Yeni kabinə (II)
Üç ay dəvam edən kabinə böhranı nəhayət bitdi. Kabinə əmələ gəldi.
Kabinə böhranının bu qədər uzun çəkməsinin səbəbləri həqqında qəzetəmiz öz mülahizəsini izhar etmişdi və bu səbəblərdən ən başlıcası parlaman, əksəriyyətinin etimadını qazanmaq olduğunu söyləmişdik. Fəqət bu əksəriyyət etimadını qazanmaq arzusu parlamentarizm üsuluna riayət edilməsini təqib edən quru və rəsmi bir arzu mahiyyətində olmayıb, burada bir istiqanlılıq dəxi mövcud idi.
Məmləkəti dolandırmaq, ağ günlərə çıxarmaq, istiqlalımızı mühafizə etmək təhlükələri dəfə hazır olmaq haqqında bəslənilən xalis niyyət saiqəsilə idi ki, firqəvi mülahizələri mümkün olan qədər kənara qoyub da ümumi bir dil aramaq məcburiyyəti hiss edildi.
Nəsib bəy həzrətlərinin və kəndisi mənsub olduğu firqənin “demoqoji” üsulundan imtina edib də saziş və etilaf aramaq və bu yolda firqəvi-mənafeyi qürban etmək kimi fədakarlıqda bulunmaq təşəbbüsləri meydana tam mənası ilə “müştərək” bir hökumət çıxardı. Şübhəsiz, bu hökumət təşkili əmrində əlaqədar olan firqələrimizin hamısı bu işdə məmləkət mənafeyini firqəvi mənafelərdən əfzəl bilib mütəqabilə güzəştlər və qarşılıqlı fədakarlıqlarda bulunmaqla xalis niyyət sahibi olduqlarını isbat etdilər.
Hökumət təşkili üzərinə həvalə olunmuş Nəsib bəy Yusifbəyli həzrətlərinin böhrana bir bu qədər uzunluq vermədən bir cinsli, yəni bir firqəyə mənsub olan bir hökumət təşkilinə qadir ikən bunu etməyib də etilaf və saziş yoluyla müştərək bir hökumət təşkilinə çalışması ауrıса olaraq şayani-təqdir bir keyfiyyətdir.
İştə tam mənasilə müştərək bir hökumətimiz olub mövcud firqələrimizdən hamısının bu kabinədə əzaları vardır. Əzaları olmayanlar yalnız bir əqəliyyətdə olan erməni, rus və şairələrdir.
Yeni hökumət parlaman əksəriyyəti məzahirəti tərəfindən təmin edilmiş tabeliyindən artıq süni böhranlar vüquinə də ehtimal yoxdur.
Nəsib bəy, Səməd bəy Mehmandarov, Xudadad bəy Məlik-Aslanov həzrətləri kimi karkün bacarıq sahibi olan adamlardan əlavə bir də Fətəli xan Xoyski, Məhəmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Həmid bəy Şahtaxtlı kimi sahibi-təcrübə olan işbilənlərimizin dəxi yeni kabinəyə daxil olması bədbinlərimizi də mütməin və xoşnud edə biləcək bir fəqərədir. Demək olar ki, idareyi-məmləkət və hifzi-istiqlal əmri mötəbər və sahibi-iqtidar əllərə tapşırılıbdır. Əhali və məmləkət gələcəkdən arxayın və mütməinülqəlb olmalıdır.
Hökumət bəyannaməsi paramanda məzakirə edilərkən erməni və rus fraksiyaları tərəfindən sadir olan hərəkət o qədər dürüşt, üsulsuz və yersiz idi ki, bunu qeyd etməmək qəbul deyildir.
Əvvəla burasını deyəlim ki, müxtəlif firqələrə mənsub olan erməni fraksiyası namından cümləsinə aid olmaq üzrə bir nəfər daşnağın danışması nə qədər dürüşt bir taktikasızlıq idi. Parlamanın sol cinahını işğal etmiş və bizim sosialistlərimizlə yan-yana oturmuş olan bu “sosialist’’lər Əhməd bəy Pepinov və Cəmo bəy Hacmski kimi fəal sosialistlərin kabinəyə girməsinə iktifa etmədikləri bəs degil ki, hələ onları “Don Kixot” deyə təhqir etməyi də özlərinə rəva gördülər.
Bəyannamənin məzmununa başqa cürə təfsir vermək ovza halı özgə bir surətdə tənvir etmək və nəhayət türklərdən ibarət olan bir kabina içində erməni olmadığına görə etibar göstərməmək və bunda Azərbaycan parlamanının kürsüsündən pürhəyəcan bir surətlə elan etmək kimi qabalığın sui-təsirindən idi ki, parlaman əzaları boylə bir hərəkətdən dilgir olub erməni fraksiyasının yersiz və yalan töhmətlərini cərh və rədd etməyə məcbur oldular.
Keşiş Kravçenkonun çıxışı isə hər bir həyasızlığın fövqündə idi. Azərbaycan parlamanına əza olmaq bu növlə Azərbaycan istiqlalını qəbul etmək və bununla Azərbaycan xəzinəsinin pulunu yeməyi özünə caiz görmüş olan bu adam birdən-birə durub da “biz vahid və qeyri-qabili-inqisam Rusiya tərəfdarıyız” deməklə sadiq bir rus deyil, həyasız bir adam olduğunu göstərməklə cümlənin haqlı olaraq istikrah və nifrətinə mucib oldu.
Fəqət Azərbaycan türkləri boylə çıxışlardan dilgir olmamalıdırlar, biləks, boylə hadisələr sayəsindədir ki, biz özümüzü dostumuzu və düşmənlərimizi dürüst tanımaqla hər bir hala qarşı vəziyyətimizi təyin və təğviyyə etməyə vadar olaçağıq. Biz yeni kabinəmizə müvəffəqiyyətlər diləyib də hər fərdin, hifzi-istiqlal işində olduqca möhkəm duralım və əlimizdən gələn köməyi hökumətimizdən müzayiqə etməyəlim.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 285-286.
