Dərbənd əhvalatı
Dərbəndin dabravol qoşunu tərəfindən işğal edilməsi azərbaycanlıların təbii həyəcanına mucib olmuşdur.
Əvvəl əmrdə onu deməlidir ki, hələlik bir o qədər həyəcana səbəb yoxdur. Əvvəla, burası var ki, ingilis və italyanlar Denikin qoşununun bu rəftarından əsla razı olmadıqlarını və bu işin onlardan icazəsiz icra edildiklərini qəti surətdə bəyan etmişlərdir. Əlavə olaraq italyan heyəti təmin etmişdir ki, qoşunları gəlib yetişən kibi Dərbənd ilə Pctrovskini işğal edəcəkdirlər.
Və saniyən, denikinlilər Azərbaycanın istiqlalını tanıyub da bu istiqlala qarşı heç bir sui-niyyətləri olmadıqlarını hökumətimizə bil- dirmişlərdir. Və salisən hüdudumuzu və istiqlalımızı qurmaq üçün hökumət tərəfindən lazım olan tədbirlər görülmüşdür.
Ancaq burası var ki, ingilis və italyanların sözü ilə dedikləri mətləb bizim üçün bir o qədər təsəlli ola bilməz və biz bu sözlərə inanub və uyub da arxayın ola bilmədigimiz kibi, ehtiyatımızı da əldən buraxa bilmərik. Hakəza denikinlilərin bizim istiqlalımızı “tanıması” və bizə qarşu sui-niyyət bəsləməməsi sözlərinə inanmaq üçün də uşaqcasına safdərun olmalıdır. Denikinlərin proqramı bizə məlumdur. Onların istədigi budur ki, Rusiyanı bolşeviklər əlindən alıb da təkrar əvvəlki halına salsın və qəbləl müharibə hüdudları daxilində bərqərar etsinlər.
O halda ən böyük ümid özümüzə, öz qüvvətimizədir. Biz bu qüvvənin sayəsində öz istiqlalımızı saxlaya bilsək, o halda əvvəl təhlükəni rədd edərik və saniyən, özümüzə tərəfdarlar dəxi cəlb edə bilərik.
Unutmayalım ki, Dağıstanın denikinlər tərəfindən işğal edilməsinə müsaidət verənlər ən əvvəlcə dağıstanlıların öz idarəsizligi səbəb oldu. Əgər Dağıstan millətləri arasında birlik, möhkəm ittifaq və ittihad mövcud olsaydı, dabravol qoşunları onlara bata bilməzdi və bunların bu əzm və səbatını müşahidə edən ingilislər dəxi denikinlilərə bu qədər cürət verməzdilər.
Soçi üzərinə hücum etmiş olan dabravollar qeyrətli gürcülərin himmət və ittifaqi sayəsində istilacuyanə fikirlərindən əl çəkməgə məcbur olan kimi ingilislər dəxi onların tərəfini iltizamə məcbur oldular.
Denikin dabravol qoşunu Dərbənddə qalacaqdırlarmı, ya bəri gəlmiyəcəkdirlərmi? Gəlmək istəsələr ingilis və italyanlar bunlara mane olacağmı, bunlar başqa məsələdir. Lakin bizim üçün şimaldan təhlükə mövcud olduğu məlum bir məsələdir. Bunu heç bir vaxt unutmayıb da var qüvvəmiz ilə çalışmalıyıq ki, bu şimal təhlükəsinin rəddinə qarşı həmişə və hər bir halda hazır olaq. Ona görə mümkün mərtəbə hazırlanmalı və heç bir fədakarlıqdan çəkinməməliyik.
Biz hazır olandan sonra düşməndən qorxumuz yoxdur.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 175-176.
