Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə işlərimizə qatışmağa heç bir həqləri olmadığını özləri bilmirlərsə, o halda siyasiyatın ibtidai qaydalarından bixəbər və cahildirlər, özgələrdən ögrənsinlər. Və əlavə tutalım ki, Qarabağda general-qubernatorluq təşkili "erməni ərazisi mənafeyinə toxunur". Həman saət müharibə etmək lazım gəlirmi? Və bir də erməni-gürcü müharibəsindən sonra hər tərəfin və müttəfiqlər komandasının da rəyi bu cürə hüdud məsələlərini konfranslarla, danışıqla, sülh və sazişlə həll etmək qərarı ittixaz olduqdan sonra hüdud məsələsinə aid olan bu işdə dəxi saziş və danışıq lüzumundan bəhs etmək əvəzinə, tez müharibə sözünü araya salmaqda "Naşe vremya"nın məqsədi öz fitnəkarlıq xasiyyətini bil- dirməkdirsə, zəhmət çəkməsin, özümüz ondan da yaxşı bilirik, yox, bizi qızışdırmaq və ya sınamaq isə, onu da anlayacaq qədər dərrakə və fərasətimiz vardır.

Aramızda müharibə olarsa erməni cümhuriyyətinin halı fəna olacağına şübhəmiz yoxdur, lakin hər halda biz müharibə xəyalında degilik. Biz öz daxili islahat işlərimiz ilə məşğuluq. Müharibə etmək istəsə idik əlimizdə böyük bəhanəmiz dəxi vardı. Halbuki indi müharibəyə heç bir tərəfin, heç bir bəhanəsi yoxdur. Ararat hökuməti şükür eləsin ki, biz onun "Andranikin bizə dəxli yoxdur" sözünə inanıb da Andraniki xudsər bir quldur sifətilə torpağımızdan rədd etdik, indi də o quldurun hərəkati-vəhşiyanəsindən dolayı əhalimizə varid olan zərər və ziyanları rəf etmək işilə məşğuluq. Əgər bizim bu işimizdən erməni cümhuriyyətinə və erməni "ərazisinə" bir xələl edirsə, bu xüsusda dəlillərini meydana qoyub müzakirəyə girsinlər. Yoxsa gözü yummadan protest etmək və ya müharibədən söz salmaq fitnə və pravakatorluqdan başqa bir şey degildir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 85-88.